Dağların qoynunda ulu bir kənd vardı. Bala anasına sığınan kimi dağların qoynuna sığınmışdı. Anası dağlar, atası qayalardı o kəndin. Kirəmitli evləri uca dağların arasında elə sıralanmışdı ki, zirvədən baxanda deyərdin durna qatarıdı. Zirvədə gözlərinə Günəşin şəfəqləri saçılırdı. Dünyaya baxanda könlün açılırdı. O dağ kəndinin bənzərsiz gözəllikləri bulaq suyu kimi insanın içinə axıb xoş ovqata, duyğuya çevrilirdi.
İlin qış fəslində sərnişin qatarı kimi tüstülənirdi evlərin buxarıları. O buxarılar evlərin bünövrəsinin dərinliyindən, qışda ocaqların istiliyindən, yayda evlərin sərinliyindən xəbər verirdi. Kənddə min ev vardı. Köhnə kişilər evlərin sayını dilə gətirmirdilər. Tüstü çıxan buxarıların sayına görə, min buxarılı kənd deyirdilər.
Gecələr o kənd dağların qucağında körpə kimi uyuyurdu. Ağgünlü kəndinin ulduzlu gecələrinin qoynunda nələr vardı, nələr... Saqqalından nur süzülən dədələr, dili alxışlı nur-ipək nənələr. Sözü-söhbəti eldə-elatda dastan olan köhnə kişilərdən qalan şirin xatirələr. O kəndin məğrur, mərd, alicənab və səxavətli köhnə kişilərni görmək xoşbəxtliyi mənə də nəsib olmuşdu.
Mən o kənddən ayrılıb şəhərə köçəndən sonra köhnə kişilərin sözü-söhbəti üçün elə darıxırdım ki... Orada uzunömürlülərdən tutmuş, öz halal zəhməti ilə hörmət-izzət sahibi olan insanlardan müsahibələr alırdım. Onların haqqında mətbuatda məqalələr yazırdım.
Kürəyini dağlara, ürəyini ötən çağlara söykəyən kişilərin gözləri yad ocaqdan od ummazdı. Əlləri haram tikəyə toxunmazdı. O kişilərin zəhmətindən, hünərindən, qeyrətindən halıydım. Oxuyanlar da bilsin deyə, yaddaşımdakıları yazmalıydım...
Köhnə kişilərdən indi Ağgünlü kəndində bir nəfər də qalmayıb. O həsrət, o nisgil ruhumu göynədir. Onların cismi qalmasa da, ruhu el-el, oba-oba dolaşır. Ta bineyi qədimdən belədir; ruhları səyyardı, cisimləri köçəridi ruh adamlarının. O ruhlarda nəsillərin tarixi var. O tarixlər daşdan-daşa yazılar... O daşlarda uluların sözləri var. Daşların hər zərrəsində, torpağın hər qarışında qoca tarixin izləri var. Başdan-başa tarixlə yüklənib o kənd.
Köhnə kişilər ömründə bir kitab oxumasalar da, sinə dəftərləri qiymətli sözlərlə doluydu. Ağac baba Ağgünlü kəndinin 125 yaşlı ağsaqqalı idi. Cavanlığından ovçuluğa meyl salsa da, ürəyi yumşaq adam idi. Öz dediyinə görə, ömründə ceyrana-cüyürə güllə atmamışdı. Kəndin cavanlarına deyərdi:
– A bala, uçarsız, qaçarsız dağ, düz susuz səhra kimidir. Təbiətdən zövq almaq istəyirsənsə, o çöllər gözəlinə qıyma. Ovlayanda da gözlərinlə ovla!
Əgər meşədə kimsə bir yaşıl ağacı kəssə, bir şüy budağı qırsa, Ağac baba gileylənərdi:
– İnsafsızlar meşələrin çır-çırpısını qoyub, cavan pöhrələri doğrayırlar.
...Ağgünlü kəndinə güllü-çiçəkli yaz gəlmişdi. Ağac baba öz nəvələrini də başına yığıb çöllərin tamaşasına çıxmışdı. Yolu “Ağ bulaq”dan düşdü. Ağac baba bulağın gözünə yaxınlaşıb üzünə bir-iki ovuc su vurdu. Bir ovuc da içdi. Ürəyi sərinləyəndən sonra canlı adamla danışırmış kimi:
– Elə bilirdin qışdan salamat çıxmayacam? Müharibəyə borclu qalmamışam. Əmin-amanlıqda da qismət payım var,- dedi.
Sonra da əlini gözünün üstünə qoyub uzun-uzadı dağlara, ucsuz-bucaqsız yaylaqlara baxdı.
Onun günü-güzaranı beləcə keçirdi. Hər səhər Günəş Gözəldağın arxasından çıxıb nur köynəyini geyirdi. Həmin vaxt bulağın yanındakı tək ağacın altında, mamırlı daşın üstündə oturan Ağac baba qırışmış əllərini hələ də nurdan, düşməmiş gözlərinin üstünə qoyub, diqqətlə gündoğana sarı baxırdı. Axşam gün qüruba gedəndə, yaşıl yarpaqlar qan rənginə boyananda da onu o tək ağacın altında oturan görərdilər. Kəkliklər onu görərdi, uçmazdı, cüyürlər onu görərdi, qaçmazdı. Ağac babanın mehrinə öyrəşmişdilər.
Ömrünün ikinci əsrini yaşayan Ağac baba keçmişə qayıdaraq deyirdi:
– Balalarım, nə az, nə çox, ömrümün yüz ilini çobanlıqda keçirmişəm. Yeyib-içdiyim süd, qatıq olub. Qoyun qatığı ağartıların şahıdır. Qoyun qatığını gərək quzu əmişdən kəsiləndən sonra yeyəsən.
Ağac baba qəlyanının tüstüsünü ilk baharın ilıq nəfəsinə qataraq nağıl kimi söhbətinə davam edib deyərdi:
– Mənim bir arıq yabım vardı. Atın başına yüyən yox, noxta vurardım. Çünki mənim atım yerişini, yaraşığını pozan deyildi. Mənə zarafatla deyirdilər ki, ay kişi, bu yazıq yabı səndən əl çəkir, sən ondan əl çəkmək istəmirsən.
– Yox, mənim balalarım, belə vəziyyətdə bir-birimizi atsaq, etibarsızlıq olar, - deyə cavab verirdim. Müharibənin qanlı-qadalı illərində aran yolu-dağ yolu nə arıq yabının, nə də mənim kəndirimi kəsə bilmədi.
Ağac babanın maraqlı oturuşu, duruşu vardı. Oturanda əllərini çarpazlayıb, dizlərini qucaqlayırdı. Çənəsini qollarına söykəyirdi. Ağappaq saqqalı yaz, yay ərimək bilməyən zirvə qarına bənzəyirdi.
Ağac baba o yaşında da dağlardan aşıb gədiklərdən keçirdi. Kollu quzeydən adlayıb Daşlı gəzdəyə qalxanda meşələrin ətrini, dağların havasını ciyərlərinə çəkirdi. Bir gün yenə o tək ağacın yanına sarı yeridi, yüyürdü və əbədi məskəninə çatdı. Qollarını çiynindəki ağaca keçirib kəndin keşikçisi kimi, iki dağın arası uzunu baxdıqca baxdı. Və nur heykəli kimi tək ağacın altındakı mamırlı daşın üstündə oturub sonuncu nəfəsini dərdi. Elə ora da onun son dayanacağı, son mənzili oldu qartalların yuvası kimi. Ağac baba bu dünyadan köçüb getdi. Babamızın babasının babası kimi...
Ağgünlü kəndinin ağ günləri, bini-bərəkəti, adamların doğmalığı, bir-birinə məhəbbəti, səmimiyyəti köhnə kişilərnən getdi. İllər sonra el yerindən oynadı, yad ellərə gedən getdi, şəhərlərə köçən köçdü. Üzü günə qalan evlərin qapısı bağlı qaldı. Qonşu qonşuya, qohum qohuma, dost dosta əlləri uzalı qaldı.
...Zirvələr qoynunda bir kənd varıydı. Gözümü dünyaya açandan könlümü o kəndə vermişdim. Uzun illərdən sonra ulu yurdlarımızı yoxlamağa, dağ çiçəklərini qoxlamağa getmişdim. Elə bil, rəngi sozalmışdı, ətri azalmışdı dağ çiçəklərinin. Məndən incimişdi dağ çiçəkləri, Ağgünlü kəndimin ağ çiçəkləri...
Həzi HƏSƏNLİ,
şair-publisist