Prezident İlham Əliyevin praqmatik siyasəti hərtərəfli gücə malik Azərbaycan formalaşdırıb

post-img

​Ümummilli Lider Heydər Əliyev ideyalarının yaşadıcısı Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, məharətli diplomatiyası ilə Azərbaycan çoxəsrlik tarixində misligörünməmiş inkişaf, tərəqqi yolu keçib. Bu inkişaf xalqımızın həm sosial-ictimai həyatında baş verən müsbət dəyişikliklərdə, həm də dövlətimizin beynəlxalq miqyasda nüfuzunun güclənməsində özünü bariz şəkildə göstərir. Respublikamızın 2003-cü ildən bəri prioritet hədəflərindən biri kimi, regionda nümunəvi rəqabətədavamlı dayanıqlı iqtisadi sistem formalaşdırmaqdır ki, artıq bir neçə ildir, bu istiqamətdə nailiyyətlər göz önündədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında, özəl sektorda böyük irəliləyişlər, yüksəliş prosesləri özünü göstərib. Nəticə etibarilə son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək, xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə bu müddətdə 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib.

​Ümummilli Liderin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” fikirləri Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir, qüdrətli Azərbaycanın timsalında özünün əyani təsdiqini tapıb. Respublikamız qlobal miqyasda müstəqil iqtisadi siyasət yürüdən nadir ölkələr sırasında yer alıb. Bu ilin 11 ayında dövlət büdcəsinin 4,2 milyard manat profisitlə icra olunması, xarici dövlət borcunun ÜDM-ə nisbətdə 6,3 faizə enməsi ilə nəticələnib ki, bu da Azərbaycanın borc risklərinin minimum səviyyədə saxlanıldığını və makroiqtisadi idarəetmənin yüksək keyfiyyətini göstərir. Azərbaycan dövlətinin iqtisadi uğurları xalqın sosial rifahının yaxşılaşması prosesi ilə təzahür edib, ölkədə yoxsulluq 49 faizdən 5 faizə enib. Son 7 ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 milyon vətəndaşı əhatə edən, illik əlavə maliyyə tutumu 7,6 milyard manat olan 5 sosial islahat paketinin icrası ilə “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri, təhlükəsizliyi və başlıcası onun xoşbəxtliyi dayanır” ideyası praktiki şəkildə özünü təsdiqləyib. 2003-cü ildən indiyə kimi imzalanan fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb, əməkhaqqılar, pensiyalar, sosial müavinətlər və digər ödənişlər dəfələrlə artırılıb.

​Prezident İlham Əliyevin formalaşdırdığı müasir, qüdrətli Azərbaycanın ötən illərdə dostlarının sayı xeyli çoxalıb, yeni strateji müttəfiqliklərə, tərəfdaşlıqlara imza atılıb. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, eyni zamanda 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edib və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasında böyük səylər göstərib. Respublikamız 200-ə yaxın ölkənin dəstəyi ilə COP 29 kimi nəhəng, əhəmiyyətli tədbirə ev sahibliyi edib. Ötən illərdə Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub, regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə şərait yaradıb. Respublikamız irəli sürdüyü mühüm təşəbbüs və reallaşdırdığı irimiqyaslı layihələrlə beynəlxalq ticarət və iqtisadi sistemin əvəzolunmaz parçasına çevrilib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda birləşdirici funksiya daşıyan ölkəmiz Avropa ilə Asiya arasında mühüm ticarət körpüsü yaradıb, Avrasiyanın nəqliyyat xəritəsini müəyyənləşdirib. Prezident İlham Əliyev respublikamızın bu nailiyyətini yüksək qiymətləndirərək deyib: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib”.

​Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa enerji bazarındakı rolu və yeri xeyli güclənib. TANAP, TAP, Cənub Qaz Dəhlizi layihələrinin reallaşdırılmasında böyük pay sahibi olan respublikamız bu gün, Suriya da daxil olmaqla, ümumilikdə, 14 ölkəyə, o cümlədən də 10 Avropa ölkəsinə mavi yanacaq ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə qaz ixracatçısı kimi ölkəmiz dünyada liderdir. 2025-ci ilin 9 ayında qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb. 2027-ci ilə qədər Azərbaycan qazın tədarükünü ildə azı 20 milyard kubmetrə çatdırmağı hədəfləyib.

​Prezident İlham Əliyevin enerji diplomatiyası uzaq gələcəyə hədəflənib və müasir çağırışlara tam cavab verir. Bu baxımdan respublikamızın irəli sürdüyü “yaşıl gündəlik” həm regional, həm də qlobal əhəmiyyət daşımaqla sağlam dünya naminə mühüm iqtisadi-ticari bağlantı yaratmaq məqsədi daşıyır. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” “yaşıl gündəliy”in beynəlxalq enerji ticarətindəki rolunun əsas istiqamətlərini müəyyənləşdirir. Bu saziş Avropanı “yaşıl enerji” ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur ki, bu da yaxın gələcəkdə ölkəmizin enerji bazarındakı rolunun daha da güclənəcəyini şərtləndirəcək.

​Prezident İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi çoxvektorlu xarici siyasət və məharətli diplomatiya beş il bundan öncə özünün ən böyük təntənəsini yaşadı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində respublikamız qazandığı tarixi zəfərlə otuz illik ədalətsiz hökmə son qoyaraq, öz ərazi bütövlüyünü, 3 il sonra 2023-cü il sentyabrın 19-20-də isə suverenliyini tam təmin etdi. Azərbaycanın əldə etdiyi qələbə tarixi ərazilərinin geri qaytarılması ilə yanaşı, regionda yeni reallıqların yaradılması ilə nəticələndi. Ümumilikdə son 5 ildə regionda cərəyan edən ictimai-siyasi hadisələr göstərdi ki, dövlətimizin siyasi iradəsi, ordumuzun gücü, xalqımızın milli həmrəyliyi, birliyi qarşısında heç bir kənar qüvvə dayana bilməz. Təqdiredici məqamdır ki, bu il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşdə əldə olunan razılaşmalardan sonra regionda davamlı sülh və əməkdaşlıq mühiti bərqərar edilməkdədir. Yaxın gələcəkdə reallığa çevriləcək Zəngəzur dəhliz və icra olunacaq “yaşıl enerji” layihələri ilə ölkəmizin qlobal siyasət arenasında və iqtisadi münasibətlər sistemində mövqeyi daha da güclənəcək. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin realllaşdırdığı uğurlu siyasət doktrinası növbəti illərdə Azərbaycanı beynəlxalq miqyasda daha uca zirvələrə yüksəldəcək, xalqımızın sosial-rifah halı daha da yaxşılaşacaq, dövlətimiz misligörüşməmiş iqtisadi gücə sahib olacaq.

Bəhruz Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Siyasət