Pul itkisi kədərlidir, yoxsa vaxtın hədər getməsi?

post-img

Bir dəfə uğursuzluğa düçar olan şəxs məqsədindən vaz keçir. Ancaq ABŞ və Tayvanda aparılan yeni araşdırma göstərib ki, sadə bir psixoloji yanaşma motivasiyanın qorunmasına kömək edə bilər: əsas diqqəti xərclənmiş pullara yox, sərf olunan vaxta yönəltmək lazımdır.

Binghamton Universitetinin marketinq üzrə mütəxəssisləri müəyyən ediblər ki, insanlar sərf etdikləri maliyyəni düşünəndə uğursuzluqlar onlarda daha kəskin emosional reaksiya yaradır. Halbuki sərf olunan vaxt və öyrənilən biliklərə fokuslanmaq insanı ruhdan salmır, əksinə, irəliləməyə təkan verir.

Prolific platforması vasitəsilə 600 nəfər əmək fəaliyyətində olan insan arasında iki ayrı sorğu keçirilib. Üçüncü eksperiment Tayvanda universitet tələbələrinin iştirakı ilə aparılıb. Burada iştirakçılar bir neçə dəfə İngilis dili imtahanından keçmədiklərini təsəvvür ediblər.

Nəticələr göstərib ki, vaxta fokuslanan iştirakçılar daha güclü iradə nümayiş etdiriblər və məqsədlərindən vaz keçməyiblər. Əksinə, pulu düşünənlərdə motivasiya ikiqat azalıb – xüsusilə də ardıcıl iki uğursuzluqdan sonra.

Tədqiqatçılar bu nəticələrin real həyatda geniş istifadə imkanlarının olduğunu vurğulayırlar. Xüsusilə onlayn kurslar, fitnes proqramları və “özün et” kateqoriyalı məhsulların satışı zamanı bu üsuldan yararlanmaq mümkündür. İstifadəçilərə motivasiyaedici mesajlarla dəstək verilməklə onların davamlılığını artırmaq olar.

Qabil ƏLİYEV 
XQ

 

Sosial həyat