Bakının gözləntisi nədir?
Məlum olduğu kimi, yanvarın 31-də Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng etdi. Dövlət başçıları hər iki ölkənin münasibətlərinin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğunu bir daha vurğuladılar. Telefon danışığı zamanı digər vacib məsələlər üzərində də dayanıldı ki, onlar Azərbaycanın regional güc, ən əsası yaxın qonşu və dost kimi İrana münasibətinin göstəricisi olaraq qiymətləndirilə bilər. Amma məsələ yalnız bununla məhdudlaşmır.
İranın, obrazlı desək, başının üstünü qara buludların aldığı bir mərhələdə Azərbaycandan ölkəyə yüksək səviyyəli telefon zənginin gerçəkləşməsi adi məsələ sayıla bilməz. Bu o deməkdir ki, Azərbaycan özünün Cənub qonşusuna qarşı mümkün hərbi əməliyyatlara heç bir formada qatılmayacaq, onlara hansısa şəkildə dəstək göstərməyəcək. Mövcud məqam Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Seyid Abbas Əraqçi arasındakı yanvarın 30-da gerçəkləşmiş telefon danışığında da vurğulandı: Azərbaycanın hava məkanı və ərazisi heç vaxt İrana qarşı hərbi əməliyyat üçün istifadə olunmayacaq.
Nazir Ceyhun Bayramov, həmçinin bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirdi, problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacibliyini qeyd etdi.
Ümumən, ölkəmiz müxtəlif dövrlərdə anti-İran koalisiyalarında iştirak etməyəcəyini açıqlayıb. Yada salaq ki, ötən ilin yayında baş vermiş 12 günlük İran–İsrail müharibəsi kimi həssas bir dövrdə də Azərbaycan eyni mövqeni tutdu. Həmin dönəmdə də C.Bayramov cənab Əraqçi ilə telefon danışığında açıq şəkildə bildirdi ki, Azərbaycan heç vaxt öz ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə imkan verməyəcək. O, eyni zamanda, bölgədə gərginliyin artmasının narahatlıq doğurduğunu və problemlərin yalnız dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini dilə gətirdi.
Bəli, Azərbaycan özünün prinsipial və dəyişməz xarici siyasət kursuna sadiqdir. Bu siyasət suverenlik və ərazi bütövlüyü prinsipinə əsaslanır və üçüncü tərəflərin regional miqyasdakı hərbi addımlarına haqq qazandırmamağı, dəstək göstərməməyi rəhbər tutur. Bu siyasət, habelə, gələcəyə söykənmiş pozitiv mahiyyətini də qorumaqdadır. Fikrimizin sübutu kimi bir məqama nəzər salaq.
Prezident İlham Əliyevin iranlı həmkarına yanvarın 31-dəki telefon zəngi zamanı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğu, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğu, ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinə tərəfdar çıxdığı vurğulanmaqla yanaşı, İran Prezidentinin ölkəmizə səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlandı, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olundu, həmçinin Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparılması üzərində dayanıldı.
Göründüyü kimi, Azərbaycan–İran münasibətləri situativ deyil, strateji və dəyişməz xarakterə malikdir ki, rəsmi Bakı bu yanaşmasını ən çətin mərhələlərdə də qorumaqdadır. Belə bir mövqe illərlə formalaşmış kursun davamı mahiyyətini daşımaqdadır. Azərbaycanın kursu İranın dost və qonşu məmləkət qismində vurğulanmasını rəhbər tutmaqla yanaşı, ölkəmizin regional aktor obrazının təqdimatıdır.
Bakı gərginliyin artmasında maraqlı deyil və bunu açıq şəkildə narahatlıqla qarşılayır. Başqa sözlə desək, Azərbaycan regional təhlükəsizlik arxitekturasında destruktiv yox, konstruktiv aktordur. Mövcud trayektoriyada diqqətə çatdırılan tarixi, etnik və dini bağlılıqlar Azərbaycan və İran arasında ikitərəfli dialoqun mühüm sütunudur və prezidentlərin telefon danışığı həm bu məqamı əsas götürür, həm də siyasi etimadın davam etdiyini göstərir.
Onu da bildirək ki, Azərbaycanın və İranın rəsmi şəxsləri, konkret olaraq, prezidentləri və XİN rəhbərləri arasındakı telefon danışıqları, eyni zamanda, regional və beynəlxalq auditoriyaya ünvanlanmış siyasi mesajdır. Bu mesajın məğzində əvvəldə vurğuladığımız məqamlar dayanır. Həmin məqamları bir qədər də konkretləşdirək və ümumiləşdirək. Birincisi, Azərbaycan İrana təhlükə yaratmır, yaratmayacaq. İkincisi, Bakı regionda hərbi eskalasiyanın tərəfi deyil və olmayacaq. Habelə Azərbaycan özünün suveren qərarvermə hüququndan imtina etmir, heç bir güc mərkəzinin forpostu deyil və ola bilməz. Üçüncüsü, ölkəmiz geosiyasətdə balans nöqtəsi kimi çıxış edir. Bu, Azərbaycanın oyun qaydalarını öz maraqlarına uyğunlaşdırmağa çalışmasıdır və ötən illərin təcrübəsi göstərir ki, Bakı istəyinə çatmağı bacarır.
Mühüm məqamlardan biri də budur ki, ölkəmiz yaşadığımız coğrafiyadan siyasi üstünlük yaratmaq naminə bəhrələnmək əzmini də ortaya qoyur. Bu missiya isə sülh və sabitlik çağırışı üzərindədir. Dolayısı ilə Bakının dünyanın üzərinə yükləndiyi Tehranla sabit əlaqələr xəttini qoruması, eyni zamanda, bütövlükdə regionu konfrantasiyalardan və siyasi kataklizmlərdən xilas etməyə yönəlmiş gedişdir ki, belə bir gedişin bəşəriliyinin əlavə sübuta ehtiyacı yoxdur. Axı Azərbaycan İrana qarşı ssenarilərin miqyasının böyük regional fəlakət perspektivi yaratdığının fərqindədir. Bu durum isə nə mövcud arealdakı ölkələrə, nə də onların xalqlarına sərfəlidir.
Sonda bir məqamın üzərində dayanaq. Söhbət İranda Azərbaycanın oynadığı rolun qiymətləndirilməsindən gedir. Əlbəttə, ölkənin hazırkı rəsmi rəhbərliyinin mövqeyi bəllidir və müsbət qiymətləndirilməlidir. Amma təəssüf ki, bəzən müsbət dinamikanın əksini görürük. Məsələn, İrandakı bəzi dairələrin hər dəfə ölkəyə qarşı beynəlxalq miqyaslı kampaniya başlayanda Azərbaycanı təhlükə mənbəyi qismində önə çəkmələrinin, belə demək mümkünsə, qıcıq dilini işə salmalarının şahidi oluruq. Bu ritorika isə istər-istəməz, cəmiyyətlərin ahəngində iz buraxır. Ona görə yaxşı olar ki, ümumən İranın hakim çevrələrində və ayrı-ayrı düşüncə mərkəzlərində Azərbaycana münasibətdə konsensus formalaşsın. Elə bir konsensus ki, yalnız fundamental məsələləri və məqamları rəhbər tutsun. O məsələləri ki, onlardan, kifayət qədər, söz açdıq və əvvəllər də bu barədə yazmışıq.
Ə.CAHANGİROĞLU
XQ


