Moldova postsovet məkanından necə uzaqlaşır?

post-img

Kişineunun bu qərarı Avropanın təhlükəsizlik arxitekturasında yer alacaq

Müasir dünyada təhlükəsizlik anlayışı artıq siyasi sabitlik, informasiya mühiti və institusional dayanıqlılıq kimi elementləri özündə ehtiva edir. Avropanın şərqində baş verən proseslər göstərir ki, təhlükələr getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. Belə olan halda, kiçik dövlətlərin rolu da dəyişir, onlar nəinki təsirə məruz qalır, həmçinin təsirləri analiz edən və qarşısını alan aktorlara çevrilirlər.

Moldova məhz belə bir transformasiyanın mərkəzində dayanaraq öz təhlükəsizlik təcrübəsini daha geniş geosiyasi məkan üçün əhəmiyyətli model kimi təqdim etməyə çalışır. Təhlükəsizlik anlayışının Moldova üçün hər zaman əsas məsələlərdən biri olduğunu nəzərə alsaq, ölkənin həm də Aİ-ni daha təhlükəsiz edə biləcəyi barədə iddiaları təəccüb doğurmamalıdır. Moldovanın Avropaya inteqrasiya üzrə baş nazir müavini Kristina Qerasimov bildirib ki, ölkəsinin Aİ-yə inteqrasiyası çox vaxt Moldova üçün təhlükəsizlik zəmanəti kimi təsvir olunsa da, bu, eyni zamanda, qitənin öz təhlükəsizliyinə qoyduğu strateji sərmayədir.

Moldovanın Aİ ilə üzvlük danışıqları rəsmi olaraq 2 il öncə başlandı və Kişineu o vaxtdan etibarən öz gələcəyini Moskva orbitindən kənarda qurmaq istəyini açıq şəkildə bildirdi. Bu gün ölkə MDB-nin təsisatlarından tam çıxma prosesini rəsmiləşdirib. Sözügedən addım Kişineunun postsovet inteqrasiya modelindən qəti şəkildə uzaqlaşdığını göstərir. Sözsüz ki, cari siyasi kursun arxasında əsas amil Rusiya faktorudur. Çünki Moskva postsovet ölkələri üzərində öz təsir alətlərini müxtəlif formalarda saxlamağa çalışır. Məsələn, Dnestryanı bölgədə hələ də təxminən 1500 rus hərbçisi qalır ki, bu da Kişineunun suverenliyinin daim təzyiq altında saxlayan real təhlükə kimi qiymətləndirilir. Üstəlik, Rusiya ilə bağlı iddialar təkcə hərbi mövqe ilə məhdudlaşmır. Ötən il Prezident Maya Sandu bildirmişdi ki, Rusiyadan gələn qanunsuz maliyyələşmə və seçki korrupsiyası Moldova üçün əsas təhlükəyə çevrilib. Görünür, Kremlin Moldovaya yanaşması “yumşaq güc”dən çox, hibrid təzyiq məntiqinə əsaslanır.

Şübhəsiz, Kişineunun siyasi kursu məhz bu təhdidlərin fonunda formalaşıb. Moldova seçkiləri xarici müdaxilənin ən həssas nöqtəsi kimi görür. Seçki ərəfəsində səs alqı-satqısı, kiberhücumlar və dezinformasiya kampaniyaları barədə səslənən ittihamlar da bunu təsdiqləyir. Seçkilər Rusiya üçün ən asan giriş nöqtəsidir və məsələyə artıq milli təhlükəsizlik nöqteyi-nəzərindən yanaşılır. Diqqətçəkən başqa məqam odur ki, Moldova artıq özünü təcrübə ötürən aktor kimi təqdim edir. Prezidentin milli təhlükəsizlik müşaviri Stanislav Sekrierunun dediyi kimi, ölkə Rusiyanın hibrid təhdidlərinə qarşı “çətinliklə əldə edilmiş bilik və sınaqdan çıxmış həllər” toplayıb. Yəni Moldova açıq şəkildə bildirir ki, onun təcrübəsi Avropanın digər dövlətləri üçün faydalı ola bilər.

Moldovanın təhlükəsizlik gündəliyini həssas edən məqam Avropanın özündə də siyasi risklərin artmasıdır. Macarıstandakı seçkilərdən tutmuş Fransa, İtaliya, İspaniya və Polşadakı siyasi yarışlara qədər bir çox proseslərdə xarici təsir, populist dalğa və dezinformasiya ehtimalı müzakirə olunur. Təhlükəsizlik davamlı strategiya ilə dəstəklənməzsə, populist dalğanın güclənməsi qaçılmaz ola bilər. Bu isə regional təhlükəsizlik arxitekturasının dəyişməsi ilə nəticələnər. Maya Sandunun diplomatik fəallığı mövcud risklərin qarşısını almağa yönəlib. O, Avropa paytaxtlarında çıxış edərək Moldovanın inteqrasiyasının vacibliyini əsaslandırır. Lakin Kişineunun müraciətinin Kiyev ilə əlaqələndirilməsi və prosesin Viktor Orbanın mövqeyi səbəbindən ləngiməsi göstərir ki, Aİ-nin genişlənmə siyasəti həm də siyasi dilemmalarla müşayiət olunur.

Sandunun Latviya parlamentindəki çıxışı isə bu dilemmaların strateji mahiyyətini açıb. O bildirib ki, öz təhlükəsizliyinə ciddi yanaşan Avropa şərq qonşularına da ciddi yanaşmalıdır: “Bir tərəfdən Ukraynanı dəstəkləyib, digər tərəfdən demokratik ölkələri “boz zonalarda” saxlamaq olmaz. Və vətəndaşlarını parçalamağa çalışan qüvvələr barədə xəbərdarlıq edərkən onlar üçün sərhədlərindən kənarda hazır hədəflər buraxmaq düzgün deyil”.

Çox güman Sandu bu çıxışı ilə həm də Aİ-yə xəbərdarlıq etmək istəyib. Çünki Kişineu öz təcrübəsi ilə sübut edir ki, təhlükəsizlik boşluqları gec-tez sistemin zəif nöqtəsinə çevrilir. Yəni Aİ genişlənmə məsələsindən daha çox, təhlükəsizlik arxitekturasının yenidən qurulması prosesinə fokuslanmalıdır.

Sonda bir məqamı da xatırladaq ki, enerji və iqtisadi asılılıq faktoru artıq təhlükəsizlik müstəvisinə keçir. Uzun illər Rusiya qazından asılı olan Moldova son dövrlər alternativ mənbələrə yönələrək bu asılılığı azaltmağa çalışır. Bununla Kişineu siyasi təzyiqlərin qarşısını almaq istəyir. Çünki enerji rıçaqları hibrid təsirin ən effektiv alətlərindən biri kimi istifadə olunur. Ona görə də Moldova iqtisadi təhlükəsizlik müstəvisində də müqavimət modeli formalaşdırmağa cəhd edir. Xülasə, rəsmi Kişineunun seçdiyi yol Avropa üçün daha geniş məna kəsb edir. Əgər “qoca qitə” bu siqnalları düzgün oxuyub qərarlarını buna uyğun formalaşdıra bilsə, Moldova kimi dövlətlər sərhəd bölgələri ilə yanaşı, təhlükəsizlik sisteminin aktiv dayaqlarına çevrilə bilər. Əks halda, “boz zonalar”ın genişlənməsi və onların geosiyasi qarşıdurmanın əsas meydanına çevrilməsi qaçılmaz olacaq.

N.ELDARQIZI
XQ

Siyasət