IV Vergi Mühasibatlıq Zirvəsi uğurla yekunlaşıb

post-img

“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə 4 aprel tarixində IV Vergi Mühasibatlıq Zirvəsi təşkil olunub.

XQ xəbər verir ki, zirvə illər ərzində sahənin aparıcı mütəxəssislərini bir araya gətirən və vergi, mühasibatlıq, eləcə də maliyyə istiqamətlərində aktual mövzuların müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib.

Zirvə çərçivəsində iştirakçılar üçün həm peşəkar biliklərin paylaşılması, həm də təcrübə mübadiləsi baxımından dəyərli imkanlar yaradılıb.

Tədbir kiçik və orta sahibkarlara dəstək göstərən aparıcı maliyyə institutu “PAŞA Bank”, “Unibank”ın bank sponsorluğu və “Azintelecom”un rəqəmsal həllər üzrə sponsorluğu ilə həyata keçirilib.

Tədbirdə dövlət qurumlarının rəsmiləri, özəl sektor nümayəndələri, maliyyə və vergi sahəsində fəaliyyət göstərən mütəxəssislər, eləcə də sahibkarlar geniş tərkibdə iştirak ediblər. İştirakçılar vergi və mühasibatlıq sahəsində aktual məsələlər, qarşıya çıxan çətinliklər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.

“Good Finance” şirkətinin təsisçisi Vüsal Səlimov və Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov tədbirin açılış nitqlərini edərək iştirakçıları salamlayıblar.

I Panel – “Maliyyə riskləri və uçot” paneli Paşa Real Estate şirkətinin Daxili Audit və Nəzarət üzrə Qrup Direktoru Niyazi Abbasov moderatorluğu ilə keçirilib. Paneldə spikerlər qismində “RNN Advisor” şirkətinin direktoru, "Azərişıq" ASC-nin Audit Komitəsinin rəhbəri Rauf Rzayev, “Azfin Audit” şirkətinin direktor-auditoru,

Auditorlar palatasının üzvü, sərbəst auditor İbadət Binyətov, həmçinin “Paşa Malls” şirkətinin Baş Maliyyə Meneceri Tutu Əfəndizadə çıxış edərək maliyyə qərarlarında risklərin düzgün qiymətləndirilməsi, şirkətlərdə maliyyə intizamının təmin olunması kimi mövzuları müzakirə ediblər.

II Panel – “Əmək münasibətlərində uçot riskləri” paneli “Hucap Consulting” şirkətinin təsisçisi və direktoru Dəyanət Ağayev moderatorluğu ilə baş tutub. Paneldə spiker qismində isə müəllif, mühasibat uçotu, vergi və daxili audit üzrə ekspert Anar Bayramov çıxış edib.

Panel çərçivəsində vergi qanunvericiliyində tez-tez rast gəlinən səhvlər, vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət məsələləri və bu risklərin effektiv idarə olunması üçün tətbiq edilən praktik yanaşmalar geniş şəkildə müzakirə olunub. Sonda isə iştirakçıların ünvanladıqları suallar cavablandırılıb.

Sonuncu panel olan “Vergi riskləri” paneli vergi qanunvericiliyi üzrə təlimçi, vergi eksperti Tural Abbasovun moderatorluğu ilə keçirilib. Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsinin vergi qanunvericiliyinin tətbiqi şöbəsinin Baş dövlət vergi müfəttişi Anar Cabbarov, Dövlət Vergi Xidməti İnzibati şikayətlər baş idarəsinin rəis əvəzi Emil Rəhimov, Dövlət Vergi Xidməti Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, “Advocaid” MMC-nin həmtəsisçi Ziyafət Qarayeva və “DİFA Consulting Services” şirkətinin direktoru Xəyal Feyzullayev spiker qismində çıxış ediblər. Panel zamanı əmək müqavilələri və işçi–işəgötürən münasibətlərində yaranan hüquqi və maliyyə riskləri, əmək qanunvericiliyində tez-tez rast gəlinən səhvlər və onların biznesə təsirləri ekspertlərin təcrübəsi müzakirə olunaraq, iştirakçıların sualları cavablandırılıb.

500-dən çox iştirakçını bir araya gətirən Vergi və Mühasibatlıq Zirvəsi artıq 4 ildir ki, davamlı şəkildə keçirilməklə özünü etibarlı platforma kimi təsdiqləyir. Bu il də tədbir iştirakçılar üçün olduqca faydalı müzakirələrlə, aktual mövzularla və dəyərli təcrübə mübadiləsi ilə yadda qaldı.

Sosial həyat