“Qarabağ sənədləri” və “günah keçisi”

post-img

Erməni iqtidarı öz gələcəyi üçün keçmişə baxırsa...

Məlum olduğu kimi, Ermənistan hökuməti “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri” deyilən toplunu dərc edib. Həmin sənədlərin məhz indiki məqamda geniş ictimaiyyətə açıqlanmasının səbəbi bəllidir. Baş nazir Nikol Paşinyan administrasiyası 2026-cı ilin parlament seçkilərinə hazırlığa start verib. Yazımızda bununla bağlı əlaqəni tapmağa, məntiqi qanunauyğunluğu müəyyənləşdirməyə çalışacağıq.

Nikol və tərəfdarları Qarabağ kartı üzərinə oyun qururlar. Daha dəqiq desək, onlar mövzunun erməni ictimaiyyəti üçün həssaslığını anlayır və çalışırlar ki, cəmiyyətdə bölgənin Azərbaycana təslim edilməsinə dair ritorikanı sıradan çıxarsınlar. Axı sözügedən ritorika hay müxalifətinin iqtidara qarşı ən böyük anti-təbliğat vasitəsidir.

Bəli, sənədlər də göstərir ki, Ermənistan Qarabağı 2020-ci ilin 44 günlük müharibəsinədək diplomatik müstəvidə əldən vermişdi. 2016-cı ilin Aprel müharibəsindən sonra o zamankı Serj Sarkisyan rejimi durumu daha yaxşı anladı. Yəni anladı ki, diplomatik platformalarda Qarabağa sahiblənməyi bacaran Azərbaycanın məsələnin hərbi yolla həlli üçün kifayət qədər, böyük potensialı var. Ona görə də Sarkisyan Rusiya Prezidenti Vladimir Putinə Aprel müharibəsindən sonrakı məktubunda, az qala, yalvarır.

Qeyd edək ki, Ermənistanın eks-prezidenti S.Sarkisyanın yalvarışı bir neçə məqamı ortaya qoyur. Birincisi, aydın olur ki, onun başçılıq etdiyi xunta rejimi üçün Qarabağ kartı yalnız vasitə olub. Yəni hakimiyyətdə qalmaq vasitəsi. Sarkisyan bölgəyə dair erməni milli identikliyi xüsusundakı uydurulmuş mifologiyaya inanmayıb. Amma dəqiq bilib ki, bu mifologiya erməni cəmiyyətinin şüurunda kök salmış xəstəlikdir və Qarabağı əldən verən hakimiyyətin yaşama haqqı yoxdur. Bu səbəbdən onun Putinə yalvarışı daha çox hakimiyyəti əldə saxlamağa kömək dilənmək mahiyyətlidir.

İkincisi, Sarkisyanın yalvarışı bir sıra dairələrdə səslənmiş və Qarabağın guya Rusiya tərəfindən Azərbaycana güzəştə gedildiyinə dair fikirlərin də yanlışlığını göstərir. Çünki Sarkisyan Rusiyadan hərbi yardım istəyirdi ki, 2016-cı il məğlubiyyətini doğurmuş boşluğu doldursun. Heç şübhəsiz, ona yardım oldu. Amma görünür, Serjik praqmatik davranıb və anlayıb ki, heç bir yardımın Ermənistana xeyri yoxdur.

Üçüncü məqamı vurğulayarkən, hadisələrin növbəti axarına diqqət yetirmək lazımdır. 2016-cı ilin aprelindən cəmi iki il bir ay keçməmiş Ermənistanda inqilab oldu. Adına “məxməri inqilab” dedilər. O inqilab ki, Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələndi. Açığı, Ermənistanda belə dinc hakimiyyət dəyişikliyinin olması bir qədər təəccüblü qarşılandı. Axı həmin Sarkisyan idi ki, 2008-ci ildə qan tölükməsi ilə iqtidar postuna əyləşmişdi və onun asanlıqla kreslonu əldən verəcəyi ağlabatan sayıla bilməzdi. Baxmayaraq ki, 2018-ci ildə Qərb institutları da siyasi texnologiyaların tətbiqi baxımından Ermənistanda xeyli iş aparmış və kütlələri iqtidara qarşı birləşdirməyi bacarmışdılar...

Əlqərəz, indi açıqlanan Qarabağ danışıqları materiallarından belə görünür ki, əslində, Sarkisyanın Paşinyana hakimiyyət kürsüsünü güzəştə getməsinin səbəbi məhz Qarabağ amili imiş. Yəni birinci Azərbaycanla danışıqlarda bıçağın sümüyə dirəndiyini görüb və ehtimal böyükdür ki, özü yumşaq davranıb və bununla “məxməri inqilab”ın gerçəkləşməsinə qəsdən şərait yaradıb.

Maraqlı məqam yaranır. 2016-cı ildə Putinə yalvarıb Rusiyadan hərbi yardım istəyən Sarkisyan sonda yardımın heç nəyə yaramadığını gördüyündən Paşinyan tərəfdarlarına qarşı yumşaq davranaraq kreslosunu əldən verirsə, deməli, həm də Moskvanın nəzərində xəyanətkara çevrilir. Hər halda, Kreml istəməzdi ki, Ermənistana rəhbərlik kürsüsündə özünün yox, Qərbin adamı əyləşsin. Yəqin elə buna görədir ki, Sarkisyan və ümumilikdə xunta rejimi ötən müddətdə Rusiyadan bəraət ala bilmir.

Fikrimizin sübutu kimi, 2020-ci ildən sonrakı zamana nəzər salaq. Görürük ki, Moskva anti-Paşinyan dalğasında Sarkisyanı və ondan əvvəlki prezident Robert Koçaryanı yox, başqalarını dəstəkləmiş, bir vaxt indi Bakıda həbsxana həyatı yaşayan Ruben Vardanyanı ortaya atmış, sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana siyasi sərmayə yatırmışdı. Adlarını çəkdiyimiz şəxslərdən bir nəticə olmadı. İndi isə iş adamı Samvel Karapetyan gündəmdədir. Erməni kilsəsi üzərində oyun oynamaq cəhdləri də həmçinin.

Bəs, Sarkisyan o zaman nə düşünmüşdü? Hər halda, o, hakimiyyət iddiasından asanlıqla əl çəkən tip deyildi. Bu durumda dövriyyəyə belə bir ehtimal girir ki, Serjik Qarabağ kartı ilə yarıtmaz davranışı kiminsə boynuna qoymağa, bir növ, “günah keçisi” axtarmağa girişmişdi. “Keçi” Paşinyan oldu. Təkcə Sarkisyan yox, bütövlükdə xunta rejiminin təmsilçiləri düşünürdülər ki, balaca uşaq saydıqları Nikol işi əl-üzünə bulaşdıracaq və tezliklə hərəkətə keçib onu xain kimi çarmıxa çəkəcəklər. Ancaq onlar iki məqamı hesablamadılar: Birincisi, Rusiyanın Azərbaycanı dayandıra bilməməsi, ikincisi, Paşinyan iqtidarının güclü çıxması. Daha bir məqam da var idi ki, o da erməni xalqının “eks”lərə hədsiz nifrəti idi.

Bəli, “eks”lərə hədsiz nifrət amili 44 günlük müharibədə rüsvayçı məğlubiyyətlə üzləşən ölkənin liderinin 7 ay sonrakı parlament seçkilərində üstünlüyə yiyələnməsinə imkan və şərait verdi. Nikol qalib gəldi və tədricən mövqelərini gücləndirdi. Başlıca məqam isə Paşinyanın “günah keçisi”nə çevrilmək üçün hazırlandığını anlamasıdır.

Ümumən, Paşinyan iqtidarı Qarabağ amilinin Ermənistan üçün nə demək olduğunun yaxşı fərqində idi. Yada salaq ki, Sarkisyan komandasının üzvləri lap başlanğıcdan Nikol və tərəfdarlarını “torpaq təhvil verməkdə” ittiham etmək yönümlü ritorikaya baş vurdular. Halbuki, həmin vaxt ortada heç nə yox idi. Amma birincilər təfərrüatları, yəni bıçağın sümüyə dirəndiyini, ən başlıcası, Azərbaycanın gücünü bilirdilər. Bilməyən, yaxud özünü anlamazlığa qoymaq məcburiyyətində qalan isə Paşinyan oldu. Hesab edək ki, vaxtı olmamışdı...

Deməli, Sarkisyan və tərəfdarları istəyirdilər ki, ölkəmiz müharibədə üstünlük qazandıqdan sonra Ermənistanda yaşanacaq qarışıqlıq fonunda Paşinyanı devirsinlər, yenidən heç nə olmamış kimi hakimiyyətlərini sürdürsünlər, Azərbaycana qarşı nifrət ritorikasını diri saxlasınlar və Rusiyanın daha böyük qüvvə ilə Ermənistana dəstək verəcəyi anı gözləsinlər. Bu “ssenarinin” mövcudluğundan xəbər tutan Nikol isə, necə deyərlər, barıtı bol eləmək qərarına gəldi. O, hakimiyyətə gələr-gəlməz ölkəmizin rəhbərliyinə danışıqlarla bağlı müəyyən pozitiv siqnallar versə də, sonra Prezident İlham Əliyevlə görüşdə Qarabağ güzəştinin onun həyatı bahasına başa gələcəyini vurğuladı.

Paşinyan, eyni zamanda, Sarkisyanın tərəfdarlarına əsəbiləşərək, özünü onlardan daha pis erməni kimi aparmağa girişdi. Beləcə, 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deyərək sərsəmlədi. Erməni hakim komandasının üzvləri isə “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürdülər. Belə boş xülyaların yekunda nəyə, hansı acınacaqlı duruma gətirdiyini isə hamı gördü. 44 günlük müharibə yalnız Ermənistana və havadarlarına deyil, bütövlükdə dünya erməniliyinə sarsıdıcı zərbə oldu.

Sonda ümumiləşdirmə apararaq belə qənaətə gələ bilərik ki, Paşinyan administrasiyasının “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri”ni açıqlaması cəmiyyətin Qarabağ itkisini dərd edən kəsiminə mesajdır. Nikol və tərəfdarları düşünürlər ki, həmin kəsimin nümayəndələri reallığı görəcək və itkiyə görə onları qınamaqdan uzaq duracaqlar.

Əlbəttə, ikincilərin daha böyük reallığı görmələri və bu reallıqla barışmaları mütləqdir. Söhbət Azərbaycanla ziddiyyətlərdən kənar durmağın vacibliyini anlamaqdan gedir. Hakimiyyətlər bu gün var, sabah yoxdur. Dövlət isə qalmalıdır. Nəzərə alaq ki, rəhbərliyində kimin, hansı qüvvələrin təmsil olunmasından asılı olmayaraq, bir daha ölkəmizə qarşı ərazi iddiası ilə çıxış etməsi Ermənistan adlı dövlətin yer üzündən silinməsi deməkdir. Əslində, “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri”ni açıqlayan Paşinyan iqtidarı həm də bunun mesajını verir. Qalır, erməni xalqının mesajdan nəticə çıxarması. Nəticə çıxarması və sülhü dəstəkləməsi.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət