2026-cı il 12 aprel tarixində Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirmişdir. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunmuş, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılmışdır. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirmişdir.
BTQ-dən XQ-ə verilən məlumata görə, hadisə ilə bağlı prokurorluq nümayəndələri əraziyə cəlb olunmuş, ilkin istintaq tədbirləri həyata keçirilmiş və araşdırma Puant-a-Pitr (Pointe-à-Pitre) şəhərinin istintaq bölməsinə həvalə edilmişdir. Eyni zamanda, Silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunmuşdur. Hadisədən sonra ərazidə vəziyyətin gərginləşdiyi, yerli əhali ilə polis arasında qarşıdurma hallarının baş verdiyi bildirilir.
Digər tərəfdən, Qvadelupda “Jardarma Zorakılığına Qarşı Birlik” təşkilatı (Kolektif Gwadloup Kont Vyolans a Jandam) tərəfindən yayılan bəyanatda hadisə sərt şəkildə tənqid olunmuşdur. Bəyanatda Liber Argelier adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanmış və bu hadisə “dövlət zorakılığının növbəti nümunəsi” kimi qiymətləndirilmişdir.
Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia etmiş, eyni zamanda hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirmişdir. Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının aydınlaşdırılması tələb olunmuşdur.
Nəticə etibarilə, bəyanatda həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlb edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer almışdır. Təşkilat mərhumun ailəsinə başsağlığı vermiş və hadisənin Qvadelup cəmiyyətində ciddi narahatlıq doğurduğunu qeyd etmişdir.
Mənbə: https://www.facebook.com/photo/?fbid=10164094537178622&set=a.10151591942993622

