Sənət Arifliyinin əbədiyyət ünvanı

post-img

Xalqı üçün dəyərli və gərəkli insanlar illər keçdikcə daha da təcrübəli, faydalı olurlar. İllər onların yetkinliyini artırdıqca cəmiyyətdə qədir-qiymətləri də yüksəlir. Əfsus ki, günlərin birində amansız ölüm ömrünü xalqa xidmət yolunda şam kimi əritmiş bu insanları sıralarımızdan qoparıb əbədiyyətə aparır.

Görkəmli musiqi ifaçısı və pedaoqu, muğam və mahnılarımızın mahir ifaçısı Arif Babayevin 87 yaşında dünyasını dəyişməsi bizə bu amansız həqiqəti bir daha xatırlatdı. Arif müəllimin sənətinin vurğunu və tədqiqatçısı, onunla illər uzunu sıx təmasda olmuş, dostluq etmiş bir qələm sahibi kimi mən bu itkini daha dərindən hiss edir və hədsiz dərəcədə kədərlənirəm. Nə yaxşı ki, milli musiqi ifaçılığımızın ustad xanəndəsi və öyrədicisi, insanlıqda da arif olan Arif Babayevin mədəniyyət tariximizdə əbədiyyət qazanan sənəti bizə onun zəngin irsini ərməğan edib.

Arif Babayevin ömür yolu mənalı, sənət yolu məhsuldar və zəngin olub. 1938-ci ilin 20 fevralında Qarabağın musiqi beşiyi Ağdamda anadan olmuş müğənni ilk sənət addımlarını Ağdam Dövlət Dram Teatrında atıb. 1960-cı ildən başlayaraq, Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisas təhsili aldıqdan sonra Dövlət Filarmoniyasında, Opera və Balet Teatrında çalışıb. İstedadlı sənətkar Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb.

Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin yetirdiyi istedadlı xanəndə kimi tanınıb. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Onun ifasında səslənmiş muğam dəstgahları lentə alınaraq AzTV Fondunda saxlanır. Arif Babayev muğam operalarında Məcnun, Kərəm (“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (“Aşıq Qərib”), Camal (“Gəlin qayası”) rollarını məharətlə oynayıb.

Ünlü sənətkar ustad musiqi pedaqoqu kimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasına muğam müəllimim olub. Xalq artisti, professor Arif Babayev Milli Konservatoriyanın muğam kafedrasının müdiri olub, eyni zamanda, Xəzər Universitetində də muğam dərsi verib.

Arif müəllim sağlığında danışırdı ki, bir dəfə tanış səs eşidib, ayaq saxlayıb. Eşitdiyi ifanı əvvəlcə özününkü sayıb. Diqqət eləyəndə görüb ki, ifa tərzi onundur, oxuyan başqasıdır. O, özü də ustad muğam ifaçılarını belə incəliklə izləmiş, onlardan çox şey öyrənmişdi.

Bir xanəndə kimi Arif Babayevin istedadı çox tez parlamışdı. Ağdamda və Bakıda konsertləri böyük uğurla keçmişdi. Nə idi bu uğurun səbəbi? Gənc müğənninin bu qədər tez şöhrətlənməsi nə ilə bağlı idi? Nə üçün tamaşaçılar, dinləyicilər onun konsertlərinə bu qədər maraq göstərirdilər?

Səbəb çox idi. Artıq görkəmli muğam ifaçıları yaşa dolmuşdular və Arif Babayev də belə bir vaxtda sənət meydanına çıxmışdı. Yox, səbəb təkcə bu deyildi. Səbəblərdən, bəlkə də, ən birincisi Arif Babayevin fitrətən xanəndə olması idi. Onun boy-buxunu, oturuşu-duruşu və bu kimi müsbət keyfiyyətlərinin zirvəsi olan şirindən şirin səsi idi. Təbiət Arifə səs verəndə ondan heç nəyi əsirgəməmişdi. Səsi zilli, bəmli vermişdi. Bir də Arif müəllimin sənətkar kimi xoşbəxtliyi onda idi ki, əlinə qaval aldığı gündən öz yolu, öz nəfəsi, öz guşəxanlığı, öz dəst-xətti var idi. O, bir xanəndə kimi yaşlı sənətkarların sənətindən çox şey öyrənmişdi, amma səsi, ifası onların təkrarı deyildi. Bu səsin öz axar-baxarı, qövsi-quzehi, öz gülşəni, öz çeşməsi var idi.

Müğənni öncə muğamat və xalq mahnılarının mahir ifaçısı idi. Yaxından tanıyanlar bilirlər ki, onun təbiəti də, istedadı da xalq ruhuna köklənmişdi. Hələ sovetlər dövründə, televiziya və radionun bunc inkişaf etmədiyi çağlarda Arif Babayevin səsi radiodan eşidiləndə yoldan keçənlərin ayaq saxlayıb onun səsinə necə aludəliklə qulaq asmalarının şahidi olmuşam. Tanıyan, tanımayan da Arifdən, onun məlahətli səsindən danışardı. O günlərdən illər keçdi, çox dəyərlər dəyişdi, yaş üstünə yaş gəldi, amma Arifin səsi dəyişmədi, ona olan xalq məhəbbəti tükənmədi.

“Oxuyur Arif Babayev!”. Elə bil yaddaşımız diktorun bu elanına bənddir, o saat yaddaşımızın “səs mücrüsü”nün “qızıl qapağı” açılır, gözəgörünməz “səs patefonumuz”un valı fırlanır və biz Arif Babayevin ifasında muğamlara, təsniflərə, el mahnılarına qulaq asırıq. İnsan yaddaşı artıq “yük” götürmür. O, hər xanəndənin səsini öz “mücrüsünə” qəbul eləmirdi.

Xanəndənin səsi ürəyimizin ən dərin hisslərinə toxunur. Çünki Arif Babayev “Segah” nəfəsli xanəndə idi. O, nə oxuyur-oxusun, “Segah”dan ilmələr atmağı, naxışlar vurmağı, avaz, nəfəs işlətməyi sevirdi. Mahir ifaçı nə oxuyubsa, ürəkdən oxuyub. Müğənninin respublika televiziya və radiosunun fonotekasında saxlanan muğam ifalarına, təsnif, el nəğmələrinə qulaq asanda onun səsi, nəfəsi bizə bahar çiçəkləri kimi təzə-tər gəlir. Xanəndənin ifasında dönə-dönə qulaq asdığımız muğamları, təsnifləri təkrar-təkrar dinləməkdən usanmırıq.

Muğam, mahnı, təsnif ifaçısı kimi Arif Babayev klassik xanəndəlik sənətimizin ən layiqli davamçılarından idi. Zaman-zaman oxunan, büllurlaşan, yaddaşlara həkk olunan el nəğmələrinin ifasında təzə nəfəs, şirin xırdalıqlar, yeni ovqat gətirmək hər xanəndəyə nəsib olmur. Arif Babayev həmişə ürəyinə yatan xalq mahnılarını seçib oxuyurdu. “Yar bizə qonaq gələcək”, “Apardı sellər Saranı”, “Yaxan düymələ”, “Qəmərim”... kimi mahnılar onun ifasında daha şux, daha oynaq, daha yaddaqalandır.

Arif Babayev Fransada, İsveçrədə, İtaliyada, Danimarkada, ABŞ-da, Türkiyədə, İranda, Livanda, ərəb ölkələrində və daha neçə-neçə xarici ölkələrdə xalq musiqimizin təbliğatçısı olub. Arifin səsi adamı çıraq pərvanəni özünə çəkən kimi çəkir. Elə bil, zərif bir pıçıltıya qulaq asırsan. O, oxuduqca, sanki sakit-sakit qar yağır və o qar bizim ruhumuza qəribə bir bəyazlıq gətirir.

Arif Babayevin sənət ömrü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçib. O, 1966-cı ildən 2006-cı ilə kimi Opera və Balet Teatrının solisti olub, bir aktyor-müğənni kimi bu qocaman sənət məbədində püxtələşib. O, Məcnun obrazının mahir ifaçısı kimi həmişə tamaşaçıların, musiqiçilərin diqqətini cəlb edib. Hər dəfə Arif Babayevin ifasında Məcnunun ariyalarını dinləyəndə qəlbimiz riqqətə gəlir. Çünki Arif Babayevin səsi böyük filosof aşiqin iç dünyasının ən incə, bakir duyğularını bizə bütün əlvanlığı, bütün gözəlliyi ilə çatdırır. Bu mənada, Arif Babayevin Məcnunu yaşarıdır, yaddaqalandır. İstedadlı bir opera müğənnisi kimi Arif Babayevin

Məcnun obrazına məhəbbəti sonsuz idi.

Arif Babayev həmişə sənətinin fövqündə idi. Adı, şöhrəti ölkəmizin sərhədlərini çoxdan aşıb. O, professor elmi adını almış ilk muğam ifaçısı idi, həm də pedaqoq-xanəndə idi. İstedadlı gənclərimizin əksəriyyəti onun tələbəsi olmağa can atırdı. Bütün bunlar həm də Arif Babayevin səsinə, onun ifaçılıq üslubuna sevgidən irəli gəlirdi. Bu barədə söz düşəndə Arif müəllim deyirdi ki, hər bir sənətkar öz bildiyini gənc nəslə öyrətməlidir. Bu, onun borcudur. Tələbəmin uğuru bir müəllim kimi həm də mənim uğurumdur.

Cəsarətlə demək olar ki, bu gün Arif Babayev təkcə doğma Azərbaycanımızın deyil, böyük türk dünyasının, bütün Şərqin sevilib-seçilən xanəndəsi idi. Arif müəllimin bənzərsiz səsi, mahir ifası, zəngin irsi və sənət arifliyi onu həmişə bu zirvədə tanıdacaq, sevdirəcək.

Allah rəhmət eləsin!

Mustafa ÇƏMƏNLİ,
Əməkdar mədəniyyət işçisi

Sosial həyat