TRIPP “Sülhün kəsişməsi” deyil

post-img

Yaxud Ermənistan XİN-in açıqlamasına sözardı

Əvvəla, onu xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair bu il avqustun 8-də imzalanmış Birgə Bəyannamənin 4-cü bəndində bildirilir ki, “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Sözügedən sənədin 3-cü bəndində isə bunlar yer alıb: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Elə isə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq yaydığı açıqlamaya diqqət yetirək. Açıqlamada bildirilib ki, “Tramp Marşrutu” layihəsinin icrasının praktik mərhələsi, o cümlədən tikinti işlərinin başlanması 2026-cı ilə planlaşdırılır. Hazırda layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması istiqamətində amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparılır. Müəyyən detallar üzərində dayanan erməni baş xarici siyasət idarəsindən o da bildirilib ki, erməni–amerikan birgə müəssisəsi - TRIPP Company Ermənistanda qeydiyyatdan keçəcək, dəmir və avtomobil yolları, neft-qaz kəmərləri, eləcə də fiber optik rabitə xətləri daxil olmaqla, zəruri infrastrukturun inkişaf etdirilməsi hüququnu əldə edəcək.

Əlbəttə, Ermənistanın TRIPP-lə bağlı ABŞ-la hansı əməkdaşlığı gerçəkləşdirməsi onun daxili işidir. Başlıca məqam ölkə XİN-in açıqlamasında “Tramp Marşrutu”nun rəsmi İrəvanın irəli sürdüyü “Sülh kəsişməsi”nin tərkib hissəsi qismində təqdim olunmasıdır: “İrəvanda “Tramp Marşrutu” hökumətin “Sülh kəsişməsi” təşəbbüsünün tərkib hissəsi kimi nəzərdən keçirilir”.

Birgə Bəyannamənin əvvəldə diqqətə çatdırdğımız iki bəndinə nəzərən TRIPP bağlantı layihəsi üzrə başlıca məqamın Naxçıvana maneəsiz yol olduğunu görmək heç bir çətinlik yaratmır. Paşinyanın hakim komandası belə bir vacib məqamla bağlı konkret açıqlama vermir və bu, heç yaxşı hal deyil. Çünki ölkənin başıpozuq müxalifətinin təmsilçiləri tamam fərqli ismarışlar səsləndirir, dəqiq desək, isterik çağırışlara baş vururlar. Onlar bildirirlər ki, Azərbaycan Mehrini işğal etmək niyyətindədir. Erməni iqtidarı reallığa köklənməlidir ki, bu sayaq yaramaz açıqlamalar ictimai rəydə möhkəmlənməsin. O zaman sual yaranır: görəsən, rəsmi İrəvan niyə duruma aydınlıq gətirmir? Sualı daha da aktuallaşdıran Ermənistan XİN-in yenidən “Sülhün kəsişməsi” ritorikasını gündəmə gətirməsidir. Qurum bu ritorikanı, bir növ, ehkamlaşdırmağa çalışır.

Bəli, “Sülhün kəsişməsi” layihəsində 8 avqust Birgə Bəyannaməsində yer almış və TRIPP-in məğzini təşkil edən Naxçıvana maneəsiz yol, demək olar, yoxdur. Təxminən 2 il əvvəl rəsmi İrəvan tərəfindən irəli sürülmüş, baş nazir Nikol Paşinyanın, eləcə də onun komandasındakı şəxslərin dəfələrlə müxtəlif platformalarda təbliğ etdikləri bu layihə Naxçıvana maneəsiz yolu ən axırıncı məqam kimi müəyyənləşdirir. O da bir şərtlə. Şərti diqqətə çatdıracağıq...

Məsələ ondadır ki, Paşinyanın təqdim etdiyi “Sülhün kəsişməsi” regional kommunikasiyaların açılması baxımından Laçın–Kornidzor–Marğara marşrutunu əsas tuturdu. Yəni beynəlxalq daşımalar Azərbaycanın Laçınından Ermənistanın Kornidzoruna daxil olacaq, oradan isə Türkiyə ilə sərhəddə – Marğara məntəqəsinə yetişəcək. Üstəlik, Türkiyə–Ermənistan sərhədi də açılacaq ki, dünya ilə bağlantı yaradılsın.

Qeyd edək ki, zamanında rəsmi İrəvan bu trayektoriyanı Orta Dəhliz kimi təqdim edirdi. Yeri gəlmişkən, ölkə XİN-in haqqında söz açdığımız açıqlamasında da vurğulanıb ki, “Sülhün kəsişməsi” regional qarşılıqlı əlaqəliliyin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqinə tam uyğundur: “Bunlara Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, “Orta Dəhliz”) və “Fars körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxildir”. Aydındır ki, Naxçıvana maneəsiz yol olmadan Ermənistan XİN-in vurğuladıqları mənasızdır. Naxçıvana yola gəldikdə isə Paşinyan aylar əvvəl birincisi, yolun ancaq dəmir yolu seqmenti üzərində dayanmışdı. Yəni “Sülhün kəsişməsi”ndə quru yolunun diqqətə çatdırdığımız Laçın–Kornidzor–Marğara xətti var idi. İkincisi, yuxarıda anonsunu verdiyimiz şərt qoyulurdu. Nikolun planına görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə qatarlar hərəkət etdikləri kimi, Ermənistanın Mehri rayonundan Yerasx bölgəsinə Naxçıvandan keçməklə qatarlar yön almalı idilər. Paşinyan belə yanaşması ilə Azərbaycanın Naxçıvana quru yolunun olmadığını nəzərə almırdı. Halbuki, Yerasx blokadada deyil.

Bir sözlə, əvvəlki dövrün təcrübəsi göstərir ki, Paşinyan və komandası nəyin bahasına olursa-olsun Naxçıvana maneəsiz yol vermək niyyətində deyil. Zaman-zaman rəsmi İrəvanın ortaya atdığı ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı klişesi də məhz bundan qaynaqlanmışdı. Əlbəttə, Azərbaycan heç bir halda işğalçılıq niyyəti güdməyib və ölkəmizin rəsmiləri dəfələrlə bu barədə söz açıblar. Prezident İlham Əliyev avqustun 8-dən sonra bir daha məsələnin üzərinə gəldi. Dövlətimizin başçısı avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirdi ki, “bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən”. Amma “biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik”.

Bu yerdə Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin Vaşinqton görüşünün nəticələrinə dair bu il avqustun 8-də imzalanmış Birgə Bəyannamənin 5-ci bəndinə nəzər salaq. Həmin bənddə bildirilir ki, “Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra, nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır”.

Sonda onu da bildirək ki, şərtləri yaradan Azərbaycandır. Ermənistanın qarşısında dayanan başlıca vəzifə onları yerinə yetirməkdir. İndiki durumda ölkə TRIPP-in tez bir zamanda fəaliyyətə başlamasına təmin etməlidir. Yəni Naxçıvana yol hansı müştərək erməni-amerikan hüquqi proseduru əsasında fəaliyyət göstərəcək, bizim üçün önəmli deyil. Önəmli olan yolun Birgə Bəyannamədəki maneəsizlik kazusudur.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət