Səməd Vurğunun söz dünyası və Azərbaycançılıq məfkurəsi

post-img

Səməd Vurğun-120

Dərin milli-ictimai məzmunu, yüksək vətəndaşlıq mövqeyi, rəngarəng janr, vəzn və qafiyə sistemi ilə fərqlənən Səməd Vurğun sənəti Azərbaycan şeir tarixində yeni mərhələ və ədəbi məktəb hesab edilir. Bildiyimiz kimi, Səməd Vurğunun coxcəhətli yaradıcılıq fəaliyyətinin bədii və elmi olmaqla iki əsas istiqaməti mövcud olmuşdur. Hər iki istiqamətdə böyük nüfuz qazansa da, Səməd Vurğunun görkəmli bir şair olaraq ədəbi şöhrəti və sənət qüdrəti daha möhtəşəm olmuşdur. Qeyd etmək lazımdır ki, Səməd Vurğunun yaradıcılıq fəaliyyəti təxminən 35 illik bir dövrü (1920-1955) əhatə edir. Bu illər hakim kommunist ideologiyasının ədəbi  prosesi estetik dəyərlərdən məhrum etməsi, sənətin proletar ideoloji prinsipləri və dünyagörüşü çərçivəsində qiymətləndirilməsi dövrü kimi xarakterizə olunur. Lakin Səməd Vurğun bu dövrün yaradıcı insanı kimi inzibati-amirliyin təsirlərini (həm də təzyiqlərini) öz üzərində hiss etsə də, Azərbaycan xalqının arzu və istəklərinə, onun dilinə olan sevgisini özünün vicdan səsinə çevirə bilmişdir. Onun milli ruha, milli dəyərlərə sadiqliyi, bolşevik-rus siyasətinə qarşı kəskin etirazları, əslində şairin milli duyğulara xidmət göstərən vicdan səsi idi. “Aslan qayası” poemasında deyildiyi kimi:

Yüz il biz ayrıldıq ana dilindən,

Məktəbin adına dedik “şkola”.

Yüz il Füzuliyə həsrət qalaraq,

Doğma anamıza söylədik “mama”

Yüz il nəfəsini çəkə bilmədi,

Şairlər oylağı böyük bir ölkə.

Axdı Rusiyaya neft kəmərləri,

Daşıdı onları ilk dəmir yolu.

Tarixə hökm edən o gündən bəri,

Çalışdı yadlara Azəri oğlu.

Milli duyğu və ifadələrin, rus hakim ideologiyasına kəskin etirazın bariz nümunəsi olan bu misralar keçən əsrin 30-cu illərindən başlayaraq Səməd Vurğunun əksər şeir, poema və dram əsərlərində Azərbaycançılıq ideya-estetik məfkurəsinin göstəricisi kimi problemlərə milli-estetik dəyərlər kontekstində baxışı təmin edirdi.

Səməd Vurğun Azərbaycan şeiri tarixində yeni mərhələ olaraq heca vəznli şeirin forma-məzmun keyfiyyəti baxımından ən mükəmməl nümunələrini yaratmış oldu.

Şeir tariximizə nəzər saldıqda görürük ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında hecaya dönüş genişlənsə də heca-əruz münasibətlərində müəyyən nisbi bərabərlik mövcud idi. Lakin Səməd Vurğunun sənətkarlıq imkanlarının genişliyi, poeziyasının qeyri-adi bədii strukturu heca vəznli şeirin yeni mərhələsinin həm formalaşmasına, həm də inkişafına ciddi təsir göstərə bilmişdir. Nəticədə ədəbiyyatımızda heca vəznli şeirlərin üstünlüyü müşahidə olunmağa başladı.

Səməd Vurğun lirikasında poetik düşüncələrin ifadəsini həm realist, həm romantik, həm də bunların hər ikisinin sintezində görmək mümkündür. O, epik və dramatik əsərlərində olduğu kimi lirik yaradıcılığında da fikirlərini ilk növbədə şair-vətəndaş mövqeyində çatdırmağı bacarır. Bu səbəbdəndir ki, Səməd Vurğunun yaradıcılığında milli qayə kifayət qədər cəlbedici görünür. Zəngin məzmuna, rəngarəng formaya malik Səməd Vurğun lirikası mövzu baxımından da olduqca genişdir. Səməd Vurğunun istər realist, istərsə də romantik təsvirlərində bədii struktur, gözlə görünən, ruh ilə duyulan və xəyal ilə qurulan hadisələr üzərində sistemləşir. Həqiqi lirik şeiri böyük sənət adlandıran Səməd Vurğun vaxtilə bu barədə belə demişdir: “Şair öz yaradıcı gözü ilə həyatın mahiyyətinə nə qədər dərindən nüfuz edirsə, ətrafında baş verən hadisələri bir o qədər yaxından duyur, onun lirikası insanın arzu və istəklərini bir o qədər dolğun ifadə edir, onun şeiri bir o qədər ictimai əhəmiyyət kəsb edir”.

Düzdür, yaradıcılığının ilk illərində Səməd Vurğunun forma və məzmun axtarışlarında müəyyən ziddiyyətli və tərəddüdlü məqamların olduğu inkaredilməzdir. Şairin 1924-1928-ci illər lirikasında həyata fəal münasibətlə yanaşı, subyektiv hisslərdən doğan ümidsizlik və bədbinlik elementlərini də açıq-aydın görmək mümkündür. Şair 1931-ci ildə yazmış olduğu “Ölən şeirlərim” adlı poetik nümunəsində bədii axtarışlarının nəticəsi olaraq “haqq yoluna” çatdığını bildirir, bir şair olaraq özünün poetik məsuliyyətini tərk etdiyini dilə gətirir, əsl şeir tələblərini ödəyə bilməyən “Dürrənin səsi”, “Dilcan dərəsi”, “Gözəllərim” və s. şeirlərini “öz əli ilə ölən günlərin heçliyinə göndərdiyini” bəyan edir. Əslində, “Ölən şeirlərim”dən doğan ideyada proletar məfkurəsinə birbaşa və ya dolayısı ilə bağlantını görmək çətin deyil. Marks fikirlərinin epiqraf olduğu bu şeirin son misraları belədir:

Şeirlərimi şüarlara döndərirəm,

Onları son döyüşün

İlk cəbhəsinə göndərirəm.

Şeirdə kommunist ideologiyasının təsirini inkar etmək sadəlövhlük olardı. Şübhəsiz, Səməd Vurğunun keçən əsrin 30-cu illərinə qədər yazmış olduğu şeirlərin bəzilərindən imtina “bəyanatı” poeziya naminə “haqq yolu” axtarışlarında onun təbii ki, mütləq mənada sinifli  cəmiyyətin döyüş əsgərinə çevrilmək istəyini əks etdirmirdi. Onun “On iki dekabr”. “Bayram qabağı”, “Rəhbərin vətəni”, “Səhər-səhər”, “Bayrağım”, “Ölüm xəbərçilərinə” və s. bu kimi şeirlərində də üst qatda olan fikir sovet ideoloji baxışları ilə ziddiyyət təşkil etmir. Lakin bu tipli şeirlərin alt qatında gizlənən Azərbaycan milli konsepti ilə bu və ya digər səviyyədə səsləşən fikirləri də inkar etmək mümkün deyil. Bu mənada şairin keçən əsrin 30-cu illər poetik axtarışlarının məqsədi əslində şeirlərindən imtina “siyasəti” altında düşünülmüş olaraq alt qat çərçivəsində, həm də az da olsa milliliyin yeni ifadə imkanlarını “kəşf etmək” və yaxud üzə çıxarmaq idi. Ona görə də “Ölən şeirlərim”i şairin milli-ictimai poeziyaya keçməsi yolunda dönüş hesab etmək olar. Düzdür, bu mərhələdə “tarixə bolşevik yazılsın adım”, “qüvvə bizim, motor bizim, torpaq bizim, su bizim, öz əlimiz qursun gərək bu yurdda sosializm” və s. kimi misralı şeirlərin sayca çoxluğu inkarolunmazdır. Lakin şeirlərin yazılma tarixinin Sovet dövlətinin gücləndiyi, sosialist ideologiyasının möhkəmləndiyi bir vaxta təsadüf etməyi faktı şairi millilikdən uzaqlaşma ittihamından kənar saxlayır. İdeologiyaya xidmət qəddar kommunist rejiminin hakimliyi dövründə yazıçı və şairlərin öz həyatlarını sığortalamaq üçün atdıqları məcburi addımlardan biri idi. Lakin bir çox hallarda bu cür “xidmətin” göstərilməsi də sənətkarları repressiya qurbanına çevrilməkdən xilas edə bilməmişdir. Böyük Azərbaycan şairləri Əhməd Cavadın, Mikayıl Müşfiqin, Hüseyn Cavidin və s. taleləri buna misal ola bilər.

Bir faktı xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə Azərbaycan Xalq Komissarları Şurasının 3 avqust 1934-cü il tarixli qərarı ilə “Yaxşı ədəbi əsərlər üçün” müsabiqə elan edilmişdir. Müsabiqənin mətni və şərtləri “İnqilab və mədəniyyət” jurnalının 1934-cü il 8-ci sayında dərc olunmuşdur. Müsabiqənin nəticələrinin elanı 1935-ci il üçün nəzərdə tutulsa da, tədbirin Moskvada keçirilməsi səbəbindən müsabiqəyə 1936-cı ilin yanvar ayında yekun vurulmuşdur. Müsabiqənin nəticələri 3 aprel 1936-cı il tarixində “Kommunist” qəzetində dərc olunmuşdur. Qaliblər sırasında Mikayıl Müşfiq (2-ci yer) və Hüseyn Cavid də (3-cü yer) yer almışdır. Onu da qeyd edək ki, Səməd Vurğun həmin müsabiqədə iştirak etsə də, mükafatlandırılanlar sırasında yer ala bilməmişdir. 1936-cı ilin yanvar ayında Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə Moskvada keçirilən tədbirdə Səməd Vurğun Lenin ordeni ilə təltif olunmuşdur. Görünür, müsabiqəyə təqdim olunmuş əsərlər dəyərləndirilərkən Səməd Vurğunun orden alması faktı nəzərə alınmış və ona müsabiqə qalibləri sırasında yer verilməmişdir. Səməd Vurğunun Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə müsabiqəyə hansı əsərini təqdim etməsi sualı da olduqca maraqlıdır. O, 26 noyabr 1937-ci ildə SSRİ Yazıçılar İttifaqında çıxış edərkən təqdim etdiyi əsərin “Azərbaycan” poemasının ilk variantı olduğunu qeyd etmişdir. Elə bilirəm ki, Səməd Vurğunun “Azərbaycan” poeması ilə bağlı bəzi izahatların  verilməsinə ciddi ehtiyac vardır. Görkəmli şair 1935-ci ildə “Azərbaycan” poeması üzərində işlədiyini (“Kommunist” qəzeti 23 aprel, 1935-ci il), 1937-ci ildə isə bu poemanı yazıb bitirdiyini qeyd edir: “Son zamanlar mən “Azərbaycan” adlı böyük bir epopeya yazmışam. Burada mənim vətənimin 2000 illik tarixinin əsas mərhələləri və ona azadlıq gətirən sovet illəri öz əksini tapmışdır. Bu epopeya bir-biri ilə bağlı olan otuz poemadan ibarətdir. Epopeya Azərbaycan xalqının azadlıq mübarizəsinə böyük partiyamızın (Kommunist Partiyası nəzərdə tutulur – E.Q.) göstərdiyi tarixi xidmətlərə həsr edilmiş “Ordenli qəhrəman” poeması ilə bitir”.

Bu gün “Azərbaycan” epopeyasına daxil olan 30 poemanın adlarının dəqiqləşdirilməsi vurğunşünaslığımızın ən aktual problemlərindən biridir. Məlumdur ki, Səməd Vurğun 1935-ci ildə “Azərbaycan” şeirini yazmışdır. Təbii ki, burada söhbət “Azərbaycan” şeirindən yox, “Ordenli qəhrəman” poeması ilə bitən “Azərbaycan” adlı epopeyanın hansı əsər olduğunu müəyyənləşdirməkdən gedir. Bu məsələyə arxiv materialları əsasında dəqiqlik gətirən tədqiqatçı alim Aslan Salmansoy adı çəkilən əsərin “Azərbaycan (tarixi poema)” olduğunu qeyd edir və bu barədə belə yazır: “Azərbaycan (tarixi poema) əsərinin yazıldığı qırmızı üzlü albom hazırda S.Vurğunun ev muzeyində mühafizə edilir...” 

Elə buradaca qeyd edək ki, S.Vurğunun “dastan, poema, epopeya” adlandırdığı əsərin alboma səliqə ilə köçürdüyü “Azərbaycan (tarixi poema) əsəri olduğuna heç bir şübhə yoxdur. Çünki şairin qeyd etdiyi kimi bu əsərdə “Vətənin iki min illik tarixi” (atəşpərəstlikdən tutmuş əsərin qələmə alındığı dövrə kimi) təsvir edilir və “Ordenli qəhrəman”la bu əsər bitir”. Araşdırmaçı Səməd Vurğunun ev muzeyində mühafizə olunan “Azərbaycan (tarixi poema)” əsərinin şairin öz dəsti-xətti ilə yazılmış titul səhifəsini də olduğu kimi təqdim edir: “Səməd Vurğun; “Azərbaycan” (tarixi poema); 1934-1935; Bakı”.

Maraqlıdır ki, Səməd Vurğun hələ 1937-ci ildə 30 poemadan ibarət “Azərbaycan” adlı epopeya yazdığını vurğulasa da, onun ömrünün sonuna qədər (1956) cəmi 28 poema yazması məlumdur. Digər tərəfdən, 1935-ci ildə özünün tərtib etdiyi “Azərbaycan” (tarixi poema) qırmızı albomuna 9 poema və 7 şeir olmaqla cəmi 16 əsərini daxil etmişdir. Həmin əsərlərin sıra ilə adları aşağıdakı ardıcıllıqdadır: “Şairin türküsü” (10 bəndlik bu şeirin sonralar bənd sayı artırılaraq 23 bəndlik “Azərbaycan” şeiri adı ilə nəşr olunmuşdur), “Torpağın tələbi”, “Sərgüzəşt”, “Zərdüştün xülyaları”, “Ölən məhəbbət”, “Bulaq əfsanəsi”, “Qılınc və Quran”, “Dar ağacı”, “Füzulinin dərdi”, “Qız qayası”, “Şairin ölümü”, “Aslan və Mahniyar”, “Acı xatirələr”, “Ölməz qəhrəmanlar”, “Üsyan və Quran” və “Ordenli qəhrəman”.

“Azərbaycan (tarixi poema)” kitabında “Şairin türküsü” adlı  on bəndlik şeir ilk sırada yer alır.

1936-cı ildən sonra Səməd Vurğunun kitablarında bu şeir “Azərbaycan” adı ilə çap olunmağa başlamışdır. Onu da qeyd edək ki, şeirin adı dəyişdirildiyi kimi, bəndlərin sayı da artırılaraq 23-ə çatdırılmışdır. Bu şeiri şairin 30-cu illərin poetik axtarışlarının nəticəsi olaraq azərbaycançılıq idealları kontekstində Səməd Vurğun poeziyasının qazanılmış milli keyfiyyəti hesab etmək olar. Əslində, “Azərbaycan” şeiri böyük bir “Vətənnamə” və ya “Azərbaycannamə”dir, “Azərbaycan” şeiri Azərbaycançılıq və Vətən məfkurəsini, Azərbaycanın siyasi və mədəni tarixini, coğrafiyasını və təbiət gözəlliklərini, Azərbaycan insanının xarakter və psixologiyasını əks etdirən, həm də təbliğ edən yaradıcılıq manifestidir.

Azərbaycançılıq məfkurəsinin hakim olduğu bu şeir yazıldığı andan dövlət orqanlarında millətçilik ruhu aşılayan əsər kimi narahatçılıqlar yaratmış və buna görə şair bir neçə dəfə istintaq dindirilməsinə cəlb edilmişdir. Çünki keçən əsrin 20-30-cu illərində yüksək həddə çatdırılan “SSRİ mənim vətənimdir” siyasi kompaniyası qarşısında  Azərbaycançılıq məfkurəsinin yükünü daşıyan və təbliğ edən bu cür əsərin yazılmasının siyasi narahatçılığa səbəb olması başa düşüləndir. 1937-ci ilin payızında “Azərbaycan” şeirinə görə İstintaqa çağırılan Səməd Vurğunun qardaşı Mehdixan Vəkilova söylədikləri bu baxımdan diqqəti cəlb edir: “Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir. Məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır. Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr tarix həqiqəti açar”.

Səməd Vurğunun bu fikirləri “Azərbaycan” şeirinə hakim olan milli ideal konseptinin mövcudluğuna tam aydınlıq gətirir. “Azərbaycan” şeiri Azərbaycançılıq ideologiyası istiqamətində poeziyamızda müqayisə edilə bilməyəcək nadir şeir nümunəsidir. Milli ideya-estetik, forma və məzmun keyfiyyətləri ilə fərqlənən, Azərbaycançılıq ideallarının mükəmməl daşıyıcısı rolunda meydana çıxan “Azərbaycan” şeirində vətəndaşlıq və vətənpərvərlik mövqeyi aparıcıdır:

El bilir ki, sən mənimsən, 

Yurdum, yuvam məskənimsən,

Demək doğma vətənimsən, 

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan.

Düşdün uğursuz dillərə,

Nəsh aylara, nəhs illərə,

Nəsillərdən nəsillərə

Keçən bir şöhrətin vardır,

Oğlun, qızın bəxtiyardır.

Göründüyü kimi, şeirdə vətən mövzusu mücərrəd hisslər yox, konkret vətəndaşlıq pafosu anlamındadır. Ona görə “Azərbaycan” şeirində yurd-torpaq itkilərimiz konkret vətəndaş pafosunda ehtiva olunan mahiyyətdə açıqlanır:

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan,

Eşitmişəm uzaqlardan,

Terekləri, Arazları,

Sınamışam dostu, yarı.

Azərbaycan ədəbiyyatında vətənimizin parçalanmasına etiraz motivli bədii əsərlərdə Arazın kədər, ayrılıq, həsrət və s. şəklində təqdimi geniş yer almışdır. Qeyd edək ki, “Şairin türküsü” adı ilə şeirin ilk çapında (“Kirovabad bolşeviki” qəzeti, 7 iyun 1935-ci il) 4-cü misra “Terekləri, Arazları” şəklində getmişdir. Lakin bir il sonra şeirin ikinci çapında (“Ədəbiyyat qəzeti”, 7 noyabr, 1936-cı il) həmin misra indiyəqədərki çap variantlarında olduğu kimi “Sakit axan Arazları” şəklinə salınmışdır. Səbəb tarixi həqiqətləri üzə çıxaran Azərbaycan torpaqlarının işğal faktlarını gündəmə gətirən, Azərbaycanın parçalanmasına etiraz olunan və bütünlükdə yaddaşları təzələyən məqamların üstündən xətt çəkmək olmuşdur.

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan ədəbiyyatında Terekdən fərqli olaraq Arazın kədər, ayrılıq, həsrət və s. obrazında təqdimi geniş şəkildə yer almışdır. İstər Cənubi Azərbaycanın, istərsə də müstəqil Azərbaycanın yazıçı və şairlərinin əsərlərində Araz çayı dərdlərimizin, göz yaşlarımızın, ayrılığımızın və s. simvolu olsa da, vətənimizin sərhəd simvolu kimi göstərilmir. Terek çayına gəldikdə isə deməliyik ki, ayrılıq, kədər və s. rəmzi kimi bu ifadə ədəbiyyatımızın ilk hadisəsidir və dahi Səməd Vurğunun bədii kəşfidir. Əgər Araz Azərbaycan məmləkət torpaqlarının parçalanmasını, başqa dövlətlər tərəfindən işğalının, qəsb edilməsinin, bölüşdürülməsinin Cənub simvoludursa, Terek çayı isə Dəmir qapı Dərbənd olmaqla bu çayın keçdiyi qədim Azərbaycan torpaqlarının işğalının Şimal simvolu göstəricisidir.

“Azərbaycan” şeirinin tarixilik və müasirlik kontekstində dəyəri olduqca böyükdür. Xalq şairi Səməd Vurğunun yaradıcılıq kəşfi olan bu şeirdə tarixi keçmişimizlə müasir dünyamızın əksər detalları özünəməxsus ifadə tərzində məna qazanır və gözlərimiz qarşısında bütöv bir Azərbaycan -Ana Vətənin əbədi obrazı canlanır. Araz çayının ayrılıq-kədər simvolunda obrazlaşması Səməd Vurğunun digər şeirlərində də yer almışdır. Şairin 1935-ci ildə yazmış olduğu “Təbriz gözəlinə” şeirində millətimizin ayrılıq dərdi, birlik arzu və istəkləri, o cümlədən bir-birinə qovuşmaq inamları dilə gətirilir və ayrılıq üzərində dalğalanacaq qələbə bayrağının əzəməti gözlərinin qarşısında canlandırılır:

Nədir bu həsrətin adı, ünvanı?

Baisin evində işıq yanmasın!

Ah, Araz, ah Araz, vədimiz hanı?

Bir ürək ikiyə parçalanmasın!

 

Gözlərin dolmasın! Dayan bir az da!

Qəlbin də, sevgin də, dərdin də haqdır.

Azadlıq bayrağı güllü bir yazda,

Təbrizin üstündə parlayacaqdır.

Səməd Vurğunun cənub həsrəti ilə bağlı yazmış olduğu digər şeirlərində Araz çayı konkret olaraq hər hansı bir simvola çevrilməsə də bu cür şeirlərdə bir bütövün tərkibi anlamında o taylı bu taylı dərdlərimizin, arzu və istəklərimizin izharı həqiqi və aydın şəkildə məna qazanır. “Təbrizin şairlər məclisinə” (1946), “Yandırılan kitablar” (1947) və s. şeirlərdə Səməd Vurğun dil haqqı, torpaq haqqı, sənət haqqı, Vətən haqqı, azadlıq haqqı və s. böyük olan Azərbaycan xalqının qəhrəmanlıq və hünər tarixindən qürur duyduğunu bəyan edir, bir mədəniyyət, bir Vətən və bir tarixdə birləşməyin vacibliyini önə çəkir:

Bir varaqla tarixləri, utan mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda.

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Düşmənə qarşı hücum və ittihamların kəskinliyi ilə seçilən “Yandırılan kitablar” şeirində Səməd Vurğun İran irticasının iç üzünü açır, Odlar yurdunun vətəndaşı olaraq millətinin alınmış haqqının qaytarılmasını tələb edir.

Səməd Vurğun lirikası mövzu məhdudiyyəti tanımayan bir sənətdir. İlk növbədə, onun poeziyasının ictimai-siyasi tutumu kifayət qədər genişdir. Şair yaşadığı həyatın ictimai-siyasi proseslərinə, beynəlxalq müstəvidə baş verənlərə və s. həmişə aktiv münasibətdə olmuşdur.

Səməd Vurğunun sovet cəmiyyətinin ən mürəkkəb, ən çətin və ən gərgin dövründə yaşaması, hadisələrin içində olması, prosesləri yaxından izləyə bilməsi onun sənətində müəyyən siniflərin bir-birinə qarşı apardığı fiziki və ideoloji mübarizələrinin yer almasına, onların ehtiraslarının epik və lirik lövhələrdə əks olunmasına, üz-üzə duran, toqquşan mənafelərin, eyni zamanda sosialist cəmiyyəti quruculuğu yolunda fədakarlıq göstərən insanların xarakterlərinin açılmasına və s. ciddi təsir göstərmişdir. Şübhəsiz, Səməd Vurğun bir ziyalı, bir şair və bir vətəndaş olaraq baş verənləri yalnız kənardan müşahidə etmirdi, eyni zamanda hadisələrə müəyyən dərəcədə müdaxilə etmək məcburiyyətində qalırdı. “Rəhbərə salam”, “Klim Voroşilova”, “Söz buketi”, “Araz ilhamı”, “Komsomol marşı” və s. kimi nümunələrdə şairin hadisələrə müdaxilə və münasibəti Sovet ideoloji prinsiplərinə uyğun verilmişdir.

Səməd Vurğun müasir Azərbaycan ədəbiyyatının ən mükəmməl poemanəvis sənətkarlarından hesab olunur. Səməd Vurğun 1937-ci ildə çıxışlarının birində 30 poemadan ibarət “Azərbaycan” epopeyasını yazması barəsində məlumat vermişdir. Lakin araşdırmalar nəticəsində şairin ev muzeyində onun öz dəst xətti ilə hazırladığı “Azərbaycan” (tarixi poema) aşkarlanmışdır ki, bu kitab 9 poema və 7 şeirin daxil edildiyi cəmi 16 əsərdən ibarətdir. Azərbaycan ədəbiyyatşünaslığında “Azərbaycan” epopeyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Nəzərə alsaq ki, xalq şairi Səməd Vurğunun bütün poemalarının ümumi sayı 30 yox, 28 rəqəmi üzərində dayanır, o zaman onun 1937-ci ildə 30 poema yazması barədə verdiyi məlumatın vurğunşünaslıqda fikir müxtəlifliyinə səbəb olmasına normal yanaşmaq lazımdır. Ona görə də “Azərbaycan” epopeyasına daxil olan əsərlərin siyahısı və sırası indiyə qədər mübahisəlidir. Amma əksər tədqiqatçılar Səməd Vurğunun 30-cu illərdən sonrakı dövründə yazılmış poemaları ilə yanaşı, bəzi şeirlərinin də “Azərbaycan” epopeyasına aid edildiyini qeyd edirlər.

XX əsrin 30-cu illəri Səməd Vurğunun poema yaradıcılığı sahəsində ən məhsuldar dövrü hesab edilir. Onun “Komsomol poeması” (bu poema üzərində 1956-cı ilə qədər işlənilsə də, poemanın əsas hissələri 1931-1935-ci illərdə yazılmışdır), “Macəra” (1932-1933), “Muradxan” (1933), “Xumar” (1933), “Lökbatan” (1933), “Kənd səhəri” (1933), “Ölüm kürsüsü” (1934), “Acı xatirələr” (1935), “26-lar” (1935), “Qız qayası” (1935), “Aslan qayası” (1935), “Bulaq əfsanəsi” (1935), “Dar ağacı” (1935), “Ölən məhəbbət” (1935), “Talıstan” (1935), “Üsyan” (1936), “Bəsti” (1937), “Yazla qışın deyişməsi” (1937) adı ilə poemalar silsiləsinə daxil olan hər bir əsəri siyasi-fəlsəfi mündəricəsinə, ifadə formalarına, situasiyalar və xarakter keyfiyyətinə, mükəmməl süjet və dramatizminə görə xüsusi fərqlənir və janrın bədii imkanlarının genişlənməsinə xidmət göstərir.

“Komsomol poeması”nın mövzusu Azərbaycan ictimai-siyasi gerçəkliklərini əks etdirmək baxımından xarakterikdir. Poema Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində qolçomaq adlandırılan zümrə ilə sovet komsomolçuları arasında gedən silahlı mübarizəyə həsr edilmişdir. Səməd Vurğun bu əsəri Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyinə hədiyyə etmişdir. Bu səbəbdən poemanın sovet ideoloji xətti kifayət qədər güclü verilmişdir. Əsərdə yeni cəmiyyət uğrunda mübarizə aparan komsomolçuların – Bəxtiyarın, Şahsuvarın, Cəlalın, Mirpaşanın və s. igidliyinin, xarakter bütövlüyünün, xalqa qarşı mərhəmətli, düşmənə qarşı amansızlığının önə çəkilməsi və yazıçı müdaxiləsində bu cəhətlərin xeyli qabardılması sovet ideologiyasının təsirləri ilə birbaşa bağlanır. Əksinə, qolçomaq və əksinqilabçı sinfinin təmsilçisi hesab edilən Gəray bəy və onun tərəfdarlarının amansız və qəddar situasiyalarda təqdimi də ideologiyanın təsirindən irəli gəlir. Bütün hallarda əsərin aparıcı xəttində yeni sovet cəmiyyəti uğrunda mübarizəyə qoşulan komsomolçu gənclərin fədakarlığı dayanır. Təbii ki, ideya da buradan doğur. Lakin əsərdəki bəzi situasiyaları kənarda saxlasaq poemaya başqa prizmadan yanaşa bilərik. Dəyişilmiş situasiyda ön planda yeni cəmiyyət uğrunda mübarizə aparan gənclərin qəhrəmanlığı yox, yəqin ki, gəlmə ideologiyaya aldanıb (kommunist ideologiyasına) yeni cəmiyyət uğrunda mübarizə aparan gənclərin faciəsi dayanır.

“Aslan qayası” poeması 1935-ci ildə qəhrəmanlıq motivlərini əks etdirən xalq əfsanəsi əsasında yazılmışdır. Xalq əfsanəsindən məqsədli şəkildə istifadə edən şair, əslində Azərbaycanın Rusiya tərəfindən işğal faktını diqqət mərkəzində saxlaya bilir. Ümumi süjet xəttinin mərkəzində xan qızı Mahniyarla igid Aslan dayanır. Əsərdə bu iki gəncdən kənarda heç bir hadisə baş vermir. Bakı xanı Hüseynqulu xanın və rus generalı Sisyanovun əsərdə yer alması hadisələrin real tarixlə bağlılığını təmin edir. Tarixdən məlumdur ki, rus generalı Pavel Sisyanov Bakını mühasirəyə aldıqdan sonra Bakı xanı Hüseynqulu xana təslim olmaq təklifi göndərir. Hüseynqulu xan onu danışıqlar aparmaq üçün Bakının Qala qapısına dəvət edir. 8 fevral 1806-cı il tarixində Sisyanovla Hüseynqulu xan danışıqlar apararkən  xanın əmisi oğlu İbrahim bəy Sisyanovu öldürür. Bu hadisədən sonra ruslar xüsusi amansızlıqla Bakını işğal etmişdir. Səməd Vurğun “Aslan qayası” poemasında baş vermiş bu tarixi olayı müəyyən dəyişikliklərlə poemada əks etdirmişdir. Azərbaycanın Rusiya tərəfindən işğalına əsərdə kəskin etiraz nümayiş etdirilir. Bu etiraz hətta ümummilli etiraz səviyyəsində təqdim olunur:

O gündən titrədi yurdun üstündə

Cütbaşlı qartalın qanlı bayrağı.

Tarixin doğduğu o qara gündə,

Böyük bir ölkənin söndü çırağı.

 

Buludlar çaxnaşdı, hava daraldı,

Çumalar dolaşdı bizim elləri.

Bizim ipəkləri Peterburq aldı,

Bəzəndi knyazın madmazelləri.

Səməd Vurğun “Aslan qayası” poemasında rus müstəmləkə sisteminin Azərbaycana gətirdiyi böyük fəlakətləri, mənəviyyatımıza, ruhumuza vurulan zərbələri, o cümlədən milli tarixi itkilərimizi ürək ağrısı ilə təkcə qələmə almır, həm də ona qarşı barışmaz səsini ucaldır:

 

O gündən qaraldı göydə buludlar, 

Bir günəş doğmadı Azərbaycana.

O gündən saraldı çiçəklər, otlar,

Gəmimiz çıxmadı varıb bir yana.

Sən ey Rusiyanın dağıdan əli! 

Cütbaşlı qartalın qanlı heykəli!

Xalq şairi Səməd Vurğun XX əsrin 40-50-ci illərində yazmış olduğu epik əsərləri ilə “Azərbaycan” epopeyası poemalar silsiləsini xeyli zənginləşdirmiş oldu. “Ayın əfsanəsi” (1941), “Hürmüz və Əhriman” (1943), “Bakının dastanı” (1944), “Zəncinin arzuları” (1948), “Muğan” (1948-1949), “Leninin kitabı” (1950), “Aygün” (1950-1951), “Zamanın bayraqdarı” (1952), “Neftin qüdrəti” (1953) poemalarında dahi Səməd Vurğun həyat və cəmiyyət düşüncələri, azərbaycançılıq baxışları, xeyirlə şər fəlsəfəsi, bir sözlə, böyük bəşəri ideal fəlsəfi sistemi çərçivəsində hadisələri dəyərləndirə bilmiş və siyasi-ideoloji yanaşma ilə yanaşı, milli-mənəvi ruhun potensiyasından da yararlana bilmişdir.

Səməd Vurğunun “Bakının dastanı” poemasını “Azərbaycan” epopeyasına daxil olan poemaların ən möhtəşəmi hesab etmək olar. Bakıya həsr edilmiş bu poema çoxminillik bir tarixi əks etdirmək baxımından səciyyəvidir. Akademik İsa Həbibbəyli qeyd edir ki, “nə Səməd Vurğundan əvvəl, nə də ondan sonra Azərbaycan ədəbiyyatında Bakı şəhəri haqqında “Bakının dastanı” səviyyəsində əsər meydana çıxmamışdır”. Xatırlatmaq istərdik ki, Səməd Vurğun “Azərbaycan” epopeyası haqqında məlumat verərkən epopeyada vətəninin 2000 illik bir tarixinin əsas mərhələlərinin yer aldığını bildirmişdir. Doğrudan da, “Bakının dastanı”nda bu şəhərin ən qədim dövründən başlayaraq müasir mərhələyə qədər olan tarixinin yer aldığını görə bilirik.

Səməd Vurğun “Bakının dastanı” poemasını ilk növbədə Bakıya olan sevgisi müqabilində yazmışdır. Səməd Vurğun əsərin “Proloq” hissəsində Bakını özünə ana bildiyini, uzun illər Bakı haqqında poema yazmaq arzusunda olduğunu və bu işi özünə müqəddəs vəzifə hesab etdiyini diqqətə çatdırır:

Neçə ildir könül deyir: Söylə, şair,

Şeir, sənət gülzarında Bakı hanı?

Sən nə zaman yazacaqsan ilk dastanı

Bu müqəddəs, bu möhtəşəm hüsnə dair?

Bu arzuyla yaşamışam nə zamandır

Var ol məni bu ümmana atan ürək

Var ol sən də gözəl Bakı, qadir ana!

Camalının şöləsidir bu ilhamım.

Öz borcumu ödəyərsəm bu gün sana,

Gözlərimdə qalmayacaq heç bir kamım.

Poemanın “Bakının baharı”, “Bakı gecələri”, “Kommunist küçəsi”, “İçərişəhər”, “Buruqlar səltənəti” və s. hissələrində yanaşmalar tarixilik və müasirlik kontekstində aparılır. Müəllif tərəfindən düşünülmüş bu yanaşma oxucunu heyrətləndirməklə yanaşı, həm də onun düşüncəsində Bakının tarixiləşən zəngin və rəngarəng simvolunu formalaşdırır:

Aç tarixi varaq-varaq,

Hər dövranın hökmünə bax...

Burda min bir od yanarmış

Onun da öz hüsnü varmış.

Müqəddəsmiş hər bir ocaq...

Çıraqbanlar bir tamaşa 

Alışarmış başdan-başa

“Bakının dastanı”nı yalnız Bakınamə yox, həm də Azərbaycannamə hesab etmək olar. Çünki şair “Qız qalası”nın əzəmətini, İçərişəhər möcüzələrini, Qoşaqala qapısının möhtəşəmliyini, Bakı gecələrinin ecazkarlığını, mavi Xəzər dəliliyini və s. həm də Azərbaycan üçün simvolizə edirdi:

Bakı! Bakı! – dedim, müqəddəs ana!

Sən şöhrət yarandın Azərbaycana!

Səməd Vurğunun Bakıya həsr etdiyi poemada qədim Şirvan elindən, yamyaşıl Muğan düzündən, al-qırmızı Quba bağlarından və s. danışılması məqsədli xarakter daşıyır və əsərin geniş mənada Azərbaycannamə yükünü artırmış olur.

“Bakının dastanı” poemasında təhkiyə əsasən şairin dili ilə aparılır. Poemada təhkiyəçi Bakının, eyni zamanda bütün Vətəninin tarixini yaxşı bildiyi üçün oxucu onun Vətən-Azərbaycan təqdimatından məmnun qalır. Məsələn, mədəni və siyasi tariximizin ən maraqlı səhifəsini təşkil edən Bakının İçərişəhər qala abidələrinin təqdimatı Azərbaycan mədəniyyətinin və tarixinin təqdimi və təbliği baxımından xarakterikdir. Bu hissədə əsrlər boyu yaratdığımız tarixə, sahib olduğumuz yurd yerləri haqqında səyyaha verilən məlumatlar vətəndaş olaraq hər birimizdə maraq doğurur və qürurumuzu artırır:

Seyr et, səyyah, bizim Qoşa qapıları,

Görürsənmi, onlar yenə pürvüqardır.

Bu qapıdan neçə nəsil gəlib keçmiş

Yada düşür ömrün uşaq zamanları

Bizim qala qapılardan azmı keçmiş,

Zınqırovlu, yüklü dəvə karvanları?!

At çapdıran, ox süzdürən, nizə tutan,

Nə oğullar gəlib keçmiş bu yerlərdən.

Səqfi görmüş bu qalanın boş daşları,

Boran görmüş, külək döymüş bir dənizdir.

Qalmasa da onun köhnə sirdaşları

Sahibi var! – O da bizim ölkəmizdir.

Səyyah sorur:  - Neçün sərtdir onun üzü?

Mən deyirəm: - Amansızdır qəsbkara!

Bu qalalar çağırmışdır nəslimizi

Qurtuluşa, azadlığa, ilk bahara!

Səməd Vurğun “Bakının dastanı” poemasında real tarix və şair fantaziyası paraelliyində Vətən tariximizin olduqca əhəmiyyətli bir məqamlarını göz önünə gətirmiş, bu məqamları seyrçi kimi yox, əsl şair-vətəndaş mövqeyindən dəyərləndirə bilmişdir.

“Muğan” poeması xarakter və problemlərə yanaşma baxımından fərqlənir. 1941-1945-ci illər Böyük Vətən müharibəsinin başa çatmasından sonra dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kənd həyatının dirçəldilməsi, dinc quruculuq işlərinin aparılması, bir sözlə əmək mübarizələrinin genişləndirilməsi kütləvi hal almağa başladı. Təbii ki, bu prosesin yeni insan xarakter və münasibətlərinin formalaşmasına ciddi təsirləri oldu. Döyüş mübarizələrinin əmək mübarizələri ilə əvəzləndiyi bir dövrün yaradıcılıq nümunəsi olan “Muğan” poemasını bu mənada əmək quruculuğuna həsr edilmiş əməyin poeziyası da adlandırmaq olar. Səməd Vurğun əsksər əsərlərində olduğu kimi “Muğan” poemasında da Muğanın keçmişindən bəhs edir. Məkan olaraq Muğanın əlverişsiz, susuz iqlim şəraiti, bunun müqabilində keçmiş insanların saysız-hesabsız əzab əziyyətləri və acınacaqlı həyat tərzləri haqqında söhbət açılır:

Ah! Yazıq babalar dözüb min dərdə,

Vaxtsız öldünüzsə, durur adınız.

Əsrlər boyunca bu boz çöllərdə

Bir vətən eşqilə siz yaşadınız.

On doqquz nəğmədən ibarət olan “Muğan” poemasının yalnız bir neçə nəğməsində Muğanda yaşayan insanların keçmişdəki ağır həyat tərzləri, təbiətin sərt sınaqları ilə qarşılaşması haqqında məlumatlar əldə edirik. Əsərin sonrakı hissələrində isə böyük quruculuq işləri aparan, hətta təbiətlə mübarizədə təbiətə qalib gələn insanlarla üzləşirik. Səməd Vurğunun əmək qəhrəmanlarının fəaliyyətlərinin tərənnümü “təbiət təslim ol”, “Dəli Kür dayan” sosializm şablonlarına və raport normalarına uyğun olaraq təqdim edilir. Ona görə Sarvanın da, Manyanın da uğurlarının qeyri-adilik pafosu müstəqillik dövrümüzün insanı üçün bir qədər qəribə səslənir. Lakin bütün hallarda Səməd Vurğun öz qəhrəmanlarına hörmətlə yanaşır və onların timsalında insan həyatı və cəmiyyəti üçün vacib olan əməyi təbliğ edirdi. Bu mənada istər Mingəçevirdə aparılan nəhəng tikinti sahələrinin, istərsə də pambıqçılıq təsərrüfatlarının toz içində nəfəs alan, günəş şüaları altında yanan, gecəni gündüzə qatan, yalnız dövlətini və xalqını düşünən qəhərmanlarına rəğbət bəslənilir, zəhmətlərinə dəyər verilir:

Qız olsa da mənim adım,  

Qoy baş əysin mənə çöllər

Alqış desin hünərimə

Mənim zəfər günlərimə.

Deyən Manya Kərimova,

Saatları qova-qova

Tarladadır ilk səhərdən.

“Muğan” poeması lirik-epik formada yazılsa da, əsərdə lirik tərz olduqca güclüdür. Poemada geniş yer alan təbiət təsvirləri, insan duyğularını əks etdirən bir sıra məqamlar və s. lirik tərzdə ifadə olunmuşdur.

 

 

 

Elman Quliyev, 

Azərbaycan  Dövlət Pedaqoji

Universiteti Türkoloji mərkəzin Türk

ədəbiyyatı bölməsinin müdiri

filologiya elmləri doktoru, professor

                                             



Mədəniyyət