Onu yaşlı nəslin nümayəndələri, televiziya və radio işçiləri çox yaxşı tanıyır. Hər zaman xeyirxah əməlləri ilə sevilərək xatırlanan o xoşbəxt adam on minlərlə teleradio işçisinin sevimlisi və əsl arxa-dayağı - Sərhəd Qasımovdur.
Sərhəd müəllim AZTV-nin ən ləyaqətli və dəyanətli, özü və sözü bütöv əməkdaşlarından biri olub. Bütün ömrünü,işgüzar fəaliyyətini insanların öz iş yerlərində daha rahat olmasına, güzəranının yaxşılaşmasına həsr edib.
Sıravi elektromexanikdən, studiyadankənar işıq sexinin rəisi və nəhayət çoxminli kollektivin həmkarlar ittifaqı komitəsinin sədrliyinədək yüksəlib.
Moskva Ali Həmkarlar İttifaqı İnstitutunun İqtisadiyyat fakültəsini bitirən Sərhəd Rəhmət oğlu Qasımov 50 ildən çox AZTV-nin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib.
Bəlkə də ölkəmizin idarəçilik tarixində onun qədər uzun müddətli Həmkarlar İttifaqı Komitəsinə sədrlik edən ikinci bir insan yoxdur.Ömrünün 51 ilini Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmək bəlkə də Tanrının Sərhəd Rəhmət oğluna ən böyük ərməğanıdır.Sağlığında özünə minlərlə insanın rəhmətini qazanmaq Sərhəd kişinin halal-hümmət qazancıdır.
Müdriklər "İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir, sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur" deyiblər.
Sərhəd Qasımov uzun illər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvü, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Komitəsinin, Şirkətinin) kollegiya üzvü olmuşdur.
Sərhəd Qasımov səmərəli fəaliyyətinə görə ölkə Başçısının sərəncamları ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adı və "Tərəqqi "medalı ilə təltif olunmuşdur.
Şərəfli ömür yolu keçən Sərhəd müəllimin hər zaman bir amalı,bir arzusu olub-insanlar özlərini evlərindəki kimi hiss etməli,heç bir qayğılarla yüklənməməlidir.
O, Qurban Yusifzadənin,Elşad Quliyevin,Qeysər Xəlilovun,Məmməd Muradın,Məmməd İsmayılın,Babək Məmmədovun,Nizami Xudiyevin və nəhayət Arif Alışanovun Aztv sədri olduğu dövrlərdə məhz bu istiqamətdə işini qurmağı asanlıqla bacardı.
30 ildən artıq bir yerdə çalışdığım və 17 il müavini olduğum,hər gün dəfələrlə görüşdüyüm,salamlaşdığım Sərhəd müəllim hər zaman cəld yerişi,qısa və olduqca məntiqli söz-söhbəti, düzgün və obyektiv qərarları ilə yadımda qalıb.
Ona müraciət edənlərin heç birini naümid qoymazdı.Elə kabinetindəcə həmin şəxsin müraciətinə baxıb qısa bir zamanda həll edərdi.Xeyir iş görənləri,hüzrü düşənləri,müalicəyə ehtiyacı olanları ,əməkdaşların ailələrində baş verən çətinlikləri diqqətindən yayındırmazdı.İmkansız adamların yanında olmağı özünə mənəvi borc sayardı.Maddi ehtiyacı olanlara köməyini əsirgəməzdi.
Odur ki, Aztv-nin əməkdaşlarının hər biri Sərhəd müəllimi özlərinin yaxın sirdaşı,dostu və həmdəmi sanardılar.
Xoşbəxtəm ki,uzun illər belə bir zəkalı və müdrik insanla çiyin-çiyinə çalışmışam və onun müavini olmuşam. Onunla çalışdığım müddət ərzində Sərhəd müəllimdən idarəçiliyin nə olduğunu, insanların qayğısına qalmağı, əməkdaşlarla təmkinlə rəftar etməklə yanaşı çox şeyi öyrəndim. Sərhəd müəllim hamı ilə dil tapmağı çox mükəmməl bacarırdı.
Sərhəd müəllim təqaüdə getdikdən sonra bugünədək jurnalist həmkarım ,Sərhəd müəllimin də mənim də dəyərli dostumuz Akif Cabbarlı ilə birlikdə ona baş çəkir ağsaqqal öyüd-nəsihətlərini dinləyirik.
Akif müəllim də ondan çox şey öyrəndiyini, Sərhəd müəllimin mənəvi dünyasından qədərincə bəhrələndiyini bildirir və ağsaqqala can sağlığı,uzun ömür arzulayır.
Bu gün Sərhəd müəllim yenə yanımızdadır.Və təbii ki biz də onun yanındayıq- bütün qəlbimizlə, duyğularımızla !
Sərhəd müəllim həm də xoşbəxt və nümunəvi ailə başçısıdır. O üç qız bir oğul atasıdır.Sərhəd müəllim kürəkənləri Farizi, Mübarizi və Anarı çox istəyir. Ömür-gün yoldaşı Mədinə xanımla birlikdə nəvələrinin xoş günündən, əsl azərbaycanlı kimi böyümələrindən fərəhlənir və qürur duyurlar.
Bu gün sizin 84 yaşınız tamam olur.
Allah Sizə uzun və sağlam ömür versin, ad gününüz mübarək!
Mübariz Süleymanlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü, teleradiojurnalist