Mətbuat ruhum ömür yolumdur. Əmək fəaliyyətimin 35 ili “Kommunist” qəzeti redaksiyasında keçib. Hələ tələbəlik illərimdən bu qəzetdə yazılarım dərc edilirdi. Bu qəzetdə işləmək mənim ən ülvi arzum idi. Belə istək çoxlarının ürəyindən keçirdi.
“Kommunist” qəzeti respublikanın 1 nömrəli mətbuat orqanı idi. Geniş ictimaiyyət də, bütün idarəedici orqanlar da bu qəzeti Azərbaycan mətbuatının bayraqdarı qəbul edirdilər. Nədən ki, qəzetin ideya-siyasi səviyyəsi zamanın, həm də xalqın tələblərinə tam uyğun idi. Bu səbəbdən idi qəzet həftənin altı günü hər dəfə yarım milyon həddində tirajla nəşr olunurdu (Rəsmi məlumat: 1981-ci ildə SSRİ-nin müttəfiq respublikalarında çap olunan ən yüksık tirajlı gündəlik qəzetlərin siyahısı belə sıralanırdı: Birinci yerdə Kiyevdə çıxan “Pravda Ukraina” qərarlaşmışdı – tirajı 560 min nüsxə idi. İkinci yerdə Bakıda nəşr edilən “Kommunist” qəzeti idi – gündəlik tirajı 468 min nüsxə ... Yerevanda isə ən çox tirajı olan rus dilində çıxan “Kommunist” idi – gündəlik 52 min nüsxə ilə).
Hər il respublikanın hər tərəfindən, keçmiş SSRİ-nin müxtəlif yerlərindən, xarici ölkələrdən, qalaq-qalaq, on minlərlə məktub alırdı “Kommunist” redaksiyası. Məktublar şöbəsi onları diqqətlə çeşidləyir, ayda bir neçə dəfə “Məktublar səhifəsi” verilirdi. Redaksiyaya məktub axınının belə çox olması insanların bu qəzetə inamının göstəricisi idi. Məktubların böyük əksəriyyəti yerlərdəki haqsızlıqlardan, qanun pozuntularından, dolanışıq çətinliklərindən, digər mənfi hallardan bəhs edirdi. Yəni, şikayətçilərin əli hər yerdən üzüləndən sonra, məktubla axırıncı ümid yeri kimi inandıqları-güvəndikləri “Kommunist”ə üz tuturdular. Çünki “Kommunist” qəzeti radaksiyasında müraciətlərə diqqət güclü idi. Yazılanlara “hər məktubun arxasında bir canlı insan durur” amalı ilə yanaşılırdı.
Bir qayda olaraq, dövrünün müxtəlif cəhətləri, həyatı əhəmiyyətli qanun və qərarlar bu qəzetdə dərc edilir, bəzən ümumxalq müzakirəsinə çıxarılırdı. Dövlət idarəçiliyinin bir vəsiləsinə çevrilmişdi bu qəzet. Hər zaman Azərbaycanla əlaqədar çoxyönümlü məsələlərə dərhal öz münasibətini bildirirdi. Milli dilin saflığı, orfoqrafiya qaydalarının tənzimlənməsi, bir sıra əcnəbi sözlərin dilimizdə qarşılığının mətbuata çıxarılması uğrunda mübarizədə qəzet öncül mövqedə olub. SSRİ-nin son Konstitusiyasının layihəsinin müzakirəsində Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili qəbul olunması uğrunda öz səhifələrində geniş müzakirələr açmışdı.
Bunları yazmaqda məqsədim bildirməkdir ki, bu qəzetin adı “Kommunist” olsa da, amalı-məsləyi dövlətçiliyə, azərbaycançılığa, xalqa sədaqətlə xidmət idi. Bunu belə bir fakt da sübut edir: Qəzetin 10-dan çox şöbəsindən – sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, elm və təhsil, ədəbiyyat və incəsənət, məktublar və kütləvi iş, xəbərlər, yerli mətbuat, idman, elanlar və sairədən fərqli olaraq, adını çəkmədiyin təkcə bir şöbə partiya məsələlərini işıqlandırırdı. “Kommunist” partiya mətbuatından üstün olaraq, ictimai-siyasi, kütləvi, başqa sözlə, “xəlqi” qəzet idi. Heç də təsadüfi deyil ki, “Kommunist”in davamçısı “Xalq qəzeti” adlanır.
Belə siqlətinə görəydi ki, bu qəzeti xalq sevirdi. Onu hər yerdə gözləyirdilər. Elm-incəsənət adamları, şair və yazıçılar, ictimai xadimlər, rəhbər vəzifəlilər müntəzəm olaraq bu qəzetdə çıxış edirdilər. Onun redaksiyasında çalışmaq arzusunda olanlar isə saysız-hesabsız idi. Biri də mən idim...
1970-ci ilin dekabr ayında Bakıdakı digər respublika qəzetləri redaktorlarının şirin vədindən fərqli olaraq “Kommunist”in redaktoru Ağababa Rzayev mənə şirin vəd vermədi, qətiyyətlə və konkret dedi: Get, Bakı şəhərində pasport qeydiyyatına düş, gəl, səni işə götürüm! Bu müşkül işi həll etmək üçün 10 günə qədər vaxt itirdim. Fəqət, Ağababa müəllim sözünün üstündəydi. Bu redaksiyada işə düzəlmək istəyində olan çoxsaylıların adam-nəfərinə, tapşırıqlara məhəl qoymadan mənim kimi kimsəsizi təmənnasız surətdə işə qəbul etdi... Sonralar “Kommunist”in başqa bir redaktoru Rəşid Mahmudovdan da sonsuz qayğı və etimad görmüşəm. Məkanları cənnət olsun, bu unudulmaz nəcib insanların!
Adlarını sadaladığım bu iki mahir, fədakar jurnalistdən savayı, Cəmil Əlibəyov, Ramiz Əhmədov, Tofiq Rüstəmov, onlardan illərlə əvvəl İsrafil Nəzərov, Xasay Vəzirov, Əli Vəliyev daha bir neçə ictimai-siyasi xadim “Kommunist”ə cəfakeşlikə redaktorluq ediblər. Cəfakeş ifadəsini ona görə işlədirəm ki, onlar çətin, riskli olsa da, xalq mənafeyini partiya təzyiqlərinə qurban vermədən qoruya biliblər. İndi dönüb keçmişə nəzər salanda bəlli olur ki, məqsədi-məramı partiyadan çox doğma xalqına xidmət etmək olub bu redaktorların. Belələrinin sayəsində “Kommunist” qəzeti dövrünün çoxyönümlü, mürəkkəb, qalmaqallı, məşəqqətlizamanında millətin tərəfində durub, imkanı daxilində öz obyektiv, ədalətli sözünü deyib.
1991-ci ilin 19 avqustunda Moskvada SSRİ-nin bir qrup rəhbərinin “Qorbaçov yenidənqurmasına” qarşı uğursuz dövlət çevrilişi cəhdi müqabilində avqustun 24 və 25-də Sov.İKP MK-nın son plenumu çağırıldı. Plenum Sovet İttifaqı Kommunist Partiyasının ləğv edilməsi qərarına gəldi. Buna müvafiq olaraq Azərbaycan Kommunist Partiyası da ləğv edildi. Ölkədə “kommunist” sözü “xalq düşməni” ifadəsinin sinoniminə çevrildi. Uzun illər xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmiş, partiya mətbuatından daha çox kütləvi-ictimai nəşr olan “Kommunist” qəzeti də məhz bu zaman bütünlüklə xalqın tərəfinə keçdi. Nə yaxşı ki, “Kommunist” qəzetini bugünkü “Xalq qəzeti” əvəzlədi...
Rafiq HƏSƏNOV,
“Xalq qəzeti”nin sabiq xüsusi müxbiri


