Həyatın canlı aynası

post-img

2 Avqust Azərbaycan Kinosu Günüdür

Milli kino işçilərinin peşə bayramı ilə əlaqədar Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Rasim Balayevlə görüşüb, ekran sənətimizin dünəni, bugünü və sabahı ilə bağlı söhbət etdik. Müsahibəni oxuculara təqdim edirik.

– Rasim müəllim, əvvəla bayramınızı təbrik edirik. Düz 25 il əvvəl Ulu öndərin sərəncamı ilə Azərbaycan Kinosu Günü təsis olunub. Milli ideologiyamızın, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində Azərbaycan kinosunun danılmaz xidmətləri olub. Deyə bilərikmi ki, milli ekran sənətimizin işıqlı dünəni olduğu kimi, dolğun bugünü və ümidli sabahı da var?

– Sağ olun. Kinomuzun tarixi 125 ildən çoxdur. Dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxmışdır. Əvvəllər 1915-ci ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin, 1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyasının çəkilməsi əsas götürülürdü. Sonra araşdırmalar aparılaraq müəyyən olundu ki, Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fransız fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetləri – “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və “İlişdin” bədii kinosüjet olub. İttifaqımız bu faktı dəstəkləyib və Ulu öndər də təsdiqləyərək avqustun 2-ni Kino Günü elan edib.

Bu gün deyə bilərəm ki, bizdən asılı olan və olmayan səbəblər üzündən ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan kinosu tənəzzül etdi. Yadımdadır ki, 6 il, ümumiyyətlə, film çəkilmədi. Halbuki, ona qədər bizdə hər il 8 film – dövlət sifarişi ilə 4, Mərkəzi televiziyanın sifarişi ilə də 4 film – çəkilirdi. Yaradıcı insanlar, rejissorlar, operatorlar, aktyorlar hey işləyir, yaradırdılar. SSRi-nin dağılması ilə bu birdən-birə kəsildi. Etiraf edək ki, ona qədər sovetin pis-yaxşı sistemi vardı. Yenisi düşünülmədi və hələ də müəyyən mənada bunun altını çəkirik.

Amma Azərbaycan kinosunun yaxşı ənənələri olub. Demək olmaz ki, bu gün artıq kinomuz öz relsinə düşüb, hər halda güman var ki, Mədəniyyət Nazirliyi, Kino Agentliyi kimi qurumlar, yəni bilavasitə kinonu idarə edənlər tədricən buzu əridirlər. Məncə, tam dirçəlişin zamana ehtiyacı var. Bir neçə illər lazımdır ki, tənəzzüldən tamamilə çıxaq. Sənətkarlar dünyalarını dəyişsələr də, sənət yaşayır. İctimai-siyasi formasiyaların dəyişməsi həmişə ağrılı olub, bir çox sahələr kimi, mədəniyyətə də mənfi təsir edib. Buna baxmayaraq, biz nikbinik. Nazirlik və Kino Agentliyi inkişaf tendensiyalarını reallaşdırmaqla ciddi məşğul olurlar. İnanıram ki, yaxın gələcəkdə hər şey qaydasına düşəcək.

– Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 2 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tuturdu. Bununla bağlı Azərbaycan kinosunun inkişafına dair dövlət proqramı da qəbul olunmuşdu. Bütün bunlar kəmiyyətlə bərabər, keyfiyyətə də təsir edibmi?

– Sözsüz. Amma nəzərdə tutulan bəzi işlər tam görülmədi. Məsələn, kinostudiyanın əsaslı təmiri, köhnə texniki avadanlıqların dəyişdirilməsi tam reallaşmadı. Təbii ki, Qarabağ münaqişəsi də buna öz təsirini göstərmişdi. Çünki əsas prioritet torpaqlarımızın azad edilməsi idi. Bax, belə çətinliklər vardı. İndi isə, torpaqlarımız alınandan sonra geniş bərpa-quruculuq işləri aparılır. Əminəm ki, bu yenilənmələr Azərbaycan kinosundan da yan keçməyəcək.

– İttifaqdakı struktur birləşməsindən sonrakı ab-hava necədir?

– Əlbəttə, struktur birləşməsi işin xeyrinə idi. Amma, yadınızdadırsa, o ərəfələrdə bəzən mətbuatda çox lazımsız söhbətlər, qarşıdurma yaratmağa cəhdlər də olurdu. Bu gün isə birləşən kollektivdə ab-hava çox yaxşıdır. Hər kəs öz işi ilə məşğuldur. Nizamnaməmizə uyğun çalışırıq. Bəzən kimlərsə deyirlər ki, bu ittifaq sovetdən qalma təşkilatdır, bağlanmalıdır. Amma, yaradıcı səylərin dəstəklənməsi, yönəldilməsi baxımından heç də gərəksiz deyil. Bizdə digər yaradıcılıq birlikləri də var və özlərini doğruldurlar. Sizə deyim ki, mən xaricdə olanda da maraqlanmışam, orada da yaradıcıların birliyi formaları var. Xaricdə buna gildiya deyirlər: aktyorların, rejissorların gildiyaları fəaliyyət göstərir. Bunun ümumi işə heç bir ziyanı yoxdur, əksinə, buranın əksəriyyət təşkil edən üzvləri öz təcrübələri ilə sənətin inkişafına xidmət edirlər. Düzdür, ittifaq kino çəkə bilmir, amma tövsiyələrmizlə, təkliflərimizlə, layihələrimizlə nazirliyə, agentliyə kömək edirik. Sırf nizamnaməmizə uyğun olaraq fəaliyyət göstəririk, jurnalımız çıxır, saytımız var, əlaqələndirici işlər aparırıq.

– Onilliklər bindan əvvəl kinonun təbliği və təşviqi daha canlı idi. Görüşlər, təqdimatlar daha çox olurdu...

– Bəli, o başqa zaman idi. İndi yeni filmlərin müzakirəsi səngiyib. Bəzən kino çəkilir, amma müəyyən səbəblərdən tamaşaçı üzü görmür. Bir də görürəm, kimsə məndən soruşur ki, film çəkmirsiniz? Cavab verirəm ki, çəkirik, amma onlayn platformalar-filan olduğu üçün birbaşa ünsiyyətlər az olur. Əlbəttə, kimsə çəkdiyi filmi hətta beynəlxalq festivallara da çıxarır və mükafat da qazanır. Sadəcə, hələlik istədiyimiz kimi, təbliğ edə bilmirik. Zamanla bu da düzələr.

– Rasim müəllim, siz demişkən, canlı ünsiyyət formalarına ehtiyac var. Bu baxımdan AKİ-nin “Bölgələrdə kino günləri” layihəsi təqdir edilməlidir. Bir neçə yerdə uğurla keçib, filmlər nümayiş etdirilib, yaradıcılarla tamaşaçıların görüşləri təşkil olunub. Bundan başqa, Laçında “Hoçazfilm” studiyasının yaradılması nümunəsi var. Elə bu yaxınlarda Xətai rayonunda sizinlə yaddaqalan görüş olub. Bundan başqa, “Kino həftəsi”nin açılışı maraqla qarşılanıb. Bütün bunlar kino ilə insanların arasında yaranmış boşluğu aradan qaldırmaq üçün atılan addımlar kimi təqdirəlayiqdir.

– Elədir. Qeyd edim ki, Xətaidəki görüşdən bir az əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də maraqlı görüşümüz oldu. Mən orada dedim ki, gələn dəfə bura yeni filmin premyerası ilə gəlməyi arzu edirəm.

– Yəqin ki, o film 44 günlük Zəfər yürüşü haqqında olar...

– Çox istərdim. Buna böyük ehtiyac var. Bilirsiniz, İkinci Dünya müharibəsi haqqında ən yaxşı filmlər 10–15 il sonra hasilə yetib. Hələ o zaman operatorlar ön xəttə ezam olunub, bilavasitə döyüşləri çəkib, bəzən yaralanıblar da. Yəni bu da zamana ehtiyacı olan məsələdir. Amma müharibənin ekranda bədii inikası vacibdir. Bu, mütləq olmalıdır və bizim mənəvi borcumuzdur. Təkcə qələbə eyforiyası deyil, müharibələrin insan həyatına mənfi təsiri, sülhün zəruriliyi də əks olunan bədii filmlər çəkilməlidir. Böyük sənət bunu tələb edir. Məncə, yaxın gələcəkdə bu da olacaq.

– Dünyaya çıxış nə yerdədir? Kinoçular üçün ingilis dili kurslarının hədəfi nədir? Yeri gəlmişkən, son Kann festivalında ilk dəfə olaraq sizin sayt qeydiyyatdan keçib və operativ məlumatlar verib.

– Zamanın çağırışları ilə ayaqlaşmaq vacibdir. Xarici dil kursları xarici həmkarlarla əlaqələr baxımından vacibdir. Əlimizdən gələn qədər çalışırıq buna nail olaq.

– Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” 2025-ci il 29 may tarixli sərəncam imzalayıb. Bu sənədə əsasən, Nazirlər Kabineti 4 iyul tarixli qərarı ilə kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını təsbit edib. Bu barədə nə deyə bilərsiniz?

– Keçmişdə prokat sistemi vardı. Hər bir film, hətta ən zəif saydığımız filmlər də xərcini qat-qat artıqlaması ilə çıxarırdı. Çünki kino bütün SSRİ ərazisində yayılırdı. İndi isə hərə öz qazanında qaynayır. Kino işçilərinin vəzifəsi çox çətinləşib. Gərək elə filmlər çəkəsən ki, itirdiyin tamaşaçını yenidən tapasan. Bax, xarici ölkələrdəki seyrçilər kütləvi şəkildə gedib kinoteatrlarda baxırlar, özü də bəzən bizimkindən də zəif olan filmlərə. Çünki ora bir ab-hava, aura yeridir. Filmlər mütləq qaydada elə olmalıdır ki, xərclərinin müəyyən hissəsi geri qayıtsın.

Düzdür, bizim yerlərdə prokatımız, yayım imkanlarımız çox balacadır. Son 20-30 ildə bölgələrdəki kino-teatrlar köhnəlib, ləğv olunaraq ticarət obyektinə çevriləni də var. Olub-qalan avadanlıqlar da tələbatı ödəmir. Artıq müasir, modern zallar olmalıdır, yaxşı filmlər olmalıdır ki, camaatı cəlb edə bilsin. İnşallah, öhdəsindən gələrik.

– Bu da bir tarixdir ki, düz yarım əsr əvvəl ulu öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycanda tanınmış sənət adamlarının iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilib. Siz də o filmdə Bamsı Beyrək obrazı ilə yadda qalmısınız. Düzdür, ondan əvvəl “Nəsimi” filmində, daha 3 il sonra isə “Babək” filmində baş rollarda ifanızla Azərbaycan kinosuna monumentallıq gətirmisiniz. Seyrçilərin yaddaşında böyük, yenilməz şəxsiyyətlərin mahir ekran təfsirçisi kimi layiqli yer tutmuş, şöhrətinin zirvəsində vüqarla dayanmış və 6 gün sonra 77 yaşı tamam olacaq Rasim Balayev kinoda rol üçün darıxmırmı? Rejissor və ssenaristlərdən gəzləntiləri varmı?

– Yaralı yerimə toxundunuz. Son 25 ildə cəmi 2 filmə çəkilmişəm. Biri Hüseyn Cavid, digəri isə Mirzə Fətəli Axundov haqqındadır. Amma daha öncələr bu sahədə fəaliyyətim qat-qat məhsuldar idi. Həm burada, həm Orta Asiya respublikalarında, həm də xaricdə tez-tez çəkilirdim. Kinoda fəaliyyətimin 50–55 ilinin, təəssüf ki, yarısı boşuna gedib. Özü də bu, püxtələşəndən, təcrübəmi artırandan sonra baş verdi. Yaxşı filmlərə tələbat var. İndi seriallar-filan çəkilir, amma əksəri sənət əsəri deyil. Mən də 1–2-sinə çəkildim, amma sonra özüm-özümü danladım ki, getmə belə filmlərə. Səviyyə o deyil.

Əlbəttə, kino çəkilişi üçün çox darıxmışam. Yaxşı bir film olsaydı, ömrümün bu ahıl çağında, təbii ki, həvəslə çəkilərdim... Bax, son 2–3 onillikdə 20–25 filmə çəkilə bilərdim və ən azı, 5–6-sı tamaşaçı rəğbəti qazanar, sevilərdi.

– Şübhəsiz.

– Təsəllim budur ki, ötən əsrin 70–90-cı illərində daim başım sırf çəkilişlərə, dublyaja qarışıq olub və ortaya nəsə çıxıb. Mən bilən, çətinliklər tezliklə arxada qalacaq və kino xadimləri də gözəl əsərlər yaradacaqlar.

– Rasim müəllim, Azərbaycan Kinosu Günü ərəfəsində AKİ ənənəvi olaraq mükafatlandırma keçirib və fərqlənən kinoçuların fəaliyyətini stimullaşdırıb. Bu barədə nə deyərdiniz?

– Bəli, AKİ katibliyinin qərarına əsasən, bu il üçün AKİ-nin ənənəvi mükafatına Pərviz Həsənov “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə, Daniel Quliyev “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə, Səbuhi Atababayev “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə və Fehruz Şamıyev beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə layiq görülüblər. Hər birini təbrik edirəm! Sizin verdiyiniz bu fürsətdən də istifadə edərək AKİ-nin bütün üzvlərinə, kino sənayesində çalışan hər kəsə və eləcə də bütün kinosevərlərə bu gün münasibətilə ən xoş arzularımı çatdırıram!

Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Müsahibə