Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 4-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclası təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilib.
Təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli çıxışında deyib ki, məhkəmənin vəzifəsi yalnız ittiham aktında göstərilən məsələləri yoxlamaq deyil, həm də ədalət prinsipini, qanunların aliliyini və təqsirsizlik prezumpsiyasını təmin etməkdir. Mövcud qanunvericiliyin, eyni zamanda, Cinayət Məcəlləsinin tələbinə əsasən hökm yalnız şübhəsiz və qəti sübutlar əsasında çıxarılmalıdır. O, D.İşxanyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. D.İşxanyanın digər vəkili Elçin Əmirov da müdafiəçisi olduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Levon Balayanın müdafiəçisi Vəfa Mehdiyeva çıxışında vəkili olduğu şəxsin ifadəsinə istinadla deyib ki, o, 1995-1998-ci illərdə Şuşada, Xankəndidə və Xocalıda yerləşən nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona “AKS 74” konstruksiyalı avtomat silah təhkim olunub. Vəkil hüquqlarını qoruduğu şəxsin əməllərində cinayət tərkibinin əlamətlərinin olmadığını deyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. L.Balayanın digər vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə bağlı bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi Nizami Əliyev deyib ki, hüquqlarını qoruduğu şəxs özünü elan olunan ittihamlarda təqsirli bilmir. O bildirib ki, D.Allahverdiyana qarşı irəli sürülmüş sübutlar əsassızdır və mötəbər deyil. Müdafiəçi D.Allahverdiyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Onun digər vəkili Elməddin Məmmədov da özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərilən xüsusatlarla razılaşdığını deyib.
Təqsirləndirilən Erik Qazaryanın müdafiəçisi Natiq Mustafayev çıxışında hüquqlarını qoruduğu şəxsin özünü təqsirli bilmədiyini, silahını təhvil verərək Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə könüllü təslim olduğunu bildirib. O, E.Qazaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Melikset Paşayanın müdafiəçisi Elnaz Səmədova hüquqlarını qoruduğu şəxsin heç bir aktiv döyüşdə iştirak etmədiyini söyləyib. Vəkil deyib ki, M.Paşayana elan edilmiş ittihamlar öz təsdiqini tapmır, bu səbəbdən də ona bəraət verilməlidir. O, M.Paşayan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçiləri Oqtay Mədətov və Xəyyam Əsgərov hüquqlarını qoruduqları şəxsin özünü təqsirli bilmədiyini deyərək, onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayeva deyib ki, hüquqlarını qoruduğu şəxs arxa cəbhədə xidmət edib, mülki şəxs kimi çalışıb və onun vəzifələrinə ərzaq və geyimin paylanması, dərmanların təminatının təşkili daxil olub. Onun sözlərinə görə, təqsirləndirildiyi cinayətlərin törədilməsinə aidiyyəti olmaması sübut edildiyindən bəraət hökmünün çıxarılması yeganə ədalətli və hüquqa uyğun qərar olardı. B.Sahakyanın digər vəkili Gülarə İsmayılova müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən Qarik Martirosyanın müdafiəçisi Rəşadət Axundov deyib ki, hüquqlarını qoruduğu şəxs ifadəsində özünü təqsirli bilməyib. Vəkil bildirib ki, Q.Martirosyanı cinayətkar birliklə bağlayan dəlillər müəyyən edilməyib. Müdafiəçi onun barəsində ədalətli hökm çıxarmağı məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyanın müdafiəçisi Cavid Rzazadə çıxışında hüquqlarını qoruduğu şəxsə qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıb. Digər vəkil Anar Məmmədov çıxışında deyib ki, müdafiə etdiyi şəxsə qarşı elan olunan ittihamlar sübut olunmayıb. O, A.Harutyunyanın əməlində cinayət tərkibi olmadığını deyərək bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.
XQ


