Mərmər nağılda əbədiləşən məhəbbət

post-img

Səfəvi şahzadəsinin şərəfinə tikilən Tac Mahal

(IV YAZI)

Səfəvi şahzadəsi Ərcümənd Banu bəyimin (Böyük Moğol imperatoru Şahcahana ərə getdikdən sonra Mümtaz Mahal) şərəfinə tikilən, əbədi məhəbbət və evlilik sədaqətinin təcəssümü kimi qəbul edilən möhtəşəm Tac Mahal haqqında məşhur ingilis şairi Edvin Arnold belə deyib: “Tac Mahal digər binalar kimi memarlıq əsəri deyil, canlı daşlarda təcəssüm olunmuş imperator sevgisinin məğrur etirafı”dır.

Bu da məlumdur ki, Tac Mahalın inşası üçün memarlar və ustalardan ibarət böyük bir komanda yaradılıb, induslarla yanaşı, Osmanlı İmperiyasından, Səfəvilər dövlətindən, Suriyadan ustalar və sənətkarlar, Bağdaddan xəttatlar, Buxaradan mozaika ustaları, İstanbuldan memarlar və günbəz ustaları, Səmərqənddən minarə ustaları, Qəndəhardan daş ustaları, Şirazdan rəssamlar gətirilib. Abidə ümumilikdə 1,2 hektar ərazidə yerləşir. Tac Mahal haqqında daha ətraflı yazının sonunda...

***

Böyük Moğol İmperiyasının imperatoru Cahangir Şahın vəziri, Səfəvilər sülaləsindən olan Əbülhəsən Asəf xanın qızı Ərcümənd Banu bəyim (“Saraydan uca”) 1593-cü il aprelin 27-də Aqrada anadan olub. O, elmi biliklərlə maraqlanan, istedadlı və mədəni bir yeniyetmə idi, ərəb və fars dillərini öyrənmişdi və bu dillərdə şeir yazırdı. O, təvazökarlıqla səmimiyyəti özündə birləşdirən, istiqanlı, hadisələrə soyuqqanlı münasibət bəsləyən bir qız kimi şöhrət qazanmışdı.

Əbülhəsən Asəf xan zamanında Səfəvilər Dövlətindən Hindistana gəlib hörmət-izzət sahibi olmuşdu. Sultan Şahcahanın atası Sultan Cahangirin həyat yoldaşı, imperatriça Nur Cahan Əbülhəsən Asəf xanın bacısı idi.

Şüşə muncuq brilyant deyil

Bir rəvayətdə deyilir ki, Şahzadə Xürrəm (Şahcahan) və Ərcümənd Banu bəyim (Mümtaz Mahal) təsadüfən tanış olublar. Baxmayaraq ki, həyatımızda təsadüflər elə-belə baş vermir.

Taxt-tacın gənc varisi Şahzadə Xürrəm bir gün bazarda gəzərkən muncuq satan gənc qız görür.

Moğol taxt-tacının gələcək varisi qızın gözəlliyinə heyran olur, ona yaxınlaşıb muncuqların qiymətini soruşur, Ərcümənd zarafatla cavab verir: 10 min rupi.

Ərcümənd Banu bəyim, əlbəttə ki, Şahzadə Xürrəmin onun sözlərini ciddi qəbul edəcəyini gözləmirdi. Şahzadə Xürrəm tərəddüd etmədən dərhal pulu çıxarıb qıza verir. Ərcümənd buna çox təəccüblənir və Şahzadə Xürrəmə zarafat etdiyini və muncuqların brilyant deyil, adi şüşə olduğunu söyləyir.

O zaman Ərcümənd Banu bəyim Şahcahanın timsalında özünün almazını tapdığını dərk edə bilməzdi. Gələcək imperatorla gələcək imperatriça belə tanış olurlar.

Düzdür, rəsmi mənbələrdə deyilir ki, bütün bunlar əfsanədir, çünki Ərcümənd Banu Bəyim aristokrat qızı idi və bazarda ticarət edə bilməzdi.

Şahzadə Xürrəmin Ərcümənd Banu bəyimlə toyu

Şahzadə Xürrəmin 15, Ərcümənd Banu Bəyimin isə 14 yaşı olanda, 1607-ci il aprelin 5-də nişanlanıblar. Lakin onların toyu beş il sonra, 1612-ci il mayın 10-da Aqrada baş tutur. Bu vaxt Şahzadə Xürrəmin 20, Ərcümənd Banu Bəyimin 19 yaşı vardı. Ərcümənd Banu Bəyimə Mümtaz Mahal adını Şahcahanın atası Sultan Cahangir toy mərasimi zamanı vermişdi, bu isə “Sarayın bəzəyi” deməkdir.

Nişan və toy arasındakı 5 il ərzində Şahcahan 1610-cu ildə atası Cahangir Şahın təklifi ilə birinci arvadı Şahzadə Qəndəhari bəyimlə evlənib.

Mümtaz Mahalla evləndikdən sonra üçüncü arvadı, Moğol sarayında xidmət edən yüksək səviyyəli bir əyanın qızı İzzunnisə bəyimlə (Əkbərabadi Mahal) izdivac qurur. Saray tarixçilərinin yazdıqlarına görə, birinci və üçüncü nikah siyasi xarakter daşıyıb, Səfəvilərlə Moğollar arasında münasibətlərin yaxşılaşmasına xidmət edib.

Saray salnaməçisi Mötəmid xanın yazdığına görə, Şahcahanın digər arvadları ilə münasibətləri “nikah” statusundan artıq deyildi. Şahcahanın Mümtaz Mahala duyduğu yaxınlıq, dərin məhəbbət, diqqət və lütf digər arvadlarına yox idi. Mümtaz Mahal həm də taxt varisinin anası olduğu üçün Şahcahanın “Həzrət” deyə müraciət etdiyi yeganə xanımı idi.

Mümtaz Mahalın Şahcahanla birlikdə yaşadığı iqamətgah – Xas Mahal (Aqra qalasının bir hissəsi) qızıl və qiymətli daşlarla bəzədilib, qızılgül suyu axan fəvvarələri iqamətgaha xüsusi gözəllik verib. Moğol imperatorunun arvadlarının hər biri ev və ya səyahət xərcləri üçün müntəzəm olaraq aylıq müavinət alıb. Şahcahan Mümtaz Mahala ildə bir milyon rupi pul verib. Bu, tarixdə qeydə alınan ən böyük müavinətdir. Bu gəlirdən əlavə Şahcahan Mümtaz Mahala çoxlu yüksək gəlirli torpaq sahəsi və daşınmaz əmlak da bağışlayıb.

Şahcahan həm də dövlət işlərində Mümtaz Mahalla məsləhətləşib, imperatriça Şahın yaxın sirdaşı və ən etibarlı adamı, imperiyada böyük siyasi gücə malik şəxs statusu qazanıb. Mümtaz Mahalın sələfi və xalası Nur Cahan kimi Mümtaz da mühüm dövlət məsələləri həll olunan zaman pərdə arxasında oturar, nə iləsə razılaşmayanda əlini Şahcahanın kürəyinə qoyar, bununla da məsələyə öz münasibətini bildirərdi. Mümtaz Mahalın xahişi ilə Şah düşmənlərini bağışlayar və ya ölüm hökmlərini yüngülləşdirər və ya ləğv edərdi. Şahın Mümtaza inamı o qədər böyük idi ki, ona ölkənin ən yüksək şərəfini – fərmanları təsdiq edən imperator möhürü – Mehr Uzazı da vermişdi və Mümtazın razılığı olmadan imperator heç bir iş görə bilməzdi.

Şahcahan daim alim, şair, rəssam, miniatür sənətçiləri , həmçinin memarların yanında olub, onlara dəstəyini nümayiş etdirib. Memarlara xüsusi münasibət göstərən Şahcahan Hindistanda məscidlər, qalalar, saraylar, mədrəsələr və digər abidələr tikdirib. Şahcahanabad, indiki Nyu-Dehli şəhərini də o saldırıb.

Mümtaz Mahal da əri kimi şairləri, alimləri və başqa istedadlı insanları himayə edib. O dövrün məşhur şairi Vansidhara Mişra imperatorun sevimlisi idi. Mümtaz Mahal yoxsul alimlərin, ilahiyyatçıların və dindarların qızlarına təqaüd və ianə verib.

Mümtaz Mahalın ölümü

Mümtaz Mahalın Şahcahanla sevgi dolu evliliyi olub. Hələ sağlığında şairlər Mümtaz Mahalın gözəlliyini, lütfünü və mərhəmətini tərənnüm ediblər. Tez-tez hamilə qalmasına baxmayaraq, ərindən ayrılmaq istəməyən Mümtaz Mahal daim onunla səyahətə çıxıb, hərbi yürüşlərdə fəal iştirak edib. Hamilə qadın üçün belə səfərlər, əlbəttə ki, sağlamlığa və həyatına ciddi ziyan vurub.

Şahcahan Dekan yaylasında müharibəyə gedərkən də Mümtaz Mahal onun yanında olub. Şahcahanın ikinci xanımı Mümtaz Mahal ona 14 uşaq bəxş edib (8 oğlan və 6 qız), o, 14-cü övladını dünyaya gətirərkən 1631-ci il iyunun 17-də 38 yaşında Bürhanpur yaxınlığında qurulan düşərgədə Şahcahanın çadırında dünyadan köçüb, yeni doğulan körpə Qauxara bəyim isə sağ qalıb. Rəvayətə görə, Mümtaz Mahal ölümündən əvvəl ərindən onun başqa qadınlardan övlad sahibi olmayacağını və onun xatirəsinə insanların heyran qalacağı bir məqbərə tikdirəcəyini xahiş edib.

Onu da demək lazımdır ki, 14 uşağın bir neçəsi hələ körpə ikən müxtəlif xəstəliklərdən dünyasını dəyişib.

Mümtaz Mahalı müvəqqəti olaraq Burhanpurda, Tapti çayının sahilində dəfn olunur. Saray salnaməçiləri Mümtaz Mahalın ölümünə və Şahcahanın kədərlənməsinə qeyri-adi dərəcədə diqqət yetiriblər.

Mümtaz Mahalın ölümündən sonra Şahcahan səkkiz gün çadırdan kənara çıxmayıb, sevdiyi həyat yoldaşını itirdiyinə çox sarsılıb. Səkkiz gün ərzində heç nə yeməyib, heç kimlə danışmayıb.

Aqraya qayıtdıqdan sonra imperiyanın ərazisində iki illik matəm elan edib, özü də yas saxlayıb, çox vaxt tənha qalıb. Bir ildən sonra xalqın qarşısına çıxanda saçları ağarmış, beli bükülmüşdü. Mümtazın böyük qızı Cahanara bəyim yavaş-yavaş atasını dərd-qəmdən uzaqlaşdırıb və tədbirlərdə anasının yerini tutub.

Mümtaz Mahalın şəxsi sərvəti 10 milyon rupi dəyərində olub. Qızı Cahanara bəyim atası Şahcahandan bu sərvətin yarısını alıb və qardaş-bacıları arasında bölüb.

1631-ci ilin dekabrında Mümtaz Mahalın nəşi müvəqqəti dəfn olunan qəbirdən çıxarılaraq qızıl tabutda Aqraya aparılıb. Şahcahan, oğlu Şah Şüca, vəzirlər, digər əyanlar, doğma və əzizlərinin müşayəti ilə Mümtaz Mahal Yamuna çayının sahilindəki kiçik bir binada dəfn edilib.

Tac Mahalın tikilməsi

Bir müddət sonra Şahcahan imperiyanın paytaxtında arvadının şərəfinə dəfn olunduğu yerdə məscid-məqbərə tikilməsi barədə göstəriş verib.

Abidənin tikintisinə 1631-ci ildə başlanıb, 1643-cü ildə məqbərə hazır olub, həyət və ətrafındakı binaların tikintisi 1649-cu ildə, Tac Mahal kompleksinin tam inşası isə 1652-ci ildə başa çatıb.

Tac Mahalın əsas memarının kim olduğuna dair bir çox fərziyə var. Bəzi tədqiqatçılar Tac Mahalın əsas memarının Venesiya və ya Fransadan gətirildiyini iddia etsələr də tikintidə Şahcahanın ən çox sevdiyi memar Usta Əhməd Lahurinin də iştirak etdiyini bildirirlər. Tikintidə İstanbuldan gələn Memar Sinanın tələbələrindən olan Mehmet İsa əfəndi və onun dəstəsinin əsas rol oynadığı qeyd edilir. Mehmet İsa əfəndi Tac Mahalın tikintisində son dərəcə parlaq, ağ mərmərdən istifadə edib. Bu mərmərlə tikilən möhtəşəm qübbənin yerdən hündürlüyü 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu əzəməti daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi var. Abidədə olan yazıları Xəttat Səttar əfəndi yazıb. Məzarlarn olduğu salona gələn insanların səsi qübbədə yeddi dəfə əks-səda verir.

Yamuna çayının sahilində qərar tutan Tac Mahalın tikintisində ayrı-ayrı vaxtlarda 200-dən 1000-ə yaxın, bəzən daha çox fəhlə və sənətkarın işlədiyi bildirilir. Abidəyə tikinti materialları gətirmək üçün çoxlu fil və dəvə cəlb olunub. Qiymətli daşlar Çin, Əfqanıstan, Tibet, Şri- Lankadan və digər yerlərdən gətirilib.

Böyük və gözəl fəvvarəli bağ içində tikilən Tac Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarətdir. Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarlarına daş-qaşlarla üzlük çəkilib. Yüz minlərlə qiymətli daş vurulan divarlarda 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50-dən çox böyük inci var.

Tac Mahal məscidi İslam dini ənənələrinə uyğun dizayn edilib, interyeri Quran ayələri ilə bəzədilib. Mümtaz Mahalın məzarının yan tərəflərində xəttatlar Allahın doxsan doqquz adını həkk ediblər. Ey Müqəddəs, ey Bənzərsiz, ey Cəlallı, ey Əbədi, ey Ulu, ey Qüdrətli, ey Səxavətli, ey Əzəmətli, ey İzzətli və s.

Tac Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtülüb. Rəngini dəyişən mərmər ttikintidən 300 kilometr aralıda yerləşən daş karxanasından gətirilib. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə gümüşü rəngə çalır. Kompleksin divarlarına Qurani-Kərimdən ayələr həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ qiymətli və yarımqiymətli daşlardan istifadə olunub.

Məscid-məqbərənin tikintisi 32 milyon rupiyə başa gəlib. Bu məbləğ hazırkı qiymətlərlə bir neçə milyard avroya bərabərdir.

Tac Mahalın tikintisi başa çatdıqdan bir müddət sonra Şahcahanın dörd oğlu arasında hakimiyyət üstündə mübarizə başlayıb. Oğlu Övrəngzib (Aləmgir) atasını taxtdan salaraq həbsxanaya atır və özünü imperator elan edir.

Rəvayətə görə, Şahcahan ömrünün ixtiyar çağını həbsdə keçirib və qalanın kiçik pəncərəsindən Tac Mahalı izləməklə təskinlik tapıb. Şahcahan ölümündən sonra Tac Mahalda, sevimli həyat yoldaşı Mümtaz Mahalın yanında dəfn olunub.

Şahcahanın arvadından başqa heç kimi Tac Mahalda dəfn etmək fikri olmayıb. Şahcahanın oğlu, imperator Övrəngzib atası üçün ayrıca məqbərə tikməkdənsə, Şahcahanı anası Mümtaz Mahalın məzarının yanında dəfn etməyi məqsədəuyğun sayıb.

Mümtaz Mahal obrazı ədəbiyyatda

Hindistanda Mümtaz Mahalın həyatı, fəaliyyəti, daim xalqın yanında olması, onların mənafeyini müdafiə etməsi, imperatriçanın ailəsinin ayrı-ayrı məqamları ilə bağlı romanlar, povestlər, hekayələr, şeirlər yazılıb, onun haqqında sənədli və bədii filmlər, seriallar çəkilib.

• 433 Eros asteroidindəki krater Mümtaz Mahalın, digər krater isə Şahcahanın, Venera planetindəki krater Mümtaz Mahalın şərəfinə adlandırılıb.

Ədəbiyyatda:

• Ərcümənd Banu bəyim (Mümtaz Mahal) İndu Sundaresanın “Qızılgül bayramı” (2003) romanının və onun davamı olan “Kölgə şahzadə”nin (2010) baş qəhrəmanıdır.

• Mümtaz Mahal Sonia Çandraçudun “Tacda problem” (2011) romanının baş qəhrəmanıdır.

• Con Şorsun “Mərmər səma altında” (2013) romanında Mümtaz Mahalın qızı Şahzadə Cahanara Tac Mahalın necə yarandığına dair qeyri-adi hekayəni danışır, abidənin tamamlanması ilə müşayiət olunan taleyüklü hadisələrin şahidi kimi öz həyatını təsvir edir.

• Manahil Bandukvalanın “Abidə” (2022) adlı şeirlər toplusu Mümtaz Mahal ilə səmimi bir söhbətdir. Müəlllif bu kitabda sevgi, irs, ailə və imperiya mövzularını araşdırır.

Bədii və sənədli filmlərdə:

• “Mümtaz Mahal” 1926-cı ildə Homi Master tərəfindən çəkilmiş Hindistan səssiz filmidir.

• “Şiraz” (1928) filmində Mümtaz Mahal rolunu aktrisa Enakşi Rama Rau oynayıb.

• “Mümtaz Mahal” (1944) onun həyatından bəhs edən filmdir.

• Aktrisa Suraiya Nanubhai Vakilin “Tac Mahal” (1941) filmində gənc Mümtaz Mahal rolunu oynayıb.

• Əbdül Rəşid Kardarın “Şahcahan” (1946) filmində Mümtaz Mahalı aktrisa Nəsrin canlandırıb.

• Rama Daryaninin rejissoru olduğu “Mümtaz Mahal” (1957) filmində baş rolu Vena oynayıb.

• Bina Rai M. Sadiqin “Tac Mahal” filmində (1963) Mümtaz Mahal rolunu oynyıb.

• S.T. Zaidinin "Tac Mahal" (1968) filmində Mümtaz Mahal rolunu Zeba oynayıb.

• 1977-ci ildə çəkilən “Şahzadə Mümtaz” filmində baş rollarda Asokan və Şakuntala oynayıb.

• 2003-cü ildə çəkilən “Tac Mahal: Sevgi Abidəsi” tarixi filmində baş rolu Purnima Patvardhan oynayıb.

• Əkbər xanın “Tac Mahal” (2005) filmində Mümtaz Mahal rolunu Sonia Jehan oynayıb.

• Hindistanın Zee5 televiziya kanalında efirə gedən məşhur “Tac: qanla ayrılanlar” internet serialında Ərcümənd Banu bəyim rolunu gənc aktrisa Suhani Juneja oynayıb.

• Məşhur Guerlain Shalimar (1921) ətiri Mümtaz Mahal adınadır.

***

Hər il Tac Mahalı görmək üçün Hindistana milyonlarla turist gəlir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.

XIX əsrin sonunda Tac Mahal baxımsız vəziyyətə düşüb. Abidə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edilib. Onlar binanın divarlarından qiymətli daşları söküb aparıblar. Elə həmin vaxt lord Keyzon Tac Mahalda irimiqyaslı yenidənqurma-bərpa işlərinə başlayıb və bu, 1908-ci ildə başa çatıb. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirilib, bağı Britaniya üslubuna salıblar.

Tac Mahal abidəsinin adı ilə bağlı bir çox mülahizələr var. Məscid-məqbərənin tikintisini müşahidə edən Fransua Bernie adlı avropalı səyyah onu Tac Mahal adlandıran ilk şəxsdir.

Abidənin gözəlliyi həm də Mümtaz Mahalın gözəlliyinin rəmzi kimi qəbul olunur və bu assosiasiya bir çoxlarını Tac Mahalı qadın kimi təsvir etməyə vadar edir.

Tac Mahal təkcə gözəl bina deyil, həm də dünyanın əbədi sevgi və sədaqət simvoluna çevrilib. Bu gün böyük məhəbbət rəmzi və möhtəşəm memarlıq nümunəsi olan Tac Mahal Hindistanın görməli yerləri sırasında zirvədə durur.

Beləliklə, dünya memarlığının şah əsəri – Tac Mahalda məhəbbət əbədi olaraq Mümtaz Mahalın və sevimli əri Şahcahanın ruhu dolaşır, əbədi məhəbbət məbədinə gələnləri salamlayır, gedənləri xoş arzularla yola salır.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd





Sosial həyat