№ 315 Bakı şəhəri, 22 oktyabr 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 500 nömrəli Sərəncamının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1176 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 11-ci və 12-ci hissələr əlavə edilsin:
“11. Emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.
12. Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahlı ekipajı tərəfindən ödənişsiz qaydada həyata keçirilir.”.
2. Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

