Gəncədə mətbuatın yaranması və inkişafı

post-img

Ölkəmizdə çap mediasının tarixçəsi rus işğalından sonrakı rəsmi həyatla bağlı məlumat xarakterli vərəqələrin işıq üzü görməsi dövrünə gedib çıxır. Qafqazda çap üsulu ilə nüsxələrin çoxaldılmsı və yayım müəssisələrinin yaranması ictimai söz tribunası olan qəzet-jurnalların meydana çıxmasına texniki şərait yaratmışdır.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaranmış mətbəə və mətbu nəşrlər milli mətbuat tariximizin önəmli qaynaqları sırasındadır. Xanlığın işğal yolu ilə Rusiyaya birləşdirilməsindən sonra Gəncənin adının 2 dəfə dəyişdirilməsi – çarın həyat yoldaşının şərəfinə Yelizavetpol, sovet illərində isə bolşevik canişin Kirovun xatirəsinə Kirovabad adlandırılması, müstəqilliyin bərpası ərəfəsində tarixi adın geri qaytarılması müxtəlif illərdə burada buraxılan dövri nəşr olunan qəzetlərin loqosunda da əksini tapmışdır.

Gəncədə çap məhsulu buraxılışının tarixi XX əsrin əvvəllərində şəhərin Yelizavetpol adlandırıldığı illərlə bağlıdır. İctimai- siyasi yayım kimi işıq üzü görən “Yelizavetpolskie otqoloski”nin cəmi 2 sayı 1906-cı il mayın 21 və iyunun 2-də buraxılmışdır. Burada əsasən Pusiyada buraxılan bolşevik qəzetlərindən götürülmüş materiallar yer almışdır. Şəhərdə ilk qəzet nümunəsi isə elan vərəqi şəklində buraxılmışdır. 1910 – 1911-ci illərdə bir neçə nömrəsi çap olunmuş “Jurnal obyavleniya” Gəncə mediasının tarixində mətbu nəşr sayılır. 

Sonrakı illərdə Yelizavetpol quberniya idarəsinin gündəlik orqanı olan “Yelizavetpolski listok”un 1911-ci il mayın 2-dən 1912-ci il sentyabrın 11-dək 19 nömrəsi buraxılmışdır. Qəzet burjuaziyanın müdafiəçisi kimi çıxış etmişdir. O illərdə Gəncədə rus dilində daha bir nəşr – “Yujnıy Kafkaz”adlı gündəlik siyasi, ictimai və ədəbi qəzet nəşr olunmuşdur. 4 səhifədən ibarət qəzetin 110 sayı işıq üzü görmüşdür. Onun rəhbərləri sırasında Fyodorov və Qriftsov ilə yanaşı, həkim, ictimai-siyasi xadim Həsən bəy Ağayevin də adı var. 

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin azadlıq və müstəqillik uğrunda apardığı mübarizə zamanı yeni qurulmuş hökumət 1918-ci il iyulun 3-də “Azərbaycan cümhuriyyəti hökumətinin əxbarı" adlı rəsmi orqanın nəşrinə qərar vermişdir. 1918-ci il sentyabrın 15-də işıq üzü görən “Azərbaycan” adlı gündəlik ictimai-siyasi, iqtisadi qəzetin 4 sayı Gəncədə nəşr olunmuşdur. Qəzetdə hökumətin rəmi materialları və digər yazılar dərc edilmişdir.

Covet hakimiyyətinin ilk dövründə Gəncədə bolşeviklərin müxtəlif illərdə nəşri çox az sürən “Yeni Gəncə”, “Şüra Gəncəsi”, “Sosializm yolu” kimi təşviqat vərəqələri buraxılmışdır. İlk nömrəsi 1920- cı ilin mayın 5-də çapdan çıxan şəhər qəzeti müntəzəm nəşr kimi “Qırmızı Gəncə”, “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə Kommunisti”, “Kirovabad kommunisti” adları altında oxuculara təqdim olunmuşdur. Şəhərdə mətbu nəşrlər üzərində senzura nəzarəti həyata keçirmək üçün mətbuatda dövlət sirlərini qoruyan qurumun Gəncə nümayəndəliyi yaradılmışdır.

1928-ci ildə Gəncə Qəza Xalq Maarif Şöbəsi işçiləri həmkarlar təşkilatı və "Qızıl qələmlər" cəmiyyəti şəhər şöbəsinin orqanı kimi “Qızıl Gəncə” adlı aylıq, elmi-ədəbi, ictimai-pedaqoji jurnal nəşr olunmuşdur. Jurnalın cəmi 5 nömrəsi çıxmışdır. Nəşrdə ictimai-siyasi məsələlərə dair yazılar, Səməd Vurğun, Mir Cəlal, Cəfər Xəndan, Mikayıl Rzaquluzadə kimi gənc ədiblərin şeir və hekayələri, ədəbiyyat, dil və incəsənət haqqında məqalələri dərc olunmuşdur. 

1990-cı ildə başlanan azadlıq hərəkatı zəminində xalqın tələbi ilə Gəncənin tarixi adı özünə qaytarıldıqdan conra qəzet həmin ilin yanvar ayının 1-dən “Gəncənin səsi” adı altında çıxır və çətinliklə də olsa, özfəaliyyətini bu gün də davam etdirir. Rusdilli qəzet isə "Vestnik Qyandji" adlandırılmışdır. Hazırda "Novosti Qyandji" adı ilə çap olunur.

Gəncədə məskunlaşan digər xalqların mənafeyi nəzərə alınaraq rus dilində ikinci bir şəhər qəzetinin çap olunması da nəzərdən qaçmamışdır. Bu qəzetin ilk nömrəsi "İzvestiya" adı ilə 1922-ci il yanvarın 1-ci həftəsində Gəncə Qəza İcraiyyə Komitəsinin və Qəza Həmkarlar Bürosunun təsisçiliyi ilə çap edilmişdir. Həftədə 3 dəfə çıxan qəzetin redaktorluğu Gəncə Qəza İcraiyyə Komitəsinin sədrinə həvalə edilmişdir. 1923-cü ildən qəzet "Novaya Qyandja", Gəncənin adı dəyişdirildikdən sonra 1935-cu ildən "Kirovabadski raboçi" adları ilə çıxmışdır. 

Gəncə vilayətinin təşkili ilə əlaqədar 1953-cu ildə hər iki şəhər qəzeti "Kirovabad kommunisti" və "Kirovabadski raboçi" birləşdirilərək Gəncə Vilayət Partiya Komitəsinin orqanı kimi rus və Azərbaycan dillərində "Gəncə kommunisti" və "Qyandjinski kommunist" adı ilə həmin ilin mayın sonunadək çap olunmuşdur. Gəncə vilayəti ləğv olunduqdan sonra, hər iki qəzet yenidən öz köhnə adları ilə Kirovabad Şəhər Partiya Komitəsi və XDS İcraiyyə Komitəsinin orqanı kimi ayrıca nəşr edilməyə başlamışdır. 

Şəhərin qəzetləri Gəncədə Sabir küçəsində yerləşən mətbəədə nəşr olunurdu. 1990-cı ildə Mətbuat Komitəsinin qərarı ilə yaradılan “Azərnəşr”in Gəncə redaksiyasının səlahiyyətləri 1995-ci ildə Gəncə Şəhər İcarə Mətbəəsinə verilmiş və müəssisə sonralar Gəncə Şəhər Nəşriyyat-Poliqrafiya Birliyinə çevrilmişdir.

1993-cü ildə Yeni Azərbaycan Partiyasının Cəncə şöbəsi təsis edilmış və 1996-cı ilin may ayından onun “Yeni Gəncə” adlı qəzeti təsis olunmuşdur. Hazırda qəzet nəşrini uğurla davam etdirir.

SSRİ dövründə istehsal, kolxoz və ali təhsil müəssisələrində yaradılan və divar qəzetlərinin çoxaldılmış forması kimi xarakterizə edilən çoxtirajlı qəzetlərin nümunələri Gəncədə də işıq üzü görmüşdür. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) rektorluğunun və ictimai təşkilatlarının orqanı kimi yaradılan “Aqrar mütəxəssis” çoxtirajlı qəzeti 1933-cü ildən çıxmışdır. Sonra “Kadr uğrunda” adlandırılan qəzet AKTA-nın tələbə həyatına, təhsilə, təlim-tərbiyəyə, gənc tədqiqatçıların yetişdirilməsinə, alimlərin axtarış və tapıntılarına dair yazılar dərc edir. 

“Yüksəliş” çoxtirajlı qəzeti isə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (hazırda Universitet) rektorluğu, partiya bürosu, komsomol və həmkarlar təşkilatlarının orqanı kimi 1968-ci ilin may ayından nəşrə başlamışdır. Gəncə Alüminium zavodunda da 1970-ci ilin martında əvvəlcə bülleten şəklində, daha sonra “Əməkçi” və “Trujenik” kimi hər iki dildə 4 səhifəlik qəzet çap olunmuşdur.

Toxuculuq kombinatının müdiriyyəti, partiya və həmkarlar ittifaqı təşkilatlarının orqanı kimi “Toxucu” çoxtirajlı qəzetinin ilk nömrəsi 12 mart 1980-ci ildə çapdan çıxmışdır. Gəncədəki 3 saylı tikinti-quraşdırma trestinin nəzdində “Peyk” adlı çoxtirajlı qəzet isə 1980-ci ildən çap olunmuş və müəssisələr bağlandığına ğörə nəşrini dayandırmışdır.

Rəsmi orqanlara bağlı mətbu nəşrlərdən başqa Gəncədə elmi-ədəbi, pedaqoji dərgilər də buraxılmışdır. Məsələn, “Nizami yurdu” adlı müstəqil həftəlik qəzetin ilk nömrəsi 1990-cı ilin sentyabr ayında çıxmışdır. Qəzet özünə Nizami Gəncəvinin "Çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zər-xara" misralarını epiqraf seçmişdi. Qəzetdə şerlər, tarixi araşdırmalar, mədəniyyət abidələrimizin tarixi və bu günü ilə bağlı materiallar çap olunurdu. 1992-ci ildən nəşri dayanmışdır.

Ədəbi-bədii, elmi, kütləvi, publisistik nəşr olan “El” jurnalı 3 aydan bir çıxırdı. Lakin onun da nəşri bir müddət sonra dayanmışdır. İlk sayı 1989-cu ilin dekabrında çıxan “Vətən” adlıictimai-siyasi qəzet bir il gizli şəkildə, bəzən də respublikadan kənarda çap olunmuşdur. 1992- ci idə fəaliyyətini dayandırmışdır.

1991-ci ilin aprelində Gəncədə "Cəsarət" gənclər qəzeti "Vətənimiz, and yerimiz" şüarı ilə çap olunmağa başlamışdır. Gəncə şəhər icarə mətbəəsində nəşr olunan qəzetin təsisçisi Azərbaycanın Tərəqqisi uğrunda Kommunist Gənclər İttifaqı Gəncə şəhər komitəsi olmuşdur. 1992-ci ildən nəşri dayanmışdır.

Ölkədə ilk rəngli qəzet də Gəncədə çap olunmuşdur. Bu, “Кəpəz” futbol klubunun təsisçiliyi ilə ayda 2 dəfə 4,6, bəzən də 8 səhifə həcmində nəşr olunan “Kəpəz” qəzeti idi. İlk nömrəsi 1998-ci ilin aprelində işıq üzü görən qəzet geniş populyarlıq qazanmışdır.

Hər bir qəzet öz oxucusunun səsidir. Janr rəngarəngliyi ilə üşıq üzü görən bu nəşrlər insanların asudə vaxtlarının təşkilində, məlumatlanmasında və maariflənməsində, daxili aləminin zənginləşməsində mühüm rol oynamışdır. Azərbaycan mətbuatının 150 illik tarixini isə Gəncə mətbuatı olmadan təsəvvür etmək mümkün deyil. Yeri gəlmişkən, bu sahənin dərindən öyrənilməsinə, elmi araşdırmalara çox ehtiyac duyulur. 

Amalya QASIMOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru

 

Sosial həyat