Ərzurum – Anadolunun Qafqaz yaxası

post-img

Nağıl-dastanlarımızın əks-səda verdiyi sevimli gədik 

Ərzurumun gədiyinə varanda
Onda gördüm burum-burum qar gəlir. 
Dedim Kərəm, gəl qayıdaq bu yoldan, 
Gördüm Xan oğludur, ona ar gəlir. 

Hörmətli oxucu, Turan ellərinin görməli, gəzməli məkanlarına qiyabi səyahətimizi davam etdiririk. Bura hələ uşaq və yeniyetmə yaşlarımızdan “Koroğlu”, “Əsli və Kərəm” kimi dastanlarımızdan adını eşitdyimiz, şöhrəti ilə öyündüyümüz, əlyetməz, ünçatmaz bir ünvandır. Beləliklə, yolumuz çox sayda şair, yazıçı və puiblisistlərimizin sevə-sevə təsvir və tərənnüm etdikləri qardaş Türkiyənin Ərzurum vilayətinədir. 

Türkiyənin hər yeri, hər bir guşəsi gözəldir, bizə də doğmadır. Gəlin etiraf edək ki, Ərzurum bizə yuxarıda qeyd etdiyimiz səbəblərdən bizə “bir köynək daha yaxın”dır. Məqsədimiz həm də Ərzurumda qış və yay turizminin mövcud durumu, imkanları və perpektivləri barədə söz açmaqdır. 

Ərzurum deyəndə, əsasən qış turizmi yada düşür. Belə ki, “Palandökən” və “Qonaqlı” ünlü xizək kurortlarına sahib olan Ərzurum uzun müddət Türkiyədə müxtəlif növ qış idmanı oyunlarının mərkəzi olmuşdur. Bura Bizans, Səlcuq və Osmanlı imperiyaları dövrlərinə aid tarixi abidələrlə də zəngindir. Təsadüfi deyil ki, bu qədim şəhər son illər tez-tez “Açıq səma altında muzey” adlandırılır. Bölgəyə təşrif buyuran ziyarətçilər çox vaxt “Əkiz Minarə mədrəsəsi”, “Ulu came”, “Lalə Paşa məscidi” və “Yaqutiyyə mədrəsəsi” kimi tarixi abidələri ziyarət edərək, “Anadolu” mədəniyyəti və memarlığının parlaq nümunələri ilə yaxından tanış olurlar. 

Bununla belə, Ərzurumun səfər, qonaq-qara imkanları təkcə qış turizmi ilə kifayətlənə bilməzdi. Belə ki, bu gözəl, əsrarəngiz diyarın cəlbediciliyi onun qarlı yamaclarından çox-çox kənara çıxır. Axı, bu yerlərin yazı, yayı da gözəldir! Son illər turistlər bölgəni yay aylarında da böyük həvəslə ziyarət etməyə başlayıblar. Ekspertlər deyirlər ki, məhz zəngin tarixi, heyranedici təbiət mənzərələri, fərqli mətbəxi, sərin, saf iqliminə görə bölgə isti aylarda on minlərlə yerli və əcnəbi səyahətçinin sevimli dayanacağına çevrilib.

Bəli, Ərzurumda nəfəskəsən təbiət mənzərələri insanı heyrətə gətirir. “Tortum şəlaləsi”, Nəriman Pəri bacaları” və “Yeddi göl” kimi füsunkar ərazilərə təkcə qışda deyil, yay aylarında da gələnlərin sayı daim artır. Bütün bunlar vilayətin ekoturizmdə populyarlığına töhfə verir.

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Şimal-Şərqi Anadolu bölgəsi üzrə sədri Nuh Şenolun sözlərinə görə, son illər Ərzurum və ətraf ərazilərə turist axınında nəzərəçarpacaq bir artım var. O, bu artımı, ilk növbədə, infrastrukturun təkmilləşdirilməsi və turizmin inkişafına uzunmüddətli sərmayələrin cəlb edilməsi ilə əlaqələndirir. Bu barədə N.Şenol “Andolu” agentliyinin müxbirinə demişdir: 

– Son illər yay turizmində daha əvvəl qış mövsümündə əldə etdiyimiz uğuru görməyə başladıq. Ərzurumun təbii görməli yerlərini ərazidəki zəngin mədəni sərvətlərimizlə birləşdirdikdə daha çox insanın niyə məhz bu məkanı ziyarət üçün seçdiyi aydın olur. Bu artım, əlbəttə, turizmdə çalışan bizi həvəsləndirir.

Bölgə sədrinin sözlərinə görə, son 5 ildə Ərzurum Şərqi Asiya ölkələrindən, Almaniya və Fransadan artan sayda turist qəbul etməyə başlayıb. Qonaqların sayı artdıqca bölgədə restoranlar, otellər və turizm agentlikləri də inkişaf edir. Tələbin artması isə yerli müəssisələri özəl xidmət və təkliflərini dəyərləndirməyə sövq edir. Bu inkişaf həm də yerli sakinlər üçün yeni iş yerləri deməkdir. 

Nuh Şenol onu da qeyd edib ki, bir vaxtlar bayram günlərində “sakit olan” Ərzurum indi bir çox turizm şirkətləri və səyahət agentlikləri üçün əsas məkanlardan biridir. Bəli, bu gün qonaqlı-qaralıdır Ərzurum! Bura bir dəfə gələn bir də gələcəyəm deyir. Səyahətçiləri təkcə yaylanın təbii gözəllikləri deyil, yerli sakinlərin sadəliyi, səmimiyyəti, qonaqpərvərliyi də heyran qoyur. 

M.HACIXANLI 
XQ 

 



Sosial həyat