Azərbaycan 2026-cı ildə sədrlik missiyasını öz üzərinə götürür
Türk Dövlətləri Təşkilatının (TDT) keçdiyi təkamül yolu iqtisadi və mədəni inteqrasiyadan başlayaraq, tədricən siyasi və hərbi-strateji tərəfdaşlığa doğru istiqamətlənib. İctimaiyyət arasında və ekspert dairələrində tez-tez səsləndirilən “Türk dünyasının birgə ordusu” ideyası praqmatik ehtiyacdan doğan real strateji hədəf kimi gündəmə gəlir. Azərbaycan Respublikasının 2026-cı ildə Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə müdafiə və təhlükəsizlik sahələrinin prioritet istiqamət kimi müəyyən ediləcəyi barədə fikirlər regionda cərəyan edən proseslərin məntiqi nəticəsidir. Torpağın əsl sahibinin əbədi yaşamaq haqqı və qurub-yaratmaq əzmi yalnız güclü müdafiə sistemi ilə təmin edilə bilər.
Türk dövlətlərinin hərbi inteqrasiyası məsələsinə yanaşarkən soyuq məntiqlə və elmi təhlilə əsaslanaraq fikir yürütmək lazımdır. “Vahid ordu” anlayışı NATO tipli hərbi alyansın yaradılması, qarşılıqlı əməliyyat qabiliyyətinin (interoperabillik) təmin edilməsi və vahid komandanlıq elementlərinin formalaşdırılması kimi kompleks mərhələləri ehtiva edir. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər Türk dünyasında hərbi əməkdaşlığın yeni modelini – Türkiyə–Azərbaycan tandemi nümunəsini ortaya qoydu. Şuşa Bəyannaməsi ilə rəsmiləşən müttəfiqlik münasibətləri, faktiki olaraq, gələcək Türk hərbi birliyinin prototipi rolunu oynayır. 2026-cı ildə Azərbaycanın TDT-yə sədrliyi dövründə məhz sözügedən uğurlu modelin təşkilatın digər üzvlərinə – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana da tətbiq edilməsi inteqrasiya proseslərinin dərinləşməsinə xidmət edəcək. Müdafiə və təhlükəsizlik məsələlərinin ön plana çıxarılmasının mühüm səbəbləri çoxşaxəlidir və geosiyasi, iqtisadi, həmçinin egzistensial amillərə söykənir. İlk növbədə, qlobal təhlükəsizlik mühitinin deqradasiyası, böyük güclər arasındakı rəqabətin Türk coğrafiyasına sıçraması riskini artırır. Buna görə də hərbi qüvvələrin koordinasiyası, kəşfiyyat məlumatlarının mübadiləsi və böhran vəziyyətlərində operativ reaksiya mexanizmlərinin yaradılması həyati əhəmiyyət kəsb edir.
İkinci mühüm səbəb strateji nəqliyyat və enerji dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsidir. Türk dünyası Şərq ilə Qərbi birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas hərəkətverici qüvvəsidir. Çindən Avropaya uzanan ticarət yollarının, eləcə də Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən boru kəmərlərinin mühafizəsi kollektiv səylər tələb edir. İqtisadi rifahın və quruculuq işlərinin davamlılığı birbaşa olaraq həmin marşrutların təhlükəsizliyindən asılıdır. Təsadüfi deyil ki, Azərbaycanın 2026-cı il sədrliyi dövründə nəqliyyat təhlükəsizliyi və kritik infrastrukturun qorunması məsələləri hərbi əməkdaşlığın tərkib hissəsi kimi nəzərdən keçiriləcək. Üçüncü amil kimi, terrorizm, ekstremizm və separatizm təhdidlərini qeyd etmək lazımdır. Mərkəzi Asiya regionu və Cənubi Qafqaz radikal qruplaşmaların hədəfində ola biləcək həssas bölgələrdir.
Dördüncü məqam hərbi sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Türkiyənin müdafiə sənayesində əldə etdiyi inqilabi nailiyyətlər, PUA texnologiyaları, raket sistemləri və zirehli texnikalar Türk dünyasının hərbi arsenalının modernləşdirilməsi üçün geniş imkanlar açır. Azərbaycan da son illər milli hərbi sənaye kompleksini gücləndirərək, ixracatçı ölkəyə çevrilmək yolunda inamlı addımlar atır. Qazaxıstan və Özbəkistanın da analoji sahədə potensialı mövcuddur. Ölkəmizin növbəti il sədrliyi dövründə birgə hərbi sənaye müəssisələrinin yaradılması, texnologiya transferi və silahlanmada standartlaşdırma məsələlərinin gündəmə gətirilməsi gözlənilir.
Azərbaycanın TDT-yə sədrliyi təşkilatın qlobal nüfuzunun artırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin praqmatik siyasəti və liderlik keyfiyyətləri Türk dövlətləri arasındakı inteqrasiya proseslərini sürətləndirən əsas amillərdəndir. Dövlət başçısının “Türk dünyası bizim ailəmizdir” tezisi strateji fəaliyyət proqramıdır. Mülki müdafiə, kibertəhlükəsizlik və kosmik sənaye sahəsində əməkdaşlıq da müdafiə konsepsiyasının tərkib hissəsi kimi nəzərdən keçiriləcək. Təhlilçilər qeyd edirlər ki, Türk ordusu ideyası heç bir üçüncü dövlətə qarşı yönəlməmişdir. Bu təşəbbüs sırf müdafiə xarakteri daşıyır və regionda sülhün, sabitliyin qorunmasına xidmət edir. Necə ki, Avropa İttifaqı öz təhlükəsizlik mexanizmlərini yaradır, Türk dövlətlərinin də analoji addımı atması təbii və suveren hüquqdur.
İdeyanın reallaşması yolunda müəyyən maneələrin və çağırışların olması da danılmazdır. Üzv dövlətlərin fərqli hərbi standartlara malik olması (bəzilərində sovet/Rusiya, bəzilərində NATO standartları), coğrafi uzaqlıq və xarici təzyiqlər inteqrasiya prosesini ləngidə biləcək amillərdir. Lakin siyasi iradə və strateji zərurət həmin maneələrin dəf edilməsini şərtləndirir. "Birləşmiş Türk Ordusu" və ya "Turan Ordusu" simvolik ad olsa da, məzmun etibarilə çevik reaksiya qüvvələrinin, sülhməramlı kontingentin və ya birgə xüsusi təyinatlıların formalaşdırılması realdır.
Bəli, torpaq üzərində yaşayan insanların qanı ilə Vətənə çevrilir, alnının təri ilə abadlaşır. Azərbaycan xalqı şəhidlərinin qanı bahasına azad etdiyi torpaqlarda indi alnının təri ilə cənnət yaradır. Şuşada, Füzulidə, Laçında, Kəlbəcərdə ucalan binalar, çəkilən tunellər, inşa edilən hava limanları xalqımızın quruculuq geninin göstəricisidir. Lakin qurulan hər bir binanın, əkilən hər bir ağacın təhlükəsizliyi təmin edilməlidir. Türk dünyasının hərbi birliyi təhlükəsizliyin qarantıdır.
"Türk dünyasının birgə ordusu" ideyası zamanın tələbi və tarixin çağırışıdır. Müdafiə və təhlükəsizlik sahələrinin prioritet elan edilməsi düşünülmüş strateji gedişdir. Çünki sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Türk dünyası sülh, sabitlik və inkişaf istəyir. Torpağın əsl sahibləri olan bizlər, əbədi yaşamaq haqqımızı qorumaq üçün birliyimizi polad kimi möhkəmləndirməliyik. Qurub-yaratmaq əzmimiz hərbi qüdrətimizlə tamamlananda, heç bir qüvvə bizə mane ola bilməz.
Qloballaşan dünyada təklənmək, dövlətlər üçün ən böyük risklərdən biridir. İttifaqlar dövründə yaşayırıq və təbii müttəfiqlərin birliyi ən səmimi, ən dayanıqlı birlik formasıdır. Türk Dövlətləri Təşkilatı dəyərlərin birliyidir. Əsgərin döyüş ruhu, onun mənəvi dəyərlərindən qidalanır. Çanaqqalada, Bakının azad edilməsində (Qafqaz İslam Ordusu), Vətən müharibəsində çiyin-çiyinə döyüşən türk əsgərləri qardaşlığın sarsılmazlığını qanları ilə möhürləyiblər. İndi isə həmin qardaşlığı institusional formaya salmaq, daimi və sistemli mexanizmə çevirmək vaxtıdır. Azərbaycan qalib dövlət kimi, missiyanı üzərinə götürməyə və liderlik etməyə hazırdır. 2026-cı il parlaq gələcəyə doğru atılan mühüm addımın ili olacaq.
Yusif ŞƏRİFZADƏ
XQ

