Avropadakı mötəbər dostlarımızdan biri də Serbiyadır

post-img

Cənub-Şərqi Avropanın geosiyasi xəritəsində Serbiya ilə Azərbaycan arasında formalaşan münasibətlər klassik diplomatik əməkdaşlıq çərçivəsini çoxdan aşaraq strateji məzmun qazanıb. Fevralın 15-də ­Belqradda Azərbaycan Prezidenti İlham ­Əliyevin mətbuata bəyanatında səsləndirilən fikirlər bu münasibətlərin həm ideoloji, həm də praktik əsaslarını aydın şəkildə ortaya qoydu. Serbiyanın Dövlətçilik Günü münasibətilə ünvanlanan təbrik mesajı dövlət suverenliyi anlayışının iki ölkə arasında ortaq siyasi fəlsəfə kimi qəbul edildiyini göstərən siyasi siqnaldır.

Prezident İlham Əliyevin çıxışında “dövlətçilik” anlayışını xüsusi vurğulaması siyasi ritorikanın elementindən daha çox Azərbaycan–Serbiya münasibətlərinin fəlsəfi və normativ bazasına işarədir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətçilik siyasi iradənin müstəqilliyi, strateji qərarvermənin xarici təsirlərdən azadlığı və milli maraqların institusional şəkildə qorunması anlamına gəlir. Məhz bu çərçivədə Bakı ilə Belqrad arasında formalaşan yaxınlıq dərin struktur oxşarlığa əsaslanır.

Azərbaycan və Serbiya müxtəlif sivilizasiya və geosiyasi areallarda yerləşsələr də, onların tarixi inkişaf trayektoriyası oxşar siyasi sınaqlardan keçib. Hər iki dövlət imperiya irsi ilə üzləşib, regional güc balanslarının obyektinə çevrilib və müəyyən dövrlərdə məhdud suverenlik reallığında fəaliyyət göstərib. 

Serbiyanın XIX əsrdən etibarən dövlət müstəqilliyi uğrunda apardığı mübarizə onun siyasi kimliyində suverenlik anlayışını milli varlığın əsas şərti kimi formalaşdırıb. Xüsusilə Yuqoslaviyanın dağılması sonrası mərhələdə Balkanlarda baş verən geosiyasi transformasiyalar, beynəlxalq hüququn tətbiqində müşahidə olunan selektiv yanaşmalar və bəzi hallarda presedentlərin siyasi kontekstdən asılı şəkildə şərh olunması Serbiyanın suverenlik məsələsinə daha həssas və prinsipial yanaşmasına səbəb olub. Kosovoya dair mövqe məhz bu kontekstdə anlaşılmalıdır: burada əsas məsələ beynəlxalq sistemdə dövlətlərin hüquqi statusunun hansı prinsiplər əsasında müəyyənləşdirilməsi idi. Serbiya üçün bu məsələ normativ xarakter daşıyır və dövlətçilik ideologiyasının mərkəzi komponentinə çevrilib. Belə bir təcrübə Azərbaycan üçün başadüşüləndir, çünki oxşar selektiv yanaşmalar Azərbaycan torpaqlarının uzunmüddətli işğalı dövründə də müşahidə olunub.

Təxminən otuz il davam edən işğal dövründə Azərbaycanın beynəlxalq hüquqa istinad etməsi, BMT qətnamələrinin icrasını tələb etməsi və ərazi bütövlüyü prinsipini dəyişməz norma kimi irəli sürməsi dövlətçilik fəlsəfəsinin əsas istiqamətini müəyyən edib. Postmünaqişə mərhələsində suverenliyin faktiki və hüquqi baxımdan tam bərpası istiqamətində atılan addımlar beynəlxalq hüququn fundamental prinsiplərinin praktik təsdiqi kimi təqdim olunub. ATƏT-in Minsk qrupunun uzun illər boyu səmərəli və hərtərəfli vasitəçilik funksiyasını yerinə yetirməməsi, həmçinin bəzi hallarda BMT qətnamələrinin selektiv və qismən icrası, beynəlxalq sistemdə hüquqi normaların ikili standartla tətbiq olunması Azərbaycanın strateji yanaşmasını daha da aktuallaşdırdı.

Serbiyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək suverenliyin universallığı prinsipinə əsaslanan normativ yanaşmadır. Eyni şəkildə Azərbaycan da Serbiyanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirərək qarşılıqlı legitimlik müstəvisində dayanır. Deməli, ikitərəfli münasibətlər dövlətçilik fəlsəfəsinin uyğunluğuna əsaslanır. Hər iki ölkə üçün dövlət maraqları real siyasətin normativ meyarıdır. Xarici siyasət qərarları, iqtisadi tərəfdaşlıq modelləri və beynəlxalq platformalardakı mövqelər bu prinsip üzərində qurulur.

***

Prezident İlham Əliyevin bəyanatında Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini xüsusi vurğulaması dərin siyasi məna daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində xüsusilə yarı-periferik və orta güc statusuna malik dövlətlər üçün liderlik amili struktur faktorlarla müqayisədə daha yüksək çəkidə çıxış edir. Qlobal sistemdə qaydaların qeyri-müəyyənləşdiyi, güc mərkəzləri arasında rəqabətin artdığı və regional münaqişə risklərinin yüksəldiyi bir şəraitdə dövlətin strateji istiqamətini müəyyən edən əsas dəyişən çox zaman məhz siyasi rəhbərliyin qərarvermə qabiliyyəti, riskləri idarəetmə bacarığı və milli prioritetləri aydın şəkildə formullaşdırmaq gücü olur.

Serbiyanın son illər nümayiş etdirdiyi inkişaf trayektoriyasının bu kontekstdə təhlili göstərir ki, təbii sərvətlər baxımından məhdud resurslara malik bir dövlətin iqtisadi artımı və sosial sabitliyi qoruması yalnız bazar mexanizmləri ilə izah edilə bilməz. Burada əsas rol siyasi idarəetmənin mərkəzləşdirilmiş strateji baxışla institusional mexanizmləri uzlaşdırmasındadır. Vuçiç hakimiyyəti dövründə Serbiya həm infrastruktur modernləşməsi, həm xarici investisiyaların cəlbi, həm də sosial proqramların davamlılığı baxımından paralel prosesləri idarə edə bilib. Bütün bunlar isə siyasi sabitliklə iqtisadi dinamikanın qarşılıqlı şərtlənməsi modelini ortaya qoyur.

Eyni zamanda, Serbiyanın Avropa məkanında apardığı balanslı xarici siyasət diqqətə layiqdir. Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirərkən, digər qlobal və regional aktorlarla münasibətləri qorumaq, manevr imkanlarını saxlamaq və suveren qərarvermə hüququnu məhdudlaşdırmamaq siyasəti liderlik iradəsinin məhsuludur. 

Azərbaycan üçün də oxşar siyasi model müşahidə olunur. Enerji resursları ölkənin geoiqtisadi mövqeyini gücləndirən mühüm amildir, lakin əsas strateji üstünlük məhz bu resursların siyasi balans siyasəti ilə birləşdirilməsindədir. Bakı, eyni zamanda, Avropa İttifaqı, regional güclər və Asiya istiqamətində əməkdaşlığı paralel şəkildə inkişaf etdirərək çoxtərəfli diplomatiya xəttini qoruyur. Burada da liderlik amili – risklərin düzgün hesablanması, prioritetlərin dəqiq müəyyənləşdirilməsi və milli maraqların normativ əsas kimi təqdim olunması – sabitliyin əsas dayağına çevrilir. Hər iki ölkədə siyasi sabitlik iqtisadi inkişafın nəticəsi olmaqla yanaşı, onun ilkin şərti kimi çıxış edir. Dövlət rəhbərliyinin strateji vizyonu isə bu sabitliyi daxili legitimlik və xarici manevr imkanları ilə birləşdirərək daha dayanıqlı model formalaşdırır. Məhz bu oxşar siyasi arxitektura Azərbaycan–Serbiya münasibətlərində qarşılıqlı anlaşmanı dərinləşdirir və tərəfdaşlığı şəxsi simpatiya səviyyəsindən institusional strateji yaxınlıq mərhələsinə yüksəldir.

***

Bakı–Belqrad münasibətlərini xarakterizə edən əsas xüsusiyyət ondan ibarətdir ki, bu xətt klassik ideoloji ittifaq modelinə uyğun gəlmir. Burada nə vahid siyasi bloklaşma, nə də universal dəyərlər ətrafında formalaşmış normativ birlik mövcuddur. İkitərəfli münasibətlər oxşar siyasi idarəetmə fəlsəfəsindən, dövlətin roluna dair ortaq baxışdan və inkişafın milli kontekst daxilində şərh edilməsindən qaynaqlanır.

Həm Azərbaycan, həm də Serbiya üçün demokratiya, inkişaf və inteqrasiya anlayışları tarixi təcrübənin və daxili siyasi təkamülün nəticəsi kimi dəyərləndirilir. Demokratiya institusional sabitlik və idarəolunan transformasiya çərçivəsində şərh olunur; inkişaf iqtisadi artım göstəricilərindən daha çox sosial dayanıqlılıq və infrastruktur ­modernləşməsi ilə ölçülür; inteqrasiya isə milli maraqlara uyğun şəkildə selektiv və mərhələli proses kimi qəbul edilir.

Hər iki dövlətin təqdim etdiyi model ideoloji radikalizmdən və ya blok düşüncəsindən uzaqdır. Azərbaycan və Serbiya arasında formalaşan dövlətçilik fəlsəfəsi məhz bu baxımdan ortaq siyasi kod funksiyasını yerinə yetirir. 

Son olaraq qeyd edək ki, Bakı–Belqrad münasibətləri daha dərin – dövlətin mahiyyəti, suverenliyin rolu və inkişaf modelinin xarakteri barədə ortaq baxışa əsaslanır. Məhz bu praqmatik ideoloji yaxınlıq Azərbaycan–Serbiya tərəfdaşlığını daha dayanıqlı və perspektivli strateji əməkdaşlıq modelinə çevirir.

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

 



Siyasət