Balakəndə “Açıq qapı” günü

post-img

Dünən Balakən Dövlət Peşə Təhsili Mərkəzində “Açıq qapı” günü keçirilib. Toplantıda dövlət qurumlarının nümayəndələri, valideynlər, ictimaiyyət nümayəndələri , rayonda fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilərlə tanış olublar.

Mərkəzin direktoru Azad Dibirov təhsil ocağının fəaliyyət istiqamətləri və əldə olunan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, Balakən Dövlət Peşə Təhsili Mərkəzi yeni yaradılmış təhsil müəssisəsidir. Mərkəzin fəaliyyəti Balakən şəhərində yerləşən 1 və 2 nömrəli peşə məktəblərinin bazasında təşkil olunmuşdur. Diqqətə çatdırılıb ki, mərkəzin əsas məqsədi rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə töhfə verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir.

Məlumat verilib ki, Mərkəzdə kompüter sistem inzibatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, aşpaz, dərzi, dayə, aqroservis mütəxəssisi və digər ixtisaslar üzrə kadrlar hazırlanır. Ümumilikdə, 6 istiqamət üzrə 21 qrupda 350 tələbə təhsil alır, onlardan 264 nəfəri bu il məzun olacaq. Gələcəkdə mərkəzdə 3 illik təhsil müddətinə malik qrupların yaradılması və yüksək texniki peşə təhsili pilləsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova çıxışında ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından, peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti və peşə təhsilinin perspektivlərindən söz açıb, kollektivə uğurlar arzulayıb. Tədbir bədii proqramla davam edib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat