Mirzəliyev Ələsgər Fərzalı oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü. 32 ildən sonra kimliyi dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəşinin qalıqları doğma yurdu Cəbrayılda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı Cocuq Mərcanlı kəndinə gətirilib. Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Lələtəpə qəbiristanlığına gətirilib. Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.
Şəhidin tabutuna bükülən üçrəngli bayraq qardaşına təqdim olunub.
Qeyd edək ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu 1969-cu ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qoşulub. 1993-cü il oktyabr ayında Cocuq Mərcanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Ələsgər Mirzəliyev naməlum şəhid olaraq İmişli rayonunun Şəmmədli kənd məzarlığında dəfn edilən şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyəti üzrə təhvil verilib.