Azərbaycan 1 əsr əvvəl Türk dünyasının mərkəzi ölkəsi rolunda

post-img

Birinci Türkoloji Qurultay – 100

Dünya sürətlə dəyişir və bəşəriyyətin möhtəşəm elmi-texnoloji, iqtisadi və nəticə etibarilə həm də siyasi transformasiyalar ərəfəsində olduğu aydın sezilir. İzləməkdə olduğumuz tendensiyalar, dünya miqyasında dövlətlərarası münasibətlərin inkişafı istiqamətində formalaşmaqda olan yeni konfiqurasiyalar getdikcə daha maraqlı şəkil almağa başlayır. Hadisələrin gedişatı əminliklə söyləməyə əsas yaradır ki, türk dövlətləri üçüncü minilliyə vahid siyasət və mədəniyyət strategiyası üzrə hərəkət etmək, bu tendensiyanı uğur və qətiyyətlə davam etdirmək əzmi ilə daxil olurlar. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

100 il öncə Mustafa Kamal Atatürk Türkiyədə Cümhuriyyəti qurduğu illərdə Sovetlər Birliyinin bir gün dağılacağını, bu ölkədəki türk toplumlarının bağımsızlıqlarına qovuşacağını və Türkiyənin bu vəziyyətə hazırlıqlı olmasının vacibliyin bildirirdi. Atatürk bildirirdi ki, türklük davası bizim üçün şüurlu bir davadır. Qazinin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” mesajını əsrin sonunda Ümummilli Lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlət” deyə təsbit etdi. Bu iki türk böyüyünün cızdığı yolu 200 illik tariximizə Qələbə və Zəfər möhrü vuran Lider – İlham Əliyev Turan idealına doğru aparmaqdadır.

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu baxımdan bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bir il öncə Türk Dövlətləri Təşkilatı sammitində dünyaya “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” mesajı verən Azərbaycan Prezidentinin bu sərəncamı yalnız yubiley xatırlaması deyil, bütövlükdə türk xalqlarının mədəni birliyinin gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Çünki Birinci Türkoloji Qurultay sıradan bir elmi toplantı deyildi. O, türk xalqlarının ortaq mədəni və dil birliyinə doğru atılmış ilk sistemli addım idi. Bu gün Qurultayın 100 illiyinin keçirilməsi artıq siyasi və iqtisadi birlik yolunda olan Türk dünyası üçün əvəzsiz ideoloji təməldir. Müasir dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq əlifba və orfoqrafiya məsələsi yenidən strateji məsələ kimi aktuallaşıb. Qazaxıstan və Özbəkistanın latın qrafikasına keçməsi, Türkiyə və Azərbaycanın mövcud təcrübəsi bu prosesin real əsaslarını gücləndirir.

Müasir türkoloji mühitdə Qurultayın ideyalarının yenidən elmi əsaslarla işlənməsi və ortaq yazı sisteminin tətbiqi Türk dünyasının inteqrasiyasına xidmət edən vacib istiqamətlərdəndir. Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və dil birliyi istiqamətində atılmış strateji addım olub. Qurultay ideyalarının müasir dövrdə yenidən aktuallaşması bu birliyin dərinləşməsi üçün real imkanlar açır. Ortaq əlifba və orfoqrafiyanın yaradılması yalnız texniki məsələ deyil, həm də ortaq kimliyin möhkəmlənməsi baxımından böyük tarixi və ideoloji əhəmiyyət daşıyır. Qurultayın 100 il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatının (TDT) timsalında gerçəkləşməkdədir. Belə ki, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub. Prezident İlham Əliyev Türk dünyasını bizim ailəmiz adlandırdırır, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını daim vurğulayır. I Bakı Türkoloji Qurultayın nə dərəcədə möhtəsəm və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət daşıması haqqında əyani təsəvvür əldə etmək üçün aşağıdakı bilgilər xüsusilə diqqətçəkicidir: Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib.

Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet Birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. I Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı:

1. Əlifba məsələsi;

2. İmla-orfoqrafiya problemi;

3. Termin məsələsi;

4. Tədris-metodika məsələsi;

5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;

7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.

I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə gedirdi. Türkdilli xalqların qarşılıqlı ədəbi əlaqələrinin daha da genişləndirilməsinə stimul yaratmış Birinci Türkoloji Qurultay türkologiya problemlərinin öyrənilməsində misilsiz əhəmiyyətə malik olub. Belə ki, qurultaydan sonrakı uzun bir dövr ərzində türkdilli xalqların əlifbalarının poliqrafik və orfoqrafik əsasları, ədəbi dil, dilçilik xüsusiyyətləri, elmi terminologiya məsələləri, ana dilində dərsliklərin yazılması, lüğətlərin yaradılması istiqamətlərində xeyli iş görülüb.

Qurultay iştirakçılarının sonrakı fəaliyyəti faciəvi olub. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək repressiyaya məruz qalıb. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşiblər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbaya keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilib.

100 il öncə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi həm Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri, həm də Türk dünyasını birləşdirən bir məkan olduğunu göstərir. Sirr deyil ki, tarixən Türk dünyası ilə bağlı ən mühüm qərarlar əsasən Bakıda qəbul olunub. Eyni zamanda Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş tarixi hadisələrdən biri kimi tarixə düşüb. Qurultayda müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamının tarixi əhəmiyyəti böyükdür. Belə demək olarsa, bu qurultay Türk dünyasının rəmzlərindən, dəyərlərindən biridir və tarixdə çox mühüm yeri var.

Türk xalqlarının həyatında, taleyində mühüm rol oynayan bu mühüm hadisənin 100 illik yubileyinin keçirilməsi çox vacibdir. Çünki biz dövlətlərimiz arasında əlaqələri, münasibətləri daha da inkişaf etdirməliyik. Bunun üçün atacağımız addım da bu əlaqələrin qorunması, müxtəlif tədbirlərin, görüşlərin, konfransların keçirilməsidir. O mənada düşünürəm ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi üçün cənab Prezident tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi tarixin unudulmaması, yadda saxlanılması, türk dövlətləri arasında birliyin, həmrəyliyin gücləndiriməsi baxımından olduqca vacib və önəmli məsələdir. Bu vacib məsələ bizim gündəliyimizdə olmalı və qalmalıdır.

Qeyd edim ki, Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı, xarici qonaqlar, ümumilikdə isə 100-dən artıq alim, dilçi, tarixçi, şair, yazıçı və digər görkəmli müttəfəkkirlər iştirak edib. Bu qurultay Türk dünyasının rəmzlərindən, dəyərlərindən biridir və tarixdə çox mühüm yeri var. Qeyd etmək lazımdır ki, Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və digər əlaqəli məsələlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu məsələlər yalnız XX əsrdə deyil, müasir dövrdə də türkoloji elmin və türk xalqlarının mədəni inteqrasiyasının aktual problemləri kimi qiymətləndirilir.

Qurultay tərəfindən irəli sürülən ideyalar, ortaq yazı və dil prinsiplərinin yaradılması, elmi terminologiyanın sistemləşdirilməsi və türk xalqlarının ədəbi dilinin inkişafına dair tövsiyələr, bugünkü dövrdə də strateji və elmi əhəmiyyətini saxlayır və Türk Dövlətləri Təşkilatı Qurultayın 100 illiyində bu məsələləri yenidən gündəliyə gətirə bilər. Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması bir vəfa borcudur və bu qərarın Bakıda həyata keçirilməsi hadisənin tarixi və mənəvi dəyərini daha da artırır: “Türkoloji Qurultay ciddi qərarların müzakirə və qəbul olunduğu bir proses olub. Orada Azərbaycanın görkəmli ziyalıları ilə yanaşı, Türk dünyasının önəmli şəxsiyyətləri, o cümlədən Türkiyədən gəlmiş dahi mütəfəkkir Əli bəy Hüseynzadə və digər dəyərli şəxslər iştirak ediblər. Bu baxımdan tədbirin tarixi əhəmiyyəti böyükdür.

Azərbaycan bütövlükdə türk birliyinin strateji gələcəyini düşünən, onu qlobal sistemdə dayanıqlı güc mərkəzinə çevirməyə çalışan dövlət statusunda çıxış edir. Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi təklif, əslində, Türk dünyasının ortaq kimliyinin yenidən bərpasına çağırışdır. Azərbaycan bu çağırışı XXI əsrin reallıqları fonunda gerçəkləşdirmək üçün həm ideoloji, həm elmi, həm də mədəni əsaslar yaradır. Türk dünyasının humanitar paytaxtı kimi Bakı bu gün dilin, ədəbiyyatın, incəsənətin və təhsil inteqrasiyasının yeni mərkəzinə çevrilib.

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı,
professor



Siyasət