Konstitusiya və Suverenlik İli – 2025
Hər bir dövlətin varlığı və dayanıqlığı onun suverenliyinin, hüquqi əsaslarının və milli iradəsinin bərabər balansda qorunmasından asılıdır. Dövlətin hüquqi çərçivəsi, onun siyasi sabitliyinin və ictimai rifahının təminatçısı kimi çıxış edir. Müasir dövrdə Azərbaycan Respublikası bu prinsipin parlaq nümunəsini nümayiş etdirərək, suveren dövlətçilik ideyasını reallığa çevirib. Bu uğurun təməlində isə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən müasir reallıqlara uyğun şəkildə davam etdirilən ardıcıl siyasi xətt dayanır. Azərbaycan xalqının əsrlərlə formalaşmış milli kimliyi və dövlətçilik ənənəsi bu gün müstəqil respublikanın ideoloji dayaqlarını təşkil edir.
Azərbaycanın inkişaf konsepsiyası hüquqi dövlət və sosial rifah ideyasının qarşılıqlı vəhdətinə əsaslanır. Hüquqi dövlət təkcə qanunların mövcudluğu deyil, həm də onların ədalətli və effektiv tətbiqini nəzərdə tutur. Bu baxımdan Azərbaycan Respublikasında aparılan institusional islahatlar — məhkəmə sisteminin müasirləşdirilməsi, idarəetmədə şəffaflıq və hesabatlılığın artırılması, korrupsiyaya qarşı kompleks tədbirlər hüquqi sistemin sabit inkişafını təmin edən mühüm faktorlardandır. Belə ki, 1998-ci il 1 dekabr tarixində qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun ölkədə üçpilləli məhkəmə sisteminin formalaşmasına hüquqi əsas yaratdı. Bu islahat nəticəsində Azərbaycanın hüquq sistemi sovet dövründən miras qalan köhnə strukturlardan tamamilə uzaqlaşdırılaraq demokratik prinsiplər üzərində yenidən quruldu. Məhkəmə-hüquq sahəsində aparılan dərin dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsi təsis olundu, 2000-ci ildən etibarən isə müstəqil və şəffaf fəaliyyət prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi tətbiq edilməyə başladı. Bu model əvvəlki məhkəmə mexanizmlərindən kəskin surətdə fərqlənərək, insan hüquq və azadlıqlarının qorunmasına daha güclü təminat gətirdi. Bu da ölkənin beynəlxalq imicini qanunun aliliyinə əsaslanan müasir dövlət kimi möhkəmləndirir.
Ulu öndər 2003-cü il oktyabrın 1-də Prezident seçkiləri ərəfəsində xalqa müraciəti zamanı demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2020-ci ildəki Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Azərbaycanın müstəqillik tarixi göstərir ki, dövlətin möhkəm dayaqlarını təmin edən üç sütun olan, ordunun formalaşdırılması, hüquqi dövlətin qurulması və milli ideologiyanın bərpası prosesləri məhz Heydər Əliyev dövründə strateji prioritet kimi müəyyən olunub. Ulu öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar həm də milli ruhun yenidən oyanışı idi. Ümummilli liderin təşəbbüsü ilə yaradılan ali hərbi məktəblər, gənc zabitlərin xaricdə təhsil alması üçün geniş imkanların yaradılması, orduya milli ideya və vətənpərvərlik ruhunun aşılanması bu günün qalib Azərbaycan Ordusunun əsasını təşkil edir. Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi Qələbə Heydər Əliyevin illər əvvəl təməlini qoyduğu güclü, intizamlı və yüksək döyüş qabiliyyətinə malik ordunun nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruq” əməliyyatı da Ulu öndərin “Azərbaycan müstəqil dövlət kimi əbədi yaşayacaq” ifadəsinin reallaşması idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçilik tariximizdə həm simvolik, həm də strateji addımdır. Bu qərar iki fundamental hadisənin – Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illiyinin vəhdətini təcəssüm etdirir.
Azərbaycanın həqiqi milli Konstitusiyası yalnız müstəqillik əldə olunduqdan sonra mümkün oldu. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” gələcək dövlət quruculuğunun hüquqi əsasını qoydu. Lakin 1991-1993-cü illərdəki siyasi qeyri-sabitlik, idarəetmədə xaos və hakimiyyət böhranı ölkədə yeni Konstitusiyanın qəbulunu mümkünsüz etmişdi. Bu vəziyyətin dəyişməsi Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə baş verdi. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar qatıldı. Sədr isə Ulu öndər Heydər Əliyev seçildi. İlk növbədə siyasi sabitlik, hüquqi nizam və dövlət institutlarının bərpası istiqamətində addımlar atdı. Ümummilli lider deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Yaradılmış komissiya tərəfindən çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlanıb 1995-ci il oktyabrın 15-də ictimai müzakirəyə təqdim olundu, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi ilə Azərbaycanın müstəqillik dövründə ilk milli Konstitusiyası 94,5 faiz səs çoxluğu ilə qəbul edildi.
Konstitusiyada BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı il Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı və digər beynəlxalq sənədlərin prinsipləri əks olunmaqla, Azərbaycan hüquqi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edildi. Bu, həmçinin ölkəmizin demokratiya və insan hüquqları sahəsində qlobal öhdəliklərə sadiqliyinin göstəricisidir.
Azərbaycan Konstitusiyasına sonrakı illərdə üç dəfə 2002, 2009 və 2016-cı illərdə – ümumxalq səsverməsi (referendum) yolu ilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər cəmiyyətin sosial-siyasi inkişaf dinamikasına uyğun olaraq dövlət idarəetməsinin çevikliyini artırmağa yönəlmişdi. 2002-ci il referendumunda əsas məqsəd dövlət hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün təkmilləşdirilməsi və idarəetmənin effektivliyinin artırılması idi. 2009-cu ildə edilən dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarının təminatını genişləndirdi, medianın və ictimai iştirakçılığın hüquqi bazasını möhkəmləndirdi. 2016-cı il referendumunda isə konstitusion idarəetmədə institusional modernizasiya həyata keçirildi: vitse-prezidentlik institutu təsis olundu, icra hakimiyyəti sisteminin struktur çevikliyi təmin edildi, gənclərin və ailə institutunun dövlət siyasətində rolu konstitusion status qazandı.
Azərbaycan Respublikasının Konstitusiyası milli suverenliyin ideoloji rəmzi kimi çıxış edir. Konstitusiyada əksini tapan “Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyi və konstitusiya quruluşu” prinsipləri bu gün də dövlətin daxili və xarici siyasətinin əsas istiqamətini müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətin hüquqi və ideoloji inkişafının məntiqi davamı kimi çıxış edir. Bu təşəbbüs Konstitusiyanın 30 illiyinə verilən ən yüksək siyasi qiymət olmaqla yanaşı, hüquqi dövlətçilik prinsipinin daha da möhkəmləndirilməsi məqsədini daşıyır.
2023-cü ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycan dövlətçiliyinin və hərbi gücünün siyasi manifestinə çevrildi. Bu hadisə Ulu öndərin “Qarabağ Azərbaycandır və nida” prinsipinin əyani təsdiqi olmaqla yanaşı, həm də dövlətin suverenlik atributlarının tam bərpa olunduğunu dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində açıqladı: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”.
Bu gün Azərbaycanın siyasi sistemi, ordu quruculuğu və hüquqi islahatları bir-biri ilə sıx şəkildə bağlı olan vahid dövlətçilik mexanizmini təşkil edir. Bu mexanizmin ideoloji nüvəsini Heydər Əliyev irsi, onun “hüquq və ədalət üzərində qurulan dövlət” fəlsəfəsi formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu fəlsəfə Azərbaycanı Cənubi Qafqazın ən güclü, müstəqil və hüquqa əsaslanan dövlətinə çevirib.
“Konstitusiya və Suverenlik İli” isə bunun davamı kimi, həm ulu öndərin dövlətçilik irsinə ehtiramın, həm də gələcəyə yönəlik strateji baxışın ifadəsidir. Bu il təkcə tarixə qayıdış deyil, həm də hüquqi və mənəvi qələbənin siyasi təntənəsidir.
Elnur RÜSTƏMOV,
Saatlı rayon prokuroru,ədliyyə müşaviri

