Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin patriarxı II Qaregin dekabrın 3-də İsveçrəyə səfər edib. Oradan isə Fransaya gedəcək. Məlumata görə, katolikosun İsveçrə səfəri bir gün, Fransa səfəri isə iki gün davam edəcək. Maraqlıdır ki, II Qaregin Fransanın paytaxtında deyil, erməni diasporunun çoxluq təşkil etdiyi Marsel şəhərində olacaq. Katolikosu səfərdə Eçmiədzini təmsil edən 4 din xadimi müşayiət edir.
Qeyd etmək lazımdır ki, II Qaregin bu il mayın sonunda da İsveçrəyə səfər etmişdi. Həmin vaxt, bir qədər də konkretləşdirsək mayın 31-də Eçmiədzin ana taxtının təşəbbüsü və bütün ermənilərin katolikosunun təklifi əsasında Ümumdünya Kilsələr Şurası və İsveçrə protestant kilsəsinin birgə təşkilatçılığı ilə Berndə “Dini etiqad azadlığı: Artsaxda erməni dini, mədəni və tarixi irsinin (?) qorunması” adlı beynəlxalq konfrans təşkil olunmuşdu. Konfransın açılışında çıxış edən II Qaregin ölkəmizin ünvanına böhtanlar yağdırmışdı. İddia etmişdi ki, “Azərbaycan Türkiyənin hərbi dəstəyi ilə nəinki “Artsax”ı tamamilə erməniləşdirib, həm də sülh prosesində yeni tələblər irəli sürməyə” (?) davam edir.
Katolikos Bakı Hərbi Məhkəməsində mühakimə olunan keçmiş qondarma separatçı rejimin “qlavarları”nı “siyasi liderlər, mülki şəxslər və hərbi əsirlər” adlandırmış, onların ədalət mühakiməsi önünə çıxarılmalarını “beynəlxalq hüququn pozulması ilə müşayiət olunan uydurma, nümayişkaranə məhkəmə prosesləri” adlandırmışdı. II Qaregin xislətinə sadiq qalaraq, baş verənləri etnik mənsubiyyət və dini motivlərlə əlaqələndirmiş, bunun “erməni xalqının dini və mədəni irsini məhv etməyə yönəlmiş antierməni siyasəti ilə motivasiya olunduğunu” iddia etmişdi. Güman etmək olar ki, onun İsveçrəyə budəfəki səfəri də oxşar böhtanlardan xali olmayacaq.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, II Qareginin səfəri Ermənistan hakimiyyəti ilə qarşıdurmanın gərgin vaxtına təsadüf edir. Bu səfər hakimiyyətlə açıq qarşıdurma fonunda II Qareginin kilsənin beynəlxalq dairələrlə təmaslarını artırmaq cəhdi kimi görünür. Katolikosun bu səfərləri həm də xarici dəstək axtarışının elementi kimi nəzərdən keçirilə bilər. Ümumiyyətlə, kilsə rəhbərinin növbəti dəfə İsveçrəyə səfər etməsi, ardınca isə Marselə yollanması təsadüfi addım təsiri bağışlamır. Xüsusilə də səfər marşrutu diqqət çəkir: katolikos Paris kimi siyasi mərkəzi deyil, erməni diasporunun ən təşkilatlanmış, lobbi imkanlarının güclü olduğu Marseli seçir. Qeyd etdiyimiz kimi, bu, Eçmiədzinin son aylarda ölkədaxili təzyiqlər fonunda xarici dayaqlara artan ehtiyacının göstəricisidir.
II Qareginin fəaliyyəti son dövrlər, sadəcə, dini rəhbər davranışından çıxaraq siyasi ritorika ilə yüklənib. Mayın 31-də Berndə təşkil etdiyi konfransda Azərbaycanın ünvanına səsləndirdiyi iddialar, keçmiş separatçı rejimin başçılarını “siyasi lider” kimi təqdim etməsi və ölkəmizin gördüyü tədbirləri “uydurma məhkəmələr” kimi qələmə verməsi katolikosun açıq şəkildə anti-Azərbaycan kampaniyasının simasına çevrildiyini bir daha göstərmişdi. İndi isə İsveçrəyə ikinci səfər böyük ehtimalla həmin xəttin davamıdır.
Reallıq budur ki, Paşinyan hökuməti ilə Eçmiədzin arasındakı çəkişmə, sadəcə, kilsədaxili idarəetmə məsələsi deyil. Bu, Ermənistanın siyasi sistemində uzun illər formalaşmış ikili güc mərkəzlərinin toqquşmasıdır. Bir tərəfdə özünü islahatçı kimi təqdim edən hakimiyyət, digər tərəfdə isə həm ölkədəki mühafizəkar qüvvələrə, həm də xaricdəki diaspor dairələrinə söykənən kilsə rəhbərliyi dayanır.
II Qareginin ölkədən kənara tez-tez səfər etməsi, necə deyərlər, dini diplomatiyanı genişləndirməsi, beynəlxalq protestant və katolik qurumları ilə yaxınlaşmaq cəhdləri bu fonu daha da aydınlaşdırır. Kilsə rəhbərinin beynəlxalq təşkilatlar vasitəsilə siyasi gündəm yaratmağa çalışması, ələlxüsus Qarabağ məsələsini dini-mədəni irsin “təhlükədə olması” kimi təqdim etməsi həm Ermənistan daxilində dayaqlarını gücləndirmək, həm də hökumətin ona qarşı sərt xəttini neytrallaşdırmaq niyyətini əks etdirir. Marseldə diaspor strukturları ilə görüşlər də, şübhəsiz ki, bu çərçivədə qiymətləndirilməlidir.
Gözləmək olar ki, II Qaregin İsveçrə və Fransada yenə də Azərbaycanın əleyhinə eyni ittihamları səsləndirəcək. Lakin bu səfərin əsas hədəfi Azərbaycan deyil, Ermənistan hakimiyyətinin özüdür. Çünki Eçmiədzin daxili dayaqlarını itirdikcə, xaricdən gələn siyasi, ideoloji və ictimai dəstəyi daha çox önə çıxarır. Bu mənada, katolikosun hər səfəri ölkənin dini-siyasi landşaftında gedən mübarizənin növbəti epizodu kimi görünür.
Onu da bildirək ki, Qarabağdan Ermənistana getmiş vəkil Roman Yeritsyan bir neçə gün öncə iddia etmişdi ki, Paşinyan katolikosa qarşı kampaniyanı sonuncunun İ sveçrədə “artsaxlıların və hərbi əsirlərin” qaytarılması məsələsini qaldırmasından sonra başlayıb. Yeritsyanın bu iddiası Paşinyan hökuməti ilə Eçmiədzin arasında gedən mübarizənin yalnız daxili deyil, həm də xarici amillərlə qidalandığını göstərir. Katolikosun İsveçrədə qaldırdığı məsələlərin hakimiyyət tərəfindən siyasi təzyiq kimi qəbul edilməsi mümkündür. Bu isə kilsə-hakimiyyət qarşıdurmasının daha da dərinləşdiyini göstərən əlavə siqnaldır.
***
Elə dünən Milli Assambleyada hökumət saatı zamanı baş nazir Nikol Paşinyan yenidən kilsə ilə münasibətlər barədə danışıb. Radikal müxalifəti təmsil edən “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryanın baş nazirin kilsəni özünə tabe etmək istədiyi ilə bağlı ittihamlarına münasibət bildirən Paşinyan deyib: “Mənə tabe olan katolikosa ehtiyacım yoxdur. Mənə xarici xüsusi xidmət orqanının baş leytenantına tabe olmayan və xarici xüsusi xidmət orqanının leytenantına gündəlik hesabat verməyən katolikos lazımdır. Mənim belə bir arzum tamamilə yoxdur”.
Baş nazir arxiyepiskop Navasard Kçoyanın balansında olan aktivlərin hesabatını təqdim edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib ki, nə Kçoyan, nə də digər ruhanilər ona hesabat vermək məcburiyyətində deyillər. Bütün ruhanilər öz icmaları qarşısında şəffaf olmalıdırlar: “Ktriç Nersisyanın rəhbərliyi altında Erməni Apostol Kilsəsi xarabalığa çevrilib. Erməni kilsəsinə Nersisyanın mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur. Mənim onunla çoxsaylı görüşlərim olub və bu söhbətlərdən gəldiyim qənaətlər məni inandırır ki, onun müqəddəs Eçmiədzində olması kilsəyə dağıdıcı zərər vurur. Kilsələrimizdə xor yoxdur, bu da liturgiyaların həyata keçirilməməsi deməkdir”.
Paşinyan daha sonra deyib: “Siz elə bir vəziyyətlə qarşılaşmırsınız ki, dar çevrədən olan elita milyonerlərdir, lakin din xadimlərinin böyük bir qismi bu gün səfalət həddində yaşayır. Siz o reallıqla rastlaşmırsınız ki, keşişlər şəxsi tanışlıqlar əsasında “gəlirli, yağlı” vəzifələrə təyin olunur, digərlərini isə heç kimin getmədiyi ucqar bölgələrə göndərilirlər. Erməni kilsələri viranəyə çevrilir, lazımi ayinlər keçirilmir, keşişlər səfalətin astanasında yaşayır, ruhani həyat isə tamamilə yox dərəcəsindədir. Siz kompromatlar barədə danışırsınız. Ktriç Nersisyan və onun qardaşı canlı kompromatlardır. Nersisyanın qardaşı KQB agentidir, bundan böyük kompromat istəyirsiniz?”
Müxalifətə müraciət edən Ermənistan baş naziri katolikosun və onun bütün müdafiəçilərinin Erməni Apostol Kilsəsinə qarşı fəaliyyət göstərdiklərini vurğulayıb. Deyib ki, çünki onların gözündə kilsə həmişə və bu gün də sadəcə, intriqa alətidir: “Onlar kilsəni elə də saxlamaq istəyirlər. Biz buna imkan verməyəcəyik. Ktriç Nersisyan getməlidir – başqa variant yoxdur. Biz ən az ağrılı yolu seçəcəyik, amma o, mütləq getməlidir, onun başqa çıxış yolu qalmayıb və xarici xüsusi xidmət orqanlarının kiçik və baş leytenantları, kapitanları, mayorları, hətta generalları və general-polkovnikləri də onu xilas edə bilməyəcək”.
Bu arada Erməni Apostol Kilsəsinin 27 yepiskop və arxiyepiskopu birgə bəyanat yayaraq katolikosa dəstəyini bildirib. Din xadimləri bəyanatda kilsədaxili məsələləri siyasi müdaxilə yolu ilə həll etmək üçün edilən istənilən cəhdi qəbuledilməz və təhlükəli hesab etdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, kilsənin idarəçiliyi və daxili həyatı ilə bağlı bütün məsələlər, istisnasız olaraq kilsə-şura orqanları vasitəsilə kilsənin mövcud kanonik prosedurlarına uyğun olaraq həll edilməlidir.
Politoloq Ramiyə Məmmədova XQ- yə açıqlamasında bildirdi ki, II Qareginin ardıcıl xarici səfərləri təkcə diplomatik gündəmin genişlənməsi deyil, həm də Ermənistan daxilində kilsə ilə hökumət arasında yaranmış ziddiyyətlərin miqyasını göstərən indikator kimi çıxış edir. Onun sözlərinə görə, Paşinyanın kilsə rəhbərliyinə qarşı sərt ritorikası artıq şəxsi narazılıq səviyyəsini aşaraq siyasi qarşıdurma komponentinə çevrilib: “Baş nazirin kilsənin idarəçiliyində korrupsiya, qeyri-şəffaflıq və xarici təsirlərlə bağlı səsləndirdiyi arqumentlər hakimiyyətin Eçmiədzini nəzarətdənkənar güc mərkəzi kimi gördüyünü təsdiqləyir”.
Ekspert qeyd etdi ki, eyni zamanda, kilsə rəhbərliyinin Paşinyanın çıxışlarına kəskin reaksiya verməsi, 27 din xadiminin katolikos ətrafında birləşməsi kilsənin geri çəkilmək niyyətində olmadığını göstərir: “Bu qarşıdurmanın maraqlı tərəfi ondadır ki, tərəflərin hər biri öz mövqeyini dövlət-mənəvi nizamın sabitliyi kontekstində əsaslandırır: hökumət kilsəni siyasi manipulyasiya mərkəzi kimi təqdim edir, kilsə isə hakimiyyəti dini strukturlara müdaxilədə günahlandırır.
Beləliklə, məsələ sırf dini müstəvidən çıxaraq Ermənistanın güc balansının yenidən formalaşması prosesinə çevrilib. Bu gərginliyin yaxın perspektivdə yumşalacağı gözlənilmir”.
Səxavət HƏMİD
XQ


