I MƏQALƏ
Terrorun “institutlaşması”: neqativ ənənə
Bəşəriyyət üçün hazırda terror bəlasından xilas olmaq əsas məsələlərdən biri hesab olunur. Müasir dünyanın siyasi mozaikasında tədqiqatçılar beynəlxalq terrorun yerini mütləq vurğulayırlar. Əslində isə, terror və onun müxtəlif formalarının qədim tarixə malik olduqlarını elmi araşdırmalarda yazırlar. Bir sıra elmi tədqiqatda terrorun kökünün qədim tarixə gedib çıxdığı vurğulanır (məsələn, Q.A.Antonovun dissertasiyasında). O da xüsusi qeyd edilir ki, tarix boyu terror və onun formaları transformasiyalara uğramışdır. O, fərdi zorakılıq xarakterindən qrup və kollektiv təcavüz və məhvetmə xüsusiyyətinə qədər dəyişmişdir. Müəyyən mənada bəşəriyyətin neqativ terror törətmə ənənəsi formalaşmışdır. Yəni indi terrordan daha çox bütövlükdə sosial-siyasi fenomen kimi danışırlar.
Bu qısa qeydlər heç də əsassız deyildir. İndi dünyada elə bir insan, qövm, cəmiyyət və ölkə yoxdur ki, terrordan xəbərsiz olsun. Bir sıra xalqlar əsrlərlə bu bəlaya məruz qalmışlar və mübarizə aparmışlar. Lakin terrorun sonu gəlmir...
Bundan başqa, qəribə də olsa, bəşər övladı özünü məhv etmək üçün terrorun müxtəlif üsullarını ixtira etməkdədir. Adını necə qoysalar da, terror istənilən formada insanı, insanlığı məhv edir. Kollektiv birgəyaşam formasını dağıdır, bütöv qövmün qarşısına çox ciddi problemlər çıxarır. Bir çox xalqlar faktiki olaraq ölüm-qalım savaşı verirlər.
İndi tədqiqatlarda terroru “qloballaşan cinayətkarlıq” kimi xarakterizə edən alimlər vardır (tarixçilər, politoloqlar, kulturoloqlar, filosoflar və s.) Onu milli, regional və qlobal təhlükəsizliyə təhdid hesab edirlər. Burada radikal siyasi niyyətlərin olduğundan bəhs olunur. Terrorun milli institusional strukturlaşmaya çox mənfi təsir etməsini araşdırırlar. Onun sosial mühiti müxtəlif aspektlərdə iflic etdiyindən yazırlar. Dolayısı ilə hazırda terror cəmiyyətdə sosial balansı pozur və onun bərpasına ciddi əngəllər yaradır. Qlobal səviyyədə isə terror dünyanın siyasi idarəedilməsinin sivil və hüquqi aspektinə, ədalətliliyə, humanitarlığa çox ciddi ziyanlar verir, beynəlxalq hüququ səmərəsiz edir. Buna görədir ki, müasir tədqiqatçılar “beynəlxalq terroru sosial-siyasi rejim dəyişmələrinin destruktiv modusu” kimi xarakterizə edirlər (Q.A.Antonov və başqaları).
Terror və onun müasir növləri haqqında uzun yazmaq olar. Ancaq yuxarıdakı qısa qeydlərdən belə aydın görünür ki, terror fenomeni sivil, hüquqi və qanuni sosial-siyasi institutlaşmanı pozmaqla özünün institutlaşması istiqamətində təkamülünü davam etdirir. Dünyanın elə bir regionu yoxdur ki, orada terror küləyi əsməsin. Hətta onun yeni texnologiyalardan istifadə və yeni daha incə, hiyləgər, böyük dağıdıcılıq potensialına malik təşkilatlanma üsullarına yiyələnidiyini müşahidə edə bilərik.
Bundan başqa, indi ciddi alimlər belə yazırlar ki, terror “milli, dini, geosiyasi, regional və digər sərhədlərini” aşmışdır – o, faktiki olaraq, ümumbəşəri miqyasda antiinsani, antimədəni, antisosial xarakteri almışdır. Artıq dünyada heç bir fərd, heç bir qövm və heç bir dövlət terror hədəfi olmaqdan yayına bilmir.
Özlüyündə belə bir sual meydana çıxır: terrorun bu dərəcədə “dəbə minməsi”nin, bəşər miqyasında dağıdıcılıq gücünün artmasının günahkarı kimlərdir və ya hansı siyasi kurlsardır? Niyə özünü çox güclü və hər şeyə qadir sayan “fövqəldövlətik” deyənlər terrora qarşı bu dərəcədə aciz və zavallı vəziyyətdədirlər? Necə olur ki, Azərbaycan regional miqyasda çox ciddi bəla olan terroru məğlub edir, amma dünyaya meydan oxuyan “yekə dövlətlər” bunu bacarmırlar?
Həqiqət axtarışı: kimdir günahkar?
Bu sual nə formaldır, nə də ritorikdir. İstehzası da yoxdur. Bu sual terrorla bağlı indiyə qədər danışılanların üzünə dik baxıb, bəşəriyyətin xilası üçün rol oynaya biləcək həqiqət anının axtarışına dəvətdir! Həm də bəlkə də dünyada terrordan əsrlərlə zülm görmüş bir xalqın səslənişdir!
Qərb tarixçilərinin qənaətinə görə, “terror” sözü Avropada fransız inqilablarından (XVIII əsr) sonra geniş yayılmağa başladı. Fransada 1793-1794-cü illərdə mövcud olan idarəetmə sistemini terror rejimi adlandırırlar. Amerikan analitiki B.Hoffman yazır ki, Böyük fransız inqilabı dövründən “terrorizm” termini iki mühüm məna kəsb edir.
Birincisi, müasir KİV-in təqdim etməyə çalışdığı kimi, fransız terror rejimi təsadüfi və nizamsız xarakter daşımırdı. Əksinə, nizamlı, sistemli və düşünülmüş fəaliyyət göstərirdi.
İkincisi, onun əsas məqsədi və özünə haqq qazandırmasının arqumenti “yeni və daha yaxşı cəmiyyət” yaratmaqla bağlı idi.
Bu yanaşma əsasında B.Hoffman terrorun tarixi “institutlaşması” məsələsini qaldırır. Onu cəmiyyətin sosial-siyasi dəyişikliklərinin zəruri aləti adlandırır. Belə yanaşmanı öz növbəsində terrorun “qanuniləşməsi”, onun cəmiyyətdə “yenilik alətlərindən biri” kimi təsəvvür edilməsi və həmin əsasda daha geniş məkanlara yayılmasına hüquqi əsas yaradılması istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Bu baxımdan B.Hoffmanın terroru müsbət mənada “potensial impuls” adlandırması da düşündürücüdür.
Burada tədqiqatçıların vurğuladıqları bir maraqlı məqamı mütləq vurğulamaq lazımdır. Onlar hesab edirlər ki, terrorun tarixi institutlaşmasının əlamətlərindən biri fransız anlamında onun Avropa və Rusiyada antimonarixst və inqilabi hərəkatın ideoloji bazası olmasından ibarətdir. Bu gedişat XVIII-XIX əsrlərdə terrora haqq qazandıran yeni “universal” ideologiyanı və onun fonunda isə terrorizmin yeni formasını (Terrora zorakı antidövlət fəaliyyəti kimi haqq qazandırma cəhdi. İtalyan inqilabçısı Karlo Pizakane bununla bağlı yazmışdır ki, “zorun tətbiqi yalnız cəmiyyətin diqqətini cəlb etmək üçün zəruri deyildir, həm də maarifləndirmədir, təlimdir”) meydana gətirdi.
Bizim baxdığımız mövzu üçün bu fikirlər çox vacibdir. Çünki belə görünür ki, türk ölkələri, insanları, cəmiyyətləri və dövlətlərinin əsrlərlə üzləşdiyi amansız terror prosesinin sistemli, düşünülmüş və xüsusi məqsədli özəllikləri vardır. Onun ideoloji və feili qaynağı isə əsasən Qərb olmuşdur. Eyni zamanda, inqilabçılıq adı altında həmin tendensiyanın Rusiyaya güclü yayılması bu imperiyanı da qatı düşmənə çevirmişdir.
Ayrıca, ideoloji olaraq türk dövlətçiliyinə hücumlar “daha yaxşı cəmiyyət qurmaq” kimi ibarələr fonunda həyata keçirilirdi. Hesab edirdilər ki, bu kimi ideya bəhanələri ilə həmişəlik olaraq türk xalqlarına qarşı apardıqları soyqırımlara, terrorlara haqq qazandıra biləcəklər. Məsələ bu dərəcədə geniş və dərindən qoyulmuşdu.
Daha geniş aspektdə belə bir vəziyyət türk dövlətçiliyinin XVIII əsrdən başlayaraq “terror mühasirəsi”nə alınmasını əks etdirir. Bu tezisin sübutu üçün konkret olaraq Azərbaycana terrorun tətbiqinin dövlətçilik kontekstində bir sıra xronoloji, ideoloji və zorakı özəlliklərinə baxaq.
Azərbaycan dövlətçiliyinə qarşı iki istiqamətdən sistemli terror
Əsasən XVII əsrdən başlayaraq Səfəvi və Osmanlıya qarşı həm Qərb, həm də Rusiya imperialist dairələri təcavüzkar fəaliyyətlərinə başladılar. Buna qədər 1514-cü ildə Səfəvi ilə Osmanlı imperiyasının hərbi toqquşması olmuşdu. İki türk imperiya dövlətinin, təəssüf ki, ittifaqı və ya düşmənə qarşı birləşmə meyilləri hiss edilmirdi. Onları qarşı-qarşıya qoyanlar tədricən hər ikisini əllərində olan bütün imkanlardan istifadə edərək vurmağa başladılar. Proseslər göstərdi ki, bura ideoloji təxribatlar, hərbi zərbələr, qarşıdurma yaratmaq cəhdləri və əsas olaraq terror daxildir. Tarixi xronologiyaya nəzər salaq.
1651-1653-cü illərdə birinci Rusiya-Səfəvi müharibəsi oldu. Səfəvilər müharibədə qalib gəldilər. Xatırladaq ki, Avropada 1648-ci ildə Vestfal Sazişi ilə öz aralarında sülh yaratmağa çalışırdılar. Məhz həmin dönəmdə Səfəvi, Rusiya və Osmanlının bir-biriləri ilə qanlı savaşlar aparmaları düşündürücüdür. Sonrakı illərdə, XVIII əsr boyu - 1722-1723-ci illər, 1730-1732-ci illər, 1734-1735-ci illər, 1795-1796-cı illərdə Səfəvi-Rusiya müharibələri oldu. Bu müharibələrin əsasən qalibi Səfəvi olmuşdur. Osmanlı İmperiyası ilə Rusiya imperiyasının aralarında apardıqları müharibələrin sayı XIX əsrin ikinci onilliyi də daxil olmaqla, 8 olmuşdur.
Deməli, XVII əsrdən başlayaraq XIX əsrin ilk iki onilliyinə qədər Səfəvi, Osmanlı və Rusiya arasında çoxlu sayda müharibələr baş vermişdir. Azərbaycan üçün ən faciəlisi Rusiyanın təcavüzünə qarşı aparılan müharibələrin nəticəsi olaraq imzalanan Kürəkçay (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri idi. Çünki Azərbaycanı iki yerə parçaladılar – Şimali və Cənubi Azərbaycana böldülər. Şimali Azərbaycan Rusiyanın nəzarətinə keçdi, Cənubi Azərbaycan isə Qacarların nəzarətində qaldı.
Ancaq anti–Azərbaycan siyasəti bunlarla yekunlaşmadı. Aydın hiss edilirdi ki, əlinə fürsət keçmiş imperialist dairələr, ümumiyyətlə, Azərbaycan (türk) dövlətçiliyini məhv etməyi qarşılarına məqsəd qoymuşlar. Bunu Türkmənçaydan sonrakı proseslər sübut edir. Ayrıca, İrəvan xanlığı hələ 1827-ci ildə işğal olunmuşdu. 1828-ci ildən sonrakı dönəmdə isə Zəngəzur, Zəngibasar, Göyçə, Borçalı və digər ərazilər işğal edildi.
Bununla yanaşı, XIX əsrin ikinci yarısından yeni bir terrorla təsiretmə xətti – erməni terroru yaratdılar. Azərbaycan dövlətçiliyi faktiki olaraq iki istiqamətdən, birincisi, Rusiya imperiyasının dövlət kimi hərbi yürüşləri, ikincisi, Qərb və Rusiyanın yaratdığı yeni təcavüz xətti – erməni terrorunun çarpaz fəaliyyətlərinə məruz qalmağa başladı.
Bu vəziyyət Azərbaycan dövlətçiliyinin sonrakı taleyi baxımından dönüş nöqtəsi kimi təsəvvür edilə bilər. Lakin onun təməlində Rusiya imperiyasının artıq Azərbaycanı siyasi və ərazi olaraq iki yerə parçalamasından yaranan mənzərə dayanırdı. Yəni erməni terrorunun aktiv fəaliyyəti üçün havadarları və himayədarları siyasi və coğrafi bazanı hazırlamışdılar. Onun ideya sütununu isə əsasən Qərbdə hazırlanmış prinsiplər müəyyən edirdi. Sonrakı proseslər göstərdi ki, həmin ideya prinsipi elə də mürəkkəb deyildir. Onun başlıca məzmunu ermənilərə müraciətən “harda müsəlman, türk gördün öldürmək tarixi haqqındır, çünki sən qədim mədəniyyətə, dövlətçilik ənənəsinə maliksən və türklərin məskən saldığı hər yer sənindir”, deyirdilər və onu sənədlərdə yazırdılar.
Bununla havadarları erməni terrorunun fəlsəfi-ideoloji məzmununu hazır şəkildə ortaya qoydu. XIX əsrin ikinci yarısından tədricən həmin ideoloji prinsip əsasında radikal erməni qrupları yaratdılar və onları terror təşkilatı formasında təkmilləşdirməyə başladılar. Başlıca məqsədləri Azərbaycan (türk) dövlətçiliyini məhv etmək olan həmin erməni vəhşi qrupları ağalarının əmrlərini tam yerinə yetirməyə çalışdılar. Bunun başlıca əlaməti terrorçuların olduqca amansız və misli görünməmiş vəhşi üsullarla müsəlmanları və əsasən azərbaycanlıları, osmanlıları məhz etməkdən ibarət oldu. Burada iki tendensiya özünü göstərməyə başladı.
Birincisi, ermənilər hansı səviyyədə terror və dağıdıcılıq edirdilərsə, Qərbdə və Rusiyada ona haqq qazandırır və ya ən azından fikir vermirdilər.
İkincisi, azərbaycanlılar nə etsələr, onu günahkar çıxarırdılar və üstəlik, erməni terroruna qarşı mübarizə aparmaq haqlarını tanımaq istəmirdilər. Səfəvi və Osmanlı zəif olduqlarından bu prosesin qarşısını almaqda aciz qaldılar.
XIX əsr məhz bu ruhda sonuncu onilliyinə qədəm qoydu. Və daha güclü erməni terror hərəkatı həmin dönəmdən vüsət almağa başladı. Bu prosesin göstəricisi qısa müddətdə - 1885-ci il - 1890-cı illər müddətində, üç müxtəlif coğrafiyada eyni məqsədli üç erməni terror təşkilatının yaradılmasıdır. 1885-ci ildə Osmanlıda “Armenakan”, 1887-ci ildə İsveçrədə “Hnçak” və 1890-cı ildə Tiflisdə “Daşnaksütun” meydana gəldi. Bu, erməni terrorunu həm məzmun və məqsəd, həm də funksiyaca yeni səviyyəyə yüksəltmək demək idi ki, çox keçmədən bütün Qafqaz onun şahidi oldu.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

