2015-ci il 15 iyun – Milli Qurtuluş Günündə fəaliyyətə başlayan “Naxçıvanxəbərləri” İnformasiya Portalının 10 illiyi münasibətilə tədbir keçirilib. Təsisçi-direktor Mətin Abbaslı bildirib ki, portal regionun ilk müstəqil xəbər mənbəyi kimi cəmiyyətin obyektiv və çevik informasiya ilə təminatında mühüm rol oynayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov qeyd edib ki, “Naxçıvanxəbərləri” zamanın çağırışlarına uyğun inkişaf edərək media sahəsində şəffaflıq və peşəkarlıq meyarlarının formalaşmasına töhfə verib.
Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini İlhamə Novruzova, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, jurnalistlər Qahirə Hüseynova və Səməd Canbaxşıyev portalın obyektivlik, operativlik və cəmiyyətə faydalı informasiya ilə seçildiyini bildiriblər.
Tədbirin diqqətçəkən anlarından biri “Robogenius” komandasına həsr olunmuş, sosial şəbəkələrdə 2 milyondan çox baxış toplayan xəbər materialının təqdimatı olub. Komandaya Təşəkkürnamə verilib.
Həmçinin “NAXÇIVANXƏBƏRLƏRİ” və “Matmedia”nın birgə hazırladığı “Cinayət və Cəza” sənədli filminin təqdimatı keçirilib.
Sonda portalın fəaliyyətinə dair tanıtım videosu nümayiş olunub və əməkdaşlara Təşəkkürnamələr təqdim edilib.