Əsrlər boyu türk xalqlarını ümumi dil, ortaq folklor nümunələri ilə bərabər, mahnı və melodiyalar da qırılmaz mənəvi tellərlə bağlamışdır. Turan ellərinin zəngin musiqi ənənələrinin dərindən öyrənilərək təbliğ olunması milli musiqişünaslığımız qarşısında duran mühüm vəzifələrdəndir.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova son illər bu sahədə sanballı tədqiqatlar aparmışdır. Tanınmış sənətşünas alimin bu mövzuda yazılarını oxuculara təqdim edirik.
(Birinci yazı)
Türk xalqlarının ənənəvi musiqi mədəniyyəti – xalq yaradıcılığı və şifahi ənənəli peşəkar musiqi janrları, habelə milli çalğı alətləri barədə bilgilərin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ölkəmizin ali musiqi məktəblərində “Türk xalqlarının musiqisi” fənni geniş tədris olunur.
Yaşadığımız əsri türk əsri adlandırsaq, zənnimizcə, yanılmarıq. Ən son tarixi proseslər türk xalqlarının vüsətli dirçəlişini və birliyini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının mövcudluğu artıq bir gerçəkliyə çevrilib və bu taleyüklü olaylar tarixin ən dərin qatlarından baş alıb gələn ortaq düşüncənin, zəngin mədəniyyətin varisliyi sayəsində mümkün olmuşdur. Onlara baş vurduqda nəhəng türk dünyasının möhtəşəm ulu keçmişinə, müdrik həyat fəlsəfəsinə, yaşamaq qüdrətinə heyran qalmaya bilmirsən...
Tarixən türklər geniş coğrafi məkanda məskunlaşıblar. Şərqdə Tyan-şan dağlarından tutmuş qərbdə Qara dənizin çöllərinə qədər Avrasiyanın böyük əraziləri çoxsaylı türk tayfalarının məskəni olmuşdur.
Şifahi xalq ədəbiyyatı – qədim əfsanələr, əsatirlər, dastanlar bütün türk xalqlarında oxşardır. Mərasimlər, atalar sözlərinin, demək olar ki, eyniliyi, “Dədə Qorqud”, “Manas”, “Koroğlu” və s. qəhrəmanlıq dastanlarının, müxtəlif nağılların, əfsanələrin, el nəğmələrinin, musiqi alətlərinin müştərəkliyi onların konkret olaraq hansı xalqın məxsusluğunu ayırd etməyi belə çətinləşdirir.
Türklər ta qədimdən musiqiyə müstəsna önəm vermişlər. Çin, Hun türkləri, uyğur türkləri, səlcuqlar və osmanlıların, türk xalqlarının saray və düşərgələrində musiqi qrupları hər gün 9 kök deyilən əsərlər çalırdılar. Ozansız, qopuzsuz Səlcuq ordusu olmayıb. Bu ənənə bütün türk qurumlarında özünü qabarıq göstərib.
Türkdilli xalqların etnik musiqisinin toplanması və tədqiqi işində, ilk növbədə, rusiyalı alimlərin böyük rolu olmuşdur. Təbii ki, rusların türk xalqlarının musiqisinə xüsusi marağı siyasi-ictimai amillərlə şərtlənmişdi. Bu proses dağılmış Rusiya imperiyasının ərazisində XX əsrin əvvəllərində SSRİ adlı dövlətin yaranması ilə daha məqsədyönlü və geniş xarakter almışdı.
Musiqi türkologiyasının bir elm istiqaməti kimi formalaşması XX əsrdə başlanmışdır. Onun əsasını qoyan alimlər sırasında Azərbaycan musiqi mədəniyyətinin dahi siması Üzeyir Hacıbəylinin rolu xüsusi vurğulanmalıdır.
Bu baxımdan bəstəkarın uzun müddət naməlum qalmış bir araşdırması – 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin bir illiyi münasibətilə “İstiqlal” qəzetində dərc olunmuş “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsi böyük önəm daşıyır. Doqquz bölmədən ibarət olan məqalənin ikinci bölməsi, əslində, türkdilli xalqların musiqi irsinin müqayisəli kontekstdə səciyyəsidir.
Məqalədəki iki fikir indi də aktuallığını itirməmişdir: türk xalqlarının dil baxımından ümumiliyi daha çoxdur, onların musiqi sistemlərində isə tarixən daxil olduqları mədəni əlaqələr çevrəsinin təsiri daha güclü olmuş və nəzərəçarpacaq müxtəliflik yaratmışdır.
Ü.Hacıbəylinin cənub türklərinin musiqi sistemlərinə yunan-ərəb, şimal türklərinin musiqisinə çin musiqisinin lad və üslub cəhətlərinin təsirini qeyd etməsi türk xalqlarının musiqi sənətinin müqayisəli kontekstdə araşdırılması baxımından indi də aktual səslənir.
Sovet dövründə türkdilli respublikaların hər birində milli musiqinin təd-qiqi ilə məşğul olan sanballı alimlər yetişmişdi. Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya Federasiyasına daxil olan Tatarıstan, Başqırdıstan, Tiva, Saxa və digər respublikalarda milli musiqinin tarixinə və nəzəri problemlərinə həsr olunmuş çox sayda tədqiqatlar vardır. Lakin bu tədqiqatlarda ümumtürk mənşəyinin araşdırılması məsələsi ön plana çıxmamışdı. Bu məsələlər ötən əsrin 70-ci illərindən etibarən müəyyən dərəcədə musiqi şərqşünaslığının tərkibində yer almağa başlamışdır.
Bu baxımdan görkəmli özbək alimi, professor Fayzullo Karomatlının (1925-2014) rolu xüsusi vurğulanmalıdır. Həmin dövrdə o, 1972-ci ildə işlədiyi Daşkənd Konservatoriyasında “Şərq musiqisi” kafedrasını yaratmağa müvəffəq olmuşdu. Bunun nəticəsidir ki, 1978, 1983 və 1987-ci ilərdə Özbəkistanın Səmərqənd şəhərində Yaxın və Orta Şərq xalqlarının ənənəvi musiqisinə həsr olunmuş beynəlxalq musiqişünaslıq simpoziumları təşkil edilmişdi. 1990-cı ildə “Barbəd və Mərkəzi Asiya xalqlarının bədii ənənələri” adlı beynəlxalq simpozium böyük əks-səda doğurmuşdu. Bu forumlarda F.Karomatlının oxuduğu məruzələr Şərq musiqisini öyrənmək istiqamətində konseptual məsələlərin ortaya qoyulması ilə səciyyələnir.
Mərkəzi Asiyada ilk dəfə musiqi türkologiyasının mövcudluğu və problemləri barədə açıq danışmağa başlayan alim isə Qazaxıstan musiqişünaslıq elminin tanınmış nümayəndəsi Bulat Karakulov (1942-2014) olmuşdur. Məhz o, 1979-cu ildə öz fikirlərini “Musiqi türkologiyasının problemləri” məqaləsində ortaya qoymuşdur. Müstəqillik illərində B.Karakulov ilk dəfə 1994-cü ildə Almatıda keçirilmiş “Türk xalqlarının musiqisi” Beynəlxalq simpoziumunun təşəbbüskarlarından və əsas təşkilatçılarından biri olmuşdur.
Azərbaycanda bu problemlərin araşdırılması ilə artıq uzun illərdir ki, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova məşğul olur. Onun fikrincə, musiqi türkologiyası tipoloji-müqayisəli təhlil yolu ilə türk xalqlarının musiqisininin genefondunun axtarışı istiqamətində qüdrətli bir vasitədir. Müəllifin 2002-ci ildə dərc olunmuş “Musiqi türkologiyası” kitabında yazdığı kimi, “Azərbaycan musiqişünaslığının ən aktual və eyni zamanda, ən mürəkkəb problemlərindən biri milli musiqi mədəniyyətinin türk köklərinin araşdırılmasıdır”.
Keçmiş sovet respublikaları ilə yanaşı, musiqi türkologiyası Türkiyə və Macarıstanda da əhəmiyyətli elmi nailiyyətlərlə gündəmdədir. Türkiyə Cümhuriyyətinin musiqişünasları digər türk xalqlarının tarixi, etnoqrafiyası və musiqi ənənələrinə böyük maraq göstərirlər. Bu baxımdan, türk tədqiqatçısı, professor Fəza Tansuğ öz işlərində türk musiqi tarixini izləyərək, ayrı-ayrılıqda hər bir türkdilli xalqın ənənəvi musiqisinin xasiyyətnaməsini vermişdir. O da türksoylu xalqların musiqisini üslub əlamətlərinə görə klassifikasiya edərək, bu zaman Üzeyir Hacıbəyli kimi coğrafi prinsipə əsaslanmış, lakin onu daha da şaxələndirmişdir.
Macarıstanda musiqi türkologiyasıının uğurları onun iki başlıca mənbəyinin–türkologiya və etnomusiqişünaslığın yüksək inkişaf səviyyəsi ilə müəyyən olunub. Təsadüfi deyil ki, dahi bəstəkar və folklorşünas alim Bela Bartok Türkiyədə təşkil olunan musiqi folkloru ensiklopediyalarına rəhbərlik etmək məqsədilə 1930-cu illərdə Türkiyəyə dəvət edilmişdi.
Digər tərəfdən, macar folklor musiqisinin türk musiqisi ilə yaxınlığı bu ölkədə musiqi türkologiyasının inkişafını sürətləndirib. Bela Bartok və Zoltan Kodainin ardınca digər alimlər, o cümlədən Azərbaycana da gəlmiş Yanoş Sipoş geniş coğrafi ərazilərdə (Anadolu, Azərbaycan, Şimali Qafqaz, Qazaxıstan, Qırğızıstan) məhsuldar toplama işləri aparmış və dəyərli elmi əsərlər yazmışlar.
Lalə HÜSEYNOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

