Brüsseldə tender saxtakarlıqları və qeyri-rəsmi əlaqələr şəffaflığı necə bulandırır?
“Qoca qitə”də Avropa İttifaqı haqqında illərdir belə bir fikir dolaşır: “Əgər Brüsseldə bir qapı bağlıdırsa, bilin ki, orada lobbiçilər toplantı keçirir”. İlk baxışdan zarafat kimi səslənən bu fikirlər, əslində, mövcud real durumu təsvir edir. Bəli, qurumun alt strukturlarında yüzlərlə məsləhətçi, lobbiçi, qeyri-rəsmi əlaqələr şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkələr bəzən qərarları yönləndirəcək gücə malik olurlar. Düşündürücü məqam odur ki, Brüssel salonlarında qəbul edilən qərarlar normalda qlobal dəyərlər sisteminin daşıyıcısı kimi dəyərləndirilir. Halbuki yalnız sözdə qalan insan haqları, şəffaflıq, düzgün idarəetmə məhz Aİ-nin özünü legitimləşdirmə mexanizmlərinin əsas sütunları hesab olunur və onlar son illər ard-arda baş verən korrupsiya qalmaqalları ilə çökmək üzrədir desək, yanılmarıq.
Diplomatik elitanın ifşası
Üç gün əvvəl Federika Mogerini və Stefano Sannino ətrafında başlayan istintaq, Avropa diplomatiyasının nüfuzlu fiqurlarının korrupsiya, maliyyə pozuntuları və tender saxtakarlıqları ilə ittiham olunmaları Aİ-nin reputasiyasını yenidən dərin böhranla üz-üzə qoydu. Xüsusilə Mogerininin polis müşayiəti ilə saxlanılıb, daha sonra “qaçış riski olmadığı üçün” məhkəməyə təqdim olunaraq azadlığa buraxılması Avropanın illərlə yaratdığı “şəffaflıq” mifini alt-üst etdi. Bu baxımdan, onun istər həbsi, istərsə də sərbəst buraxılması cəmiyyətdə suallar yaratdı ki, nüfuzlu şəxslər üçün qanun doğrudanmı eyni şəkildə işləyir?
Mogerininin “korrupsiya səhnəsindən” endirilməsi kontinentin diplomatiyasının arxasında hakimiyyətin də dayandığını göstərdi. Bu məqamlardan biri də Jozep Borel amilidir. Yada salaq ki, Borelin siyasi yüksəlişi məhz Mogerini Avropa Xarici Fəaliyyət Xidmətinin siması olduğu müddətdə baş vermişdi. Mogerini ilə bağlı bu qədər korrupsiya faktının üzə çıxdığını nəzərə alsaq, Borelin bu mexanizmlərlə əlaqəsi də suallar yaradır. Yəni onun proseslərdən xəbərsiz olması o qədər də inandırıcı gəlmir. Avropa mediasında yayımlanan xəbərləri təhlil etsək, kontinentin də bunu gizlətmək istəmədiyi aydın görünür. Sözsüz ki, Mogerini təkbaşına bu qədər güc sahibi ola bilməzdi. Ehtimal ki, onun yaxın çevrəsində baş verənlərin böyük qismindən diplomatik aparatın ən yüksək pillələri xəbərdardır. Mogerininin saxlanıldığı gün Sanninonun da istintaqa cəlb edilməsi bunu bir daha təsdiqləyir.
Metsola dövrü və dəyişməyən reallıq
Avropa İttifaqının son onillikdə yaşadığı ən böyük sarsıntılardan biri, şübhəsiz, “QətərGate” idi. Avropa Parlamentinin sabiq sədr müavini Eva Kaylinin evindən tapılan çamadan-çamadan nağd pullar qurumun təsir agenturası ilə üzləşdiyini ortaya qoydu. Kaylinin Avropa siyasətində “gənc lider”, “modern sima” kimi təqdim edildiyi təqdirdə, Qətər lobbisinin maliyyələşdirdiyi kölgəli strukturların mərkəzində dayanması “qoca qitə”nin etik iddialarını növbəti dəfə məhv etdi. Hadisə Qərbin illərlə dünyaya təbliğ etdiyi “şəffaf idarəetmə modelinin” yalnız boş sözlərdən ibarət olduğunu göstərdi.
Parlamentin hazırkı sədri Roberta Metsola Kayli qalmaqalından sonra siyasi təmizlənmə vəd etsə də, onun özünün bəzi səyahətləri və lobbi dairələri ilə əlaqələrinin qeyri-şəffaflığı Brüsselin daxilindəki çirkli mexanizmlərin, sadəcə, yer dəyişdirdiyinin təzahürü idi. Metsola birbaşa ittiham olunmasa da, onun fəaliyyətindəki gizli nüanslar Aİ institutlarında “etimad böhranını” daha da dərinləşdirdi. Sannino hadisəsi də təsdiqlədi ki, Avropanın diplomatik aparatında korrupsiya adi hala çevrilib. Tenderlərin yönləndirilməsi, yüksək maaşlı vəzifələrin şəxsi münasibətlər əsasında paylanması, Aİ maliyyəsinin qaranlıq kanallarla idarə edilməsi artıq sistemli xarakter alıb. Bu hal uzun illər boyu üçüncü ölkələri korrupsiyada ittiham edən Avropanın özünün eyni bataqlığın içində olduğunu ifşa etdi.
Pərdəarxası güc mərkəzləri
Onu da bildirək ki, Avropa Komissiyasının qapalı görüşləri, qeyri-rəsmi əlaqələri, lobbi qrupları ilə sıx inteqrasiya olunmuş qərarvermə mexanizmləri illərdir tənqid olunur. Lehinə qərar verilən şirkətlər, qeyri-şəffaf iqtisadi paketlər və ayrı-ayrı komissarların şəxsi əlaqələri ilə üst-üstə düşən proseslər Brüsseli qlobal lobbi mərkəzinə çevirib. Əslində, Avropa İttifaqının niyə bu həddə çürüdüyünü anlamaq üçün onun strukturuna baxmaq kifayətdir. Seçilməyən komissiya, zəif parlament nəzarəti və bürokratik sistemin qeyri-məsuliyyətli strukturu korrupsiyanın təməlini qoyur. Şəxsi münasibət şəbəkələrinin lobbiçilərin geniş imkanları ilə birlikdə yaratdığı bu mühit istər Mogerini, istər Kayli, istərsə də digər fiqurlar üçün ideal şərait formalaşdırıb.
Bütün bunların fonunda Avropanın özünü dünyaya “etik güc” kimi təqdim etməsi artıq siyasi ironiya təsiri bağışlayır. Mogerininin həbsi, istintaqla üzləşməsi və sonra sərbəst buraxılması, Kaylinin rüşvət qalmaqalı, Metsolanın üzərində dolaşan kölgələr, Borelin fəaliyyəti ətrafında yaranmış suallar Aİ-nin öz daxilində korrupsiya girdabında boğulduğunu göstərən reallıqlardır.
Bu gün Avropa İttifaqı nə Komissiyanın daxili strukturu, nə parlamentin siyasi iradəsi, nə də diplomatik aparatın durumu ilə özünü təsdiqləyə bilir. Hətta Brüssel institutlarının daxilindəki çürümə elə bir həddə çatıb ki, artıq Aİ haqqında danışarkən qeyri-leqal əlaqələr, korrupsiya şəbəkələri, vəzifə ticarəti kimi anlayışlar ön plana çıxır. Ona görə də sonda deyə bilərik ki, Federika Mogerininin işi Avropanın özünə güzgü tutdu. Güzgüdə görünən mənzərə isə hamının qorxduğu həqiqəti göstərdi.
Avropa İttifaqı illərdir dünyaya dərs keçən qurumun əksinə, korrupsiya girdabında çırpınan, özünü içdən yeyən, dəyərlərini itirmiş bürokratik mexanizmdən başqa bir şey deyil. Mogerininin həbsi ilə başlayan və azadlığa buraxılması ilə daha da qaranlıqlaşan proses sübut etdi ki, Avropa İttifaqında korrupsiya elə bütöv bir sistemin xəstəliyinə çevrilib. Bir zamanlar “dəyərlər” ittifaqı adlanan qurum artıq korrupsiyanı birləşdirən birlikdir.
Nəzrin ELDARQIZI
XQ

