Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova çıxış etdi. Spiker Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiyadan danışaraq bildirdi ki, qəbul edilən qərəzli qətnamə böhtanlar və əsassız ittihamlar üzərində qurulub. S.Qafarova təəssüflə qeyd etdi ki, Avropa Parlamentin bu addımı Azərbaycanda real vəziyyətdən uzaq və beynəlxalq hüquq prinsiplərinə zidd, qeyri-obyektiv praktikanın davamıdır: “Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan “siyasi məhbusların mövcudluğu”, “siyasi təqiblər”, “akademik azadlıqların və mədəni hüquqların pozulması” kimi ifadələr və digər ittihamları qətiyyətlə rədd edirik”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri, Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin Avropa Parlamentinə qarşı qəbul etdiyi bəyanatla əlaqədar bildirdi ki, Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməli, tərəfləri dialoqa dəvət etməli və konstruktiv əməkdaşlıq qurmalı olan Avroparlament tamam fərqli mövqedən çıxış edir: “Bu da, əslində, Avropanın bu gün düşdüyü dərin böhranın güzgüsüdür. Qətnamə qəbul olunan gün AP-dən mənə zəng gəldi. Bildirildi ki, məsələ əvvəlcədən müəyyən edilmiş məqsədlərlə gündəmə gətirilib və qəbul olunacağı bəlli bir qətnamədir”.
Parlamentin üzvü Siyavuş Novruzov çıxışında qeyd edtdi ki, Avropa İttifaqının qərəzli qətnaməsinə ən gözəl cavab Prezidentin amnistiya ilə bağlı qanunvericilik təşəbbüsüdür: “Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü 20 mindən çox insana şamil olunacaq. Bu isə özlüyündə AP-yə verilən ən gözəl dərs olacaq”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsini “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamı kimi qiymətləndirdi: “Qərbli çinovniklər və deputatlarının nəzərində nəticəsini tanımadıqları zəfərimiz hələ baş verməyib, avropalı siyəsətçilərin beynində hələ 26 sentyabr erası yaşayır”.
Çıxışlardan sonra spiker Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin qətnaməsinə dair bəyanat hazırlamaq üçün komissiya yaratdığını bildirdi. Komissiyaya sədrlik edən deputat Şahin İsmayılov Bəyanatın mətnini səsləndirdi. Daha sonra sənəd səsverməyə çıxarıldı və yekdilliklə qəbul olundu.
***
Daha sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi ilə bağlı müzakirələrə başlandı. Parlamentin sədri Sahibə Qafarova çıxışında İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında geniş miqyaslı amnistiya layihəsini təqdim etməsini dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyinin nümayişi kimi diqqətə çatdırdı.
Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli məlumat verdi. O, çıxışında Avropa Parlamentinin arzuladığı kimi Azərbaycanda dövlətə, xalqa və konstitusion quruluşa qarşı çıxış etmiş, bu əməllərə görə məsuliyyətə cəlb olunmuş və məhkum edilmiş şəxslərə nə hazırkı amnistiya aktının, nə də gələcək amnistiya aktlarının şamil edilməyəcəyini qətiyyətlə vurğuladı.
Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü Azay Quliyev bu təşəbbüsün misli görünməmiş tarixi hadisə kimi qiymətləndirilməsinin əsas səbəbini sözügedən amnistiyanın əvvəlki illərdə qəbul edilmiş 11 amnistiya aktından iki fundamental cəhətinə görə köklü şəkildə fərqlənməsi ilə əlaqələndirib: “Birincisi, bu amnistiya 2023-cü ildə Qarabağda separatizmə birdəfəlik son qoyulmasından, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsindən sonra irəli sürülmüş ilk təşəbbüsdür. İkincisi, amnistiyanın tətbiq ediləcəyi şəxslərin dairəsi və sayı əvvəlkilərlə müqayisədə xeyli genişdir”.
Bununla “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başa çatdı və layihə səsverməyə qoyularaq qəbul edildi.
Daha sonra plenar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlanıldı. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dəyişikliklərlə bağlı məlumat verdilər.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəlikdəki növbəti məsələ olan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər barədə danışdı. Komitə sədri bildirdi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə təqdim edilən layihə milli-mənəvi dəyərlərin informasiya məkanında qorunmasına xidmət edir. Yekunda qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.
Daha sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə ediləcək.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, dövlət tərəfindən qorunan daşınar və daşınmaz mədəni sərvətlərin qəsdən korlanması və ya məhv edilməsinə görə dəymmi. ziyanın iki mislinədək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum-
etmə ilə cəzalandırılacaq. Daşınar mədəni sərvətlərin qəsdən məhv edilməsinə görə ziyanın 2–3 misli həcmində cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə, daşınmaz mədəni sərvətlərin məhv edilməsinə görə isə ziyanın 3–5 misli həcmində cərimə və ya 3–5 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əməllər təkrar, vəzifəli şəxs tərəfindən, mütəşəkkil dəstə və ya milli, irqi, dini düşmənçilik zəminində törədildikdə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ehtiyatsızlıqdan mədəni sərvətlərin məhv edilməsinə görə isə 2 ilədək azadlıqdan məhrumetmə və ya cərimə tətbiq ediləcək. Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi.
“Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilən dəyişikliklərə əsaəsn, kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi, vərəsəlik yolu ilə keçməsi, yüklü edilməsi, həmçinin təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan şirkətin təsisçisi vəfat etdikdə əmlak idarəçisinin təyin olunması barədə məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq quruma ötürüləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Plenar iclasda daha sonra “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə olundu. Sənədə əsasən, cinayət tərkibi olmadıqda məhkəmə tərəfindən 60 gündən 180 günədək müddətə uzunmüddətli mühafizə orderi tətbiq oluna bilər. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsini qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul etdi. Plenar iclasda “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə olundu. Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Eyni zamanda Vergi Məcəlləsinə və “Reklam haqqında” qanuna uyğunlaşdırmalar edilir, birdəfəlik elektron siqaretlər və elektron siqaretlər üçün mayelər aksizli mallar siyahısından çıxarılır və müvafiq vergi dərəcələri ləğv olunur. Qanun layihəsinin qüvvəyə minmə müddəti 2026-cı il fevralın 1-dən aprelin 1-nə uzadıldı.
Tacir SADIQOV
XQ


