Yol Polisi İdarəsindən motosiklet, velosiped və skuter sürücülərinə çağırış

post-img

Son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir.

Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır:

- Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.

- Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.

- İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.

- Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.

Unutmayın: bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə – siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz.

P.ƏMİRCANOV
XQ

Sosial həyat