(əvvəli qəzetin 8 noyabr tarixli sayında)
Şuşa şəhəri əsası qoyulduğu vaxtdan Azərbaycanın milli və mədəniyyət mərkəzi olmaqdan əlavə, həm də strateji mövqeyi ilə mötəbər müdafiə qalası olmuş, ətraf bölgənin nəzarət altında saxlanması üçün əlverişli məkana çevrilmişdi. Birinci Qarabağ savaşı zamanı şəhərin məsuliyyətsizlik və xəyanətin qurbanı olması çevrədəki yaşayış məntəqələrinin və rayonların da müdafiəsini zəiflətmiş və işğal olunmasını asanlaşdırmışdı.
Bu şəhərin işğal altında saxlanmasına nail olmaq üçün Ermənistanın keçmiş müdafiə naziri buradakı müdafiə işlərinə rəhbərliyi öz üzərinə götürmüşdü. Rəsmi şəkildə Şuşanın müdafiəsinə rəhbərlik etmədiyini bildirən Ermənistanın keçmiş müdafiə naziri öz ətrafında könüllü dəstə formalaşdıraraq Azərbaycanın hərbi qüvvələrinə qarşı müqaviməti gücləndirməyə çalışırdı. Bununla bağlı, qondarma qurumun rəhbəri ona, hətta öz təşəkkürünü də elan etmişdi.
Amma Azərbaycanın xüsusi təyinatlı hərbi qüvvələrinin möcüzəvi şəkildə Şuşaya daxil olması və bu şəhərdə dislokasiya olunmuş erməni hərbi qüvvələrinin neytrallaşdırılması onların göstərdiyi şücaət və qəhrəmanlıq erməni hərbi qüvvələrinin müqavimət gücünü məhv etdi. Ona görə də əlavə erməni hərbi qüvvələrinin Şuşaya cəlb edilməsi, bu şəhərdəki qüvvələrin yenidən təşkilatlandırılması üçün görülən tədbirlərin heç bir nəticəsi olmadı.
Şuşaya toplanmış olan erməni generalları, onların rəhbərliyi altında olan erməni qarnizonu Azərbaycan Ordusunun, ölkəmizin xüsusi təyinatlı qüvvələrinin sarsıdıcı zərbələri altında parça-parça oldular. Azərbaycanın gücü qarşısında aciz duruma düşən erməni generalları, böyük ümidlərlə bu şəhəri qoruyacağını bəyan etmiş Ermənistanın keçmiş müdafiə naziri isə elə noyabr ayının 6-da Şuşadan qaçmaqla öz canlarını xilas edə bildilər.
Şuşanın azad edilməsi döyüşünün iştirakçılarından birinin açıqladığı məlumata görə, xüsusi təyinatlı qüvvələrdən təşkil edilmiş hücum dəstələrindən biri meşələrdən, keçilməz qayalardan, dağ cığırlarından adlayaraq Şuşanın ətrafındakı erməni qüvvələri ilə qəfil şəkildə rastlaşdılar. Xüsusi təyinatlı qüvvələr rastlaşdıqları erməni postunu səssiz-səmirsiz alandan sonra üç gün orada qalıb əsas qüvvələrin yetişməsini gözlədilər.
Şuşa döyüşünün başqa bir iştirakçısı iştirak etdiyi döyüşü belə təsvir edirdi: “Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni əsgərinin biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi. Çünki onlar bizim yollardan hücum edəcəyimizi güman edirdilər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatlar olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi.
Biz qayaları dırmaşıb əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəyəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb-çıxarmışam həmin hücum anı. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı. Panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks–istiqamətlərə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı 1 il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər”.
Prezident İlham Əliyev isə xüsusi təyinatlı qüvvələrin Şuşa şəhərinin erməni işğalından azad edilməsi sahəsindəki xidmətlərini belə dəyərləndirirdi: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər.
Yəni sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir”.
Şuşa yürüşündə iştirak etmiş digər döyüşçülərin də xatirələrindən göründüyü kimi, bu şəhərin azad edilməsi üçün əlbəyaxa döyüşlərdən geniş istifadə olunmuşdu. Çünki qeyd edildiyi kimi, xüsusi təyinatlı qüvvələrin ilk bölmələri və dəstələri şəhərə soyuq və şəxsi silahlarla daxil ola bilmişdilər.
Şəhərin azad edilməsinin tarixi bənzərsizliyi onda idi ki, erməni hərbi-siyasi rəhbərliyinin, bütünlükdə dünya erməniliyinin və onların havadarlarının qorunub saxlanmasına xüsusi diqqət yetirdiyi və bunun üçün bu şəhərə böyük bir qarnizon toplandığı halda Azərbaycanın ilkin olaraq kiçik saylı hərbi qüvvələri bu şəhərin mühüm məntəqələrini əlbəyaxa döyüşlərlə ələ keçirmişdilər.
Azərbaycan döyüşçülərinin bu hünərini son nəhayətdə həm ermənilər, həm də onların himayədarları da etiraf etmək məcburiyyətində qalmışdılar. Məsələn, Fransanın “Le Monde” qəzetinin Xankəndidəki müxbiri yazırdı ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaqla yaralanmışdılar. Güllə yaraları tapança yaraları idi. Bu o deməkdir ki, Şuşa şəhəri Azərbaycan döyüşçüləri ermənilərlə əlbəyaxa olaraq döyüşmüş və bu şəhəri azad etmişdilər.
Fransadan olan erməni könüllüsü Şuşada erməni döyüşçülərinin qarşılaşdığı vəziyyəti Azərbaycan döyüşçüləri tərəfindən yaradılmış cəhənnəm kimi qələmə vermişdi. Onun fikrincə, belə bir cəhənnəmlə qarşılaşan erməni döyüşçüsü çox çətin ki, bir də elə bir vəziyyətə düşməyə razı olar. Bu erməni demişdi ki, Azərbaycan xüsusi təyinatlıları ölüm mələyi kimi hiss edilmədən, 3-4 nəfərlik qruplarla hücum edir və hücum etdikləri səngərlərdə ən azı 20-30 erməninin meyitini qoyub çıxırdılar. O, Azərbaycan döyüşçülərini duman içində irəliləyən və gecə vaxtları ov edən ac canavarlara bənzətmişdi.
Fransalı erməni onu da bildirmişdi ki, 1500 erməni döyüşçüsünün 5-6 Azərbaycan döyüşçüsündən qorxaraq qaçdıqlarına görə qınaq obyekti olmalarını qəbul etmək olmaz. Onun fikrincə, bu 1500 erməni döyüşçüsü qaçmasaydı, onlar 5-6 azərbaycanlının əlində məhv olacaqdılar. Şuşa daxilində baş verənləri isə bu fransalı erməni könüllüsü dəhşət adlandırmışdı.
Dağlıq Qarabağ ətrafında XX əsrin 80-ci illərində başlanan millətçi-separatçı hərəkatın ideya rəhbərlərindən olan bədnam Z.Balayan kimi bir qaniçənin oğlu isə Azərbaycan döyüşçülərinin şücaətini belə təsvir etmək məcburiyyətində qalmışdı: “Bu, əfsanəvi əməliyyat idi. Sizə səmimi deyirəm. Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər. Ancaq mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, bu azərbaycanlılar bu cür dağ əməliyyatlarına sadəcə yaxşı hazırlaşmışdılar. Çünki Şuşanı götürəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.
Noyabrın 6-sı Şuşanın taleyinin müəyyənləşdirilməsi baxımından həlledici gün oldu. Şəhərin girişlərində də güclü müdafiə sistemi yaradılmışdı. Azərbaycan bölmələrinin hücum edəcəyi istiqamətlərdə böyük erməni qüvvələri yerləşdirilmişdi. Həmin istiqamətlərdən erməni müqavimətinin çox ciddi olacağı məlum idi. Ona görə də şəhərə giriş istiqamətlərindən biri kimi, Şuşa ətrafındakı sıldırım qayalıqlar seçildi. Həmin istiqamət ermənilər tərəfindən xüsusi təhlükəli bir istiqamət kimi götürülmürdü. Xüsusi təyinatlı qüvvələr bir daha nəyə qadir olduqlarını nümayiş etdirdilər və ermənilərin gözləmədiyi qayalıqlardan dırmanmaqla şəhərə daxil oldular.
Şəhərə daxil olmuş Azərbaycanın xüsusi təyinatlı qüvvələri gün ərzində yaxın döyüşləri davam etdirməklə erməni hərbi qüvvələrinin şəhərdə yenidən mökəmlənmək üçün göstərdikləri bütün cəhdlərin qarşısını aldılar. Azərbaycan qüvvələri şəhərə daxil olduqdan sonra erməni hərbi-siyasi rəhbərliyi iki dəfə öz qüvvələrini səfərbər etməklə Şuşaya nəzarəti yenidən bərpa etməyə cəhd göstərdilər. Ermənistanın baş naziri çox böyük təəssüflə öz xalqına çatdırırdı ki, bu cəhdlərin hər ikisi uğursuzluğa düçar oldu.
Şuşanın işğal altında qorunub saxlanması üçün noyabr ayının 6-da kənardan bu şəhərə erməni zirehli texnikasının gətirildiyi də müşahidə edildi. Güman edilirdi ki, bu zirehli texnikanı erməni hərbi komandanlığı cəbhənin Ağdam istiqamətindən çıxararaq Şuşaya gətirmişdi. Lakin bu zirehli texnika da ermənilərin köməyinə çatmadı və şəhərdəki Azərbaycan hərbi qüvvələrini sıxışdırmaq mümkün olmadı. Kənar müşahidəçilərin qənaətincə, Azərbaycan hərbi qüvvələri noyabrın 6-da artıq şəhəri tamamilə erməni qüvvələrindən təmizləyə bilərdi. Lakin bu qüvvələr Azərbaycanın əsas qüvvələrinin Şuşaya gəlib yaxınlaşmasını, həmin qüvvələr tərəfindən şəhərin əhatələnməsini və giriş-çıxış yollarının tam şəkildə nəzarət altına alınmasını gözləməli oldular.
Erməni təbliğat mənsubları noyabrın 6-da da erməni ordusunun məğlubedilməzliyi, Şuşa ətrafında az qala bütün Azərbaycan Ordusunun məhv edilməsi haqqında uydurmalar tirajlasa da, xarici mətbuat orqanları elə həmin gün Şuşada Azərbaycan bayrağının artıq dalğalanmağa başlaması, ermənilərin məğlubiyyətlə barışaraq Xankəndiyə tərəf geri çəkilməsi haqqında məlumatları dərc etməyə başlamışdılar. Belə məlumatlar Rusiyanın və Fransanın kütləvi informasiya vasitələrində işıq üzü görmüşdü.
Gün ərzində Şuşanın ətrafında və cəbhə xəttinin digər sahələrində də gərgin döyüşlər davam etdi. Bu döyüşlərdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr erməni silahlı qüvvələrinin süqutunu daha da yaxınlaşdırdı. Belə sarsıdıcı zərbələrdən sonra Ermənistandan gətirilmiş 522-ci və 566-cı motoatıcı alaylar döyüş xəttinə çıxmaqdan imtina etdilər, Xankəndi yaxınlığında başqa bir böyük silah-sursat anbarı sıradan çıxarıldı, Xocavənd istiqamətində bir erməni generalı və iki polkovniki məhv edildi. Başlıcası isə Azərbaycanın hərbi qüvvələri Şuşa daxilində və xaricində möhkəmləndilər və cəbhəboyu erməni ordusuna vurulmuş sarsıdıcı zərbələr bu ordunu məhv olmaq dərəcəsinə çatdırmaqla Şuşa ətrafındakı erməni qüvvələrinə əməli kömək göstərilməsi imkanlarını minimuma endirdilər.
Bununla belə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Şuşa şəhərinin işğal altında saxlanması üçün bütün güclərini səfərbərliyə aldılar, şəhəri raketlərlə atəşə tutmaqdan belə çəkinmədilər. Amma erməni hərbi qüvvələri Azərbaycan Ordusunun zərbələri qarşısında duruş gətirə bilmədilər və çoxlu sayda itki verərək şəhəri tərk etmək məcburiyyətində qaldılar.
Noyabr ayının 7-də Şuşa şəhərinin taleyi həll edildi və bu şəhər Azərbaycan Ordusunun qalib hücumu ilə erməni işğalından tamamilə azad edildi. Yəni məğlubedilməzliyi haqqında saxta miflər və uydurmalar yaradılmış erməni ordusu qərar tutduğu son dərəcə əlverişli mövqelərin təbii üstünlüklərinə baxmayaraq, Azərbaycan Ordusu qarşısında məğlub duruma düşdü. Bununla Azərbaycan xalqının qürur simvolu olan və 28 il erməni işğalı altında böyük dağıntılara məruz qalan Şuşa şəhəri yenidən öz azadlığına qovuşdu.
Həmin gün Şuşa Şəhər İcra Hakimiyyətinin binası da erməni qüvvələrindən təmizləndi. Gündüz Səfərlinin rəhbərlik etdiyi xüsusi təyinatlı bölmənin şəxsi heyəti üzərində şəhid yoldaşlarının adı yazılmış Azərbaycan bayrağını binanın damına qaldırdılar. Bayrağı xüsusi təyinatlıların kapitanı Rəşad Məmmədov binanın üzərinə sancdı. Üçrəngli Azərbaycan bayrağı bu bina üstündə dalğalanmağa başlayanda bölmənin şəxsi heyəti Azərbaycan himnini oxudular. Ardınca isə döyüşçü Yaşar Hüseynovun verdiyi azanın səsi havaya yüksəldi.
Bu şərəfli və qürurlu tarixi hadisə ilə bağlı noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlər xiyabanında olarkən İlham Əliyev radio və televiziya ilə Azərbaycan xalqına müraciət etdi və tarixi qələbənin sevincini Azərbaycan xalqına belə çatdırmışdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq”.
Bu böyük Zəfərin xəbərinin Şəhidlər xiyabanından elan edilməsi heç də təsadüfi deyildi. Bunu respublika Prezidenti özü də bəyan etmişdi. Belə bir sevincli xəbərin Şəhidlər xiyabanından elan edilməsi Vətən torpaqları uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə ehtiram və onların axıtdıqları qanın qisasının alınmasına bir işarə idi. Ulu öndərin məzarının ziyarət edilməsi isə onun siyasi uzaqgörənliyinin və arzularının həyata keçməsinin təsdiqi idi.
Prezident İlham Əliyev xalqa müraciətində yalnız Şuşa zəfərinin sevincini bölüşmədi. Ali Baş Komandan həm də bu zəfərə yol açan amillər kompleksinin şərhini vermişdi. Bu amillərin mahiyyəti ondan ibarət idi ki, Şuşa zəfərinin qazanılması Azərbaycanın dövlət rəhbərliyinin uzunmüddətli, çoxsahəli və məqsədyönlü siyasətinin və fəaliyyətinin məntiqi nəticəsi idi.
Dövlət başçısı İlham Əliyev öz müraciətini belə tamamlamışdı: “17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Hikmət Mirzəyevə zəng etdi və Şuşa şəhərinin azad edilməsində bu qüvvələrin göstərdiyi tarixi xidmətlərə görə öz təşəkkürünü bildirdi.
Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisəyə çevrildi. Məhz bu şəhərin azad edilməsi ilə müharibənin gedişində çox böyük strateji üstünlük əldə edildi, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqının, dövlətinin və ordusunun qarşısında diz çökməyə məcbur olaraq noyabr ayının 10-da kapitulyasiya sənədini imzalamalı oldu. Şuşa şəhərinin erməni işğalından təmizlənməsi Azərbaycan xalqının Vətən müharibəsindəki böyük Zəfərinə və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yol açdı.
İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Şuşa da erməni millətçi-təcavüzkarlarının ən sərt üzü ilə qarşılaşmalı olmuşdu. Bu şəhər demək olar ki, bütünlüklə dağıdılmış, az qala bir xarabalığa çevrilmişdi. Şuşanın işğaldan sonrakı görünüşü əslində, erməni faşizminin mahiyyətinin əyani nümayişi idi. Burada heç bir mədəniyyət və təbiət abidəsinə rəhm edilmədən dağıdılmış, Azərbaycan tarixini və mədəniyyətini xatırladan hər şey vəhşicəsinə məhv edilmişdi.
Prezident İlham Əliyev erməni işğalının davam etdiyi vaxtda Şuşada yaranmış vəziyyəti belə təsvir etmişdi: “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır”.
Şuşanın azad edilməsindən dərhal sonra da Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin bərpa edilməsinə və dirçəldilməsinə başlandı. Respublika Prezidentinin də qeyd etdiyi kimi, bu miqyaslı işlərin aparılması üçün Azərbaycan təkbaşına, öz imkanlarını səfərbərliyə almalı oldu. Əslində, böyük Zəfərin əldə edilməsindən sonra işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq meydanına çevrildilər. Erməni faşizminin, təxminən, 30 il ərzində söküb-talayıb tanınmaz hala qoyduğu Azərbaycan torpaqlarında yeni həyat canlanmağa başladı.
Şuşada həyata keçirilən tikinti-quruculuq işləri bütünlükdə azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin tərkib hissəsi olsa da, bu şəhərin dirçəldilməsinə respublika rəhbərliyi xüsusi diqqət yetirirdi. Bu münasibəti ölkə rəhbəri İlham Əliyev belə dəyərləndirmişdi: “İndi isə biz Şuşaya qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq”.
Qarşıya qoyulan tarixi vəzifələri uğurla yerinə yetirilməsi üçün Şuşaya yeni bir yol çəkildi və bu yol Zəfər yolu adlandırıldı. Mürəkkəb coğrafi ərazilərdən keçən bu yola respublika Prezidenti tərəfindən əldə edilmiş tarixi qələbənin şərəfinə Zəfər yolu adı verildi. Eyni zamanda şəhərin digər infrastrukturunun bərpasına və yenidən qurulmasına başlandı.
Prezident İlham Əliyev çıxışlarının birində Şuşanın dirçəldilməsi üçün görülən işlərin miqyasını belə qeyd etmişdi: “Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi”.
Sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı. Şuşanın işğaldan azad edilməsindən sonrakı ilk ildə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verildi, 960 şagirdlik 1 nömrəli ümumtəhsil məktəbinin təməli qoyuldu, yeni və əzəmətli bir məscidin təməli qoyuldu, “Qarabağ” hotelinin açılışı oldu, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı oldu, onun məqbərəsinin təmiri üçün böyük işlər görüldü və tamamlandı, xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi bərpa edildi, Üzeyir Hacıbəyovun yeni heykəlinin açılışı oldu, vaxtilə ermənilər tərəfindən Şuşa şəhərində Üzeyir Hacıbəyovun, Natəvanın və Bülbülün güllələnmiş heykəlləri yenidən öz əvvəlki yerlərinə qaytarıldı.
Şuşanın tarixi binalarının bərpasının və yeni yaşayış binalarının tikintisi sonrakı illərdə də davam etdirildi. Şəhərin tarixi arxitekturası gözlənilir, bu arxitekturaya yad olan binaların tikintisinə yol verilmir. Artıq minlərlə məcburi köçkün yeni tikilmiş məhəllələrdə məskunlaşıb.
Şuşada artıq “Xarıbülbül” festivalı bərpa edilib. Hər il Vaqif poeziya günləri keçirilir. 2022-ci ildən şəhərdə bir sıra respublika və beynəlxalq miqyaslı məclislər keçirilib. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilib. 2023-cü il üçün isə Şuşa şəhəri “Türksoy”un qərarı ilə “Türk dünyası mədəniyyət mərkəzi” olub.
Təxminən, 30 il doğma nəfəsdən uzaq düşsə də, Şuşa 5 ildir ki, azaddır və tarixinin, bəlkə də ən sürətli inkişaf dövrünü yaşayır. Bu şəhər uzun əsarətdən sonra doğma insanlara qucaq açdığı kimi, doğma insanlar da onu dirçəldirlər, qeyrət qalasının tarixi şöhrətini, müqəddəsliyini özünə qaytarırlar. Şuşada həyat gündən-günə qaynarlaşır. Şuşa şəhəri yenidən xoş günlərini yaşayır.
Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru


