Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 158 şübhəli saxlanılıb

post-img

Türkiyədə altı cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatlarda qrup başçıları da olmaqla 158 şübhəli saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlayıb. Qeyd edib ki, əməliyyatlar Adana, İstanbul, Antalya və İzmirdə icra olunub. Tədqiqata cəlb edilənlər arasında cinayətkar qruplaşmaların xaricdə həbsdə olan üzvləri də var.

Nazir bildirib ki, tədqiqatda cinayət məqsədilə təşkilat qurmaq, soyğunçuluq, qəsdən bədən xəsarəti yetirmək, silahla hədələmək, ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq, əmlaka zərər vermək (iş yerinə atəş açmaq), təhdid, girov götürmə, silah-sursat qaçaqmalçılığı kimi maddələr yer alır.

Türkiyədə cinayətkar qruplaşmaya qarşı daha bir əməliyyat İzmir Respublika Baş Prokurorluğu tərəfindən başladılıb. Mərkəzi İzmir olmaqla FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri daxilindəki gizli qruplaşmasına qarşı Türkiyənin beş şəhərində icra edilən əməliyyat zamanı 10 şübhəli saxlanılıb. Onların FETÖ-nün gizli hərbi strukturlarında fəaliyyət göstərdikləri və təşkilatla əlaqəli olduqları müəyyən edilib.

 

Dünya