Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər.
Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında rəhbərlik etdiyi təhsil ocağı, tədris prosesində əldə edilən uğurlar və qarşıya qoyulan hədəflərdən danışıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir yollar çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Xankəndi şəhəri və digər yaşayış məntəqələrində sahibkarlar üçün əlverişli mühit formalaşdırılır. Artıq Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində minlərlə insanın daimi məskunlaşması təmin edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və tikinti-quruculuq işləri barədə məlumat verib.
Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi dinləyiblər.
Xarici diplomatlar sonra Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub, Zəfər meydanının qarşısında xatirə şəkli çəkdiriblər.