Elektron Hökumət İnformasiya Sistemi haqqında ƏSASNAMƏ

post-img

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. EHİS bu Əsasnamənin 3.1-ci bəndində qeyd edilən altsistemləri vasitəsilə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin bələdiyyələrin (bundan sonra – qurumlar) fəaliyyətinin, onların bir-biri ilə və digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini və şəffaflığını, habelə elektron xidmətlərin “bir pəncərə prinsipi” əsasında göstərilməsini, səmərəli və operativ sənəd (məlumat) mübadiləsini və açıq informasiyaya çıxış imkanını, eləcə də elektron xidmətlərin, EHİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

1.3. EHİS-in formalaşdırılmasının məqsədi rəqəmsal inkişaf və “elektron hökumət” sahələrində fəaliyyətin təşkilindən, dövlət idarəetməsinin optimallaşdırılmasından, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, eləcə də müvafiq sahələr üzrə təhlil aparılmasından, proqnoz və hesabatlar hazırlanmasından və onlar əsasında müvafiq sahələr üzrə dövlət tənzimləməsinin, nəzarət və əlaqələndirmənin təmin edilməsindən ibarətdir.

1.4. EHİS-in və bu Əsasnamənin 3.1-ci bəndində qeyd edilən altsistemlərin sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik), operatoru funksiyalarını “Vahid Kommunal Xidmətlər” altsisteminə münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, EHİS və bu Əsasnamənin 3.1.2–3.1.8-ci yarımbəndlərində qeyd edilən digər altsistemlərə münasibətdə isə Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra birlikdə – operator) həyata keçirirlər.

1.5. EHİS-də yaradılan, qurumlardan əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.6. Fərdi məlumatların EHİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların EHİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.7. EHİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. EHİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

1.9. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.10. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

2. EHİS-in texniki-texnoloji infrastrukturu

2.1. EHİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;

2.1.4. ehtiyat nüsxələr;

2.1.5. istismaraqədərki formalaşma mühitləri.

2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, EHİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə EHİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.

2.3. EHİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.

2.4. Qurulma topologiyasına uyğun olaraq EHİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:

2.4.1. EHİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – Nazirliyin struktur bölmələri tərəfindən;

2.4.2. EHİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları –Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

2.5. EHİS-də formalaşdırılan, EHİS-ə daxil edilən və ötürülən məlumatlar EHİS-in informasiya ehtiyatında saxlanılır.

2.6. İdarəetmə paneli EHİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə EHİS, o cümlədən EHİS-də toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

2.8. EHİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.

3. EHİS-in altsistemləri

3.1. EHİS aşağıdakı altsistemlərdən ibarətdir:

3.1.1. “Vahid Kommunal Xidmətlər” altsistemi;

3.1.2. “Rəqəmsal Razılıq” altsistemi;

3.1.3. “Rəqəmsal İcra Hakimiyyəti” altsistemi;

3.1.4. “Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri” altsistemi;

3.1.5. “Rəqəmsal Sənəd Dövriyyəsi” altsistemi;

3.1.6. “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemi;

3.1.7. “Rəqəmsal Məlumat Mübadiləsi” altsistemi;

3.1.8. “Vahid Giriş” altsistemi.

3.2. “Vahid Kommunal Xidmətlər” altsistemi kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, monitorinq və analitik təhlillər aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edir.

3.3. İstifadəçilər kommunal xidmətlərə dair hesablanmış borclardan “Vahid Kommunal Xidmətlər” altsistemində yaradılan elektron kabinetləri vasitəsilə müvafiq olaraq şikayət verə bilərlər. Şikayətlər aidiyyəti iştirakçıların informasiya sistemlərinə göndərilir və onlara qanunla müəyyən edilmiş qaydada baxılır. Şikayətlərə baxılmanın nəticəsi barədə qərarlar iştirakçıların rəhbərləri və ya onların həvalə etdiyi vəzifəli şəxslərin təkmil sertifikatlı gücləndirilmiş elektron imzaları ilə təsdiq edilərək elektron qaydada EHİS vasitəsilə “Vahid Kommunal Xidmətlər” altsisteminə göndərilir və altsistem tərəfindən istifadəçilərin elektron kabinetlərində yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə).

3.4. “Rəqəmsal Razılıq” altsistemi aşağıdakıları təmin edir:

3.4.1. rəqəmsal texnologiyalardan istifadə etməklə xidmətlər göstərən sahibkarlıq subyektləri tərəfindən göstərdikləri xidmətlər çərçivəsində fərdi məlumatların sorğulanması zamanı şəxslərin onlara məxsus olan fərdi məlumatların toplanılmasına və işlənilməsinə razılıqlarının idarə edilməsini;

3.4.2. bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulan məlumatların mərkəzləşdirilmiş qaydada və elektron formada bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektlərinə ötürülməsini.

3.5. Bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektləri bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulan fərdi məlumatları, həmin məlumatların məxsus olduğu şəxslərin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada razılığını aldıqdan sonra EHİS vasitəsilə “Rəqəmsal Razılıq” altsisteminə göndərdikləri sorğu əsasında, eləcə də razılıqda qeyd olunmuş müddət ərzində əldə edirlər. Həmin məlumatlar onları əldə edən sahibkarlıq subyektləri tərəfindən, normativ hüquqi aktlarla müəyyən edilən hallar istisna olmaqla, üçüncü tərəfə (tərəflərə) ötürülə bilməz.

3.6. Sorğuların göndərilməsi və cavablandırılması bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektlərinin informasiya sistemlərinin EHİS-ə inteqrasiyası vasitəsilə həyata keçirilir.

3.7. Bu Əsasnamənin 3.5-ci bəndində qeyd edilən razılıq alınmadıqda “Rəqəmsal Razılıq” altsisteminin sahibi tərəfindən sorğunun icrasından imtina edilir.

3.8. Bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektləri tərəfindən bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulan məlumatların əldə edilməsi ilə bağlı ödənişlərin məbləği “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü və 26.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, onlarla “Rəqəmsal Razılıq” altsisteminin sahibinin və informasiyanın ilkin mənbəyini formalaşdıran müvafiq iştirakçının qarşılıqlı razılığı əsasında müəyyən edilir.

3.9. “Rəqəmsal İcra Hakimiyyəti” altsistemi yerli icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsini, həmçinin qəyyumluq və himayəçilik orqanlarının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə istisna olmaqla) razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının toplanılmasını, emal edilməsini və ötürülməsini təmin edir.

3.10. “Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri” altsistemi yerli icra hakimiyyəti orqanları başçılarının qəbul etdikləri qeyri-normativ hüquqi aktlara dair məlumatların toplanılmasını, emal edilməsini və ötürülməsini təmin edir.

3.11. “Rəqəmsal Sənəd Dövriyyəsi” altsistemi dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edir.

3.12. “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılmasını təmin edir.

3.13. “Rəqəmsal Məlumat Mübadiləsi” altsistemi dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən onlar arasında təhlükəsiz məlumat mübadiləsinin aparılmasını təmin edir.

3.14. “Vahid Giriş” altsistemi dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə zamanı istifadəçilərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər elektron eyniləşdirmə vasitələri ilə vahid formada identikləşdirilməsini, habelə qeyd olunan informasiya ehtiyatlarına və sistemlərinə birdəfəlik girişi təmin edir.

3.15. EHİS-in və altsistemlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə informasiyanın ilkin mənbəyini formalaşdıran aidiyyəti iştirakçılar bu Əsasnamənin 4.1–4.4-cü bəndlərində nəzərdə tutulan məlumatları, habelə bu Əsasnamənin 3.1-ci bəndində qeyd edilən altsistemlərin funksionallığının təmin olunması məqsədilə sahib tərəfindən normativ hüquqi aktlara uyğun olaraq tələb edilən məlumatları (sənədləri), habelə həmin məlumatlarda (sənədlərdə) dəyişiklik olduqda yenilənmiş məlumatları (sənədləri) real vaxt rejimində EHİS-ə ötürürlər, bu mümkün olmadığı halda, müvafiq altsistemlərə elektron kabinetləri vasitəsilə daxil edirlər.

3.16. İstifadəçilərin elektron kabinetlərində özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər EHİS tərəfindən real vaxt rejimində informasiyanın ilkin mənbəyini formalaşdıran müvafiq iştirakçılara göndərilir.

4. EHİS-ə daxil edilən və ötürülən məlumatlar

4.1. Kommunal sahədə xidmətlər göstərən qurumlar fəaliyyətlərinin təmin edilməsi məqsədilə aşağıdakı məlumatları (sənədləri) real vaxt rejimində EHİS vasitəsilə “Vahid Kommunal Xidmətlər” altsistemindən əldə edirlər:

4.1.1. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatları;

4.1.2. fiziki şəxslərin məcburi köçkün statusuna malik olması barədə məlumatları;

4.1.3. hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

4.1.4. hüquqi və fiziki şəxslərin daşınmaz əmlakı (torpaq sahələri, tikili və qurğular) barədə məlumatları;

4.1.5. kommunal xidmətlərə dair hesablanmış borclardan verilmiş şikayətlər barədə məlumatları (şikayətlər üzrə iş materiallarını (ərizələri).

4.2. “Vahid Kommunal Xidmətlər” altsisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə kommunal sahədə xidmətlər göstərən qurumlar EHİS vasitəsilə aşağıdakı məlumatları (sənədləri) real vaxt rejimində altsistemə göndərirlər:

4.2.1. kommunal xidmətlərin abunəçiləri barədə məlumatları;

4.2.2. quraşdırılmış sayğaclar barədə məlumatları;

4.2.3. quraşdırılmış sayğaclar üzrə göstəricilər və bu göstəricilərə uyğun olaraq yaranmış borclar, sayğac olmadığı halda isə kommunal sahələrdə xidmətlər göstərən qurumlar tərəfindən hesablanmış borclar barədə məlumatları;

4.2.4. kommunal xidmətlərə dair hesablanmış borclardan sistemdənkənar verilmiş şikayətlər barədə məlumatları (şikayətlər üzrə iş materiallarını (ərizələri), şikayətlərə baxılmanın nəticəsi barədə qərarları (o cümlədən məhkəmə qərarlarını);

4.2.5. iştirakçıların və “Vahid Kommunal Xidmətlər” altsisteminin operatorunun həmin altsistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları.

4.3. Bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektləri fəaliyyətlərinin təmin olunması üçün “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə aşağıdakı məlumatları real vaxt rejimində “Rəqəmsal Razılıq” altsistemi vasitəsilə EHİS üzərindən ilkin mənbədən əldə edirlər:

4.3.1. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatları;

4.3.2. fiziki şəxslərin məhkumluğu barədə məlumatları;

4.3.3. fərdi sahibkarların vergi orqanları tərəfindən qəbul olunmuş sonuncu gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannamələri, eləcə də fərdi sahibkar olmayan digər fiziki şəxslərin iş yerləri və aylıq gəlirləri (vergiyə və digər icbari ödənişlərə cəlb olunmamış) barədə məlumatları;

4.3.4. fiziki şəxslərin ailə üzvləri barədə məlumatları;

4.3.5. fiziki şəxslərin hərbi bileti üzrə məlumatları;

4.3.6. vətəndaşlıq vəziyyəti aktları barədə məlumatları;

4.3.7. bələdiyyələrin son bir il üzrə gəlirləri (yerli büdcə üzrə), hüquqi şəxslərin vergi orqanları tərəfindən qəbul olunmuş sonuncu mənfəət vergisi və ya sadələşdirilmiş vergi bəyannamələri barədə məlumatları;

4.3.8. bələdiyyələrin, hüquqi və fiziki şəxslərin daşınmaz əmlakları, habelə rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakları barədə məlumatları;

4.3.9. qurumların ünvanları barədə məlumatları;

4.3.10. hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

4.3.11. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin VÖEN-ini;

4.3.12. hüquqi və fiziki şəxslər tərəfindən alınmış lisenziyalar və icazələr barədə məlumatları;

4.3.13. qurumların və fiziki şəxslərin notariuslar vasitəsilə verdikləri etibarnamələr üzrə məlumatları;

4.3.14. maliyyə sanksiyasının tətbiqi haqqında qərarlar, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (o cümlədən elektron qərarlar), habelə məhkəmə qərarları, həmin qərarların icra müddəti və müddətin bitməsi barədə məlumatları;

4.3.15. hüquqi və fiziki şəxslərin bələdiyyələrə yaranmış yerli vergi və ödəniş öhdəlikləri barədə məlumatları;

4.3.16. sahibin bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin təmin olunması üçün zəruri hesab etdiyi digər məlumatları.

4.4. “Rəqəmsal Razılıq” altsisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə informasiyanın ilkin mənbəyini formalaşdıran iştirakçılar aşağıdakı məlumatları real vaxt rejimində altsistemə göndərirlər:

4.4.1. xeyrinə ödəniş aparılacaq fiziki şəxslərin və qurumların bank və xəzinədarlıq hesabları;

4.4.2. maliyyə sanksiyasının və inzibati cərimənin ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada görülmüş tədbirlər barədə məlumatları.

4.5. “Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri” və “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemlərinə daxil edilən, eləcə də “Geoportal”a ötürülən məlumatların dairəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

4.6. “Açıq məlumatlar” portalına “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən əldə olunması, işlənilməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmayan məlumatlar ötürülür, bu mümkün olmadığı halda daxil edilir.

4.7. “Rəqəmsal İcra Hakimiyyəti” altsisteminə qəyyumluq və himayəçilik orqanlarının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə istisna olmaqla) razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları ötürülür, bu mümkün olmadığı halda daxil edilir.

4.8. EHİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

4.9. EHİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) EHİS-ə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

4.10. EHİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

5. EHİS-dən istifadə qaydası

5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların EHİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin EHİS-dən (“Açıq məlumatlar” portalı, həmçinin “Rəqəmsal Məlumat Mübadiləsi”, “Vahid Giriş” və “Rəqəmsal Sənəd Dövriyyəsi” altsistemləri istisna olmaqla) istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsləri tərəfindən EHİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq EHİS-dən istifadə edirlər.

5.3. Fiziki şəxslər “Vahid Giriş” altsistemi vasitəsilə EHİS-də (“Açıq məlumatlar” portalı, həmçinin “Rəqəmsal Məlumat Mübadiləsi”, “Vahid Giriş” və “Rəqəmsal Sənəd Dövriyyəsi” altsistemləri istisna olmaqla) identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq EHİS-dən istifadə edirlər.

5.4. EHİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə “bir pəncərə prinsipi” əsasında rəsmi internet informasiya ehtiyatı vasitəsilə aşağıda qeyd edilən xidmət kanalları üzərindən, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir:

5.4.1. “Mygov” portalı qurumların elektron xidmətlərinin göstərilməsini, habelə bütün növ dövlət xidmətləri və vətəndaş müraciətləri nəticəsində təqdim edilən sənədlərin (məlumatların) mərkəzləşdirilmiş qaydada təqdim olunmasını və onlardan istifadəni, vətəndaş müraciətlərinin və informasiya sorğularının mərkəzləşdirilmiş qaydada təqdim edilməsini və cavablandırılmasını, müraciətlərin icra statusunun izlənilməsini, eləcə də şəxslərin icraatla bağlı, o cümlədən onlara göstərilən xidmətlərdə, onlara dair məlumatlarda (sənədlərdə) baş verən dəyişikliklər (yeniliklər) barədə məlumatlandırılmasını, habelə fərdi məlumatlarının sorğulanmasına dair razılığın verilməsini və idarə olunmasını təmin edir;

5.4.2. “Mygov Biznes” portalı sahibkarlıq subyektlərinin dövlət qurumlarına (orqanlarına) müraciətinin elektron təşkilini, sahibkarlıq fəaliyyəti üçün zəruri olan bütün məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini, eləcə də sahibkarlıq subyekti barəsində məlumatın işlənilməsinə razılığın idarə olunmasını, sahibkarlıq subyektlərinə elektron xidmətlər göstərilməsini, habelə dövlət xidmətləri göstərilməsində istifadə edilən müvafiq dövlət informasiya ehtiyatlarının və sistemlərinin (satınalma, lisenziya və icazələr, vergi, logistika, poçt sahələri prioritet olmaqla) təkmilləşdirilməsini, o cümlədən sahibkarı təmsilçilik səlahiyyətinin idarə edilməsinin təşkilini təmin edir;

5.4.3. “Açıq məlumatlar” portalı əldə olunması, işlənilməsi, verilməsi və ya istifadəsi qanunla məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş məlumatların (açıq məlumatların) toplanılmasını, saxlanılmasını, emalını və istifadəsini təmin edir;

5.4.4. “Geoportal” milli məkan məlumatlarının axtarılması, əldə edilməsi və milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsini təmin edir.

5.5. Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin xidmətləri “Mygov” və “Mygov Biznes” portalları vasitəsilə təqdim oluna bilər.

5.6. EHİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) bu Əsasnamənin 5.4-cü bəndində qeyd edilənlərlə yanaşı, istifadəçilərin EHİS-in fəaliyyətində iştirakını və ondan istifadəsini təmin edirlər. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.

6. Sahibin vəzifələri və hüquqları

6.1. EHİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:

6.1.1. EHİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

6.1.2. EHİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə, o cümlədən “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;

6.1.3. EHİS-in, həmçinin fərdi məlumatların EHİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;

6.1.4. EHİS-in informasiya təhlükəsizliyini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX), XRİTDX ilə və operatorla birlikdə təmin etmək;

6.1.5. EHİS-in informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə və XRİTDX-yə təqdim etmək, habelə həmin dövlət orqanları tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

6.1.6. EHİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

6.1.7. EHİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

6.1.8. EHİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;

6.1.9. ölkə üzrə bütün elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

6.1.10. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

6.1.11. EHİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.1.12. aidiyyəti qurumların EHİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

6.1.13. ölkə üzrə dövlət xidmətlərinin göstərilməsi üçün tələb edilən məlumatlar (sənədlər) digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin məlumatların (sənədlərin) ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;

6.1.14. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) EHİS-ə daxil etmək;

6.1.15. EHİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

6.1.16. EHİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

6.1.17. EHİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

6.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. EHİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

6.2.1. EHİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

6.2.2. EHİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

6.2.3. EHİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7. Operatorun vəzifələri və hüquqları

7.1. Operatorun vəzifələri aşağıdakılardır:

7.1.1. EHİS-in informasiya təhlükəsizliyini DTX, XRİTDX və sahiblə birlikdə təmin etmək;

7.1.2. EHİS-in informasiya təhlükəsizliyini təmin etmək məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə və XRİTDX-yə təqdim etmək, habelə həmin dövlət orqanları tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

7.1.3. EHİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

7.1.4. EHİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün sahiblə birlikdə tədbirlər görmək;

7.1.5. EHİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlığında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə EHİS-in “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün sahiblə birlikdə zəruri tədbirlər görmək;

7.1.6. EHİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə EHİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;

7.1.7. EHİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə EHİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;

7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) EHİS-ə daxil etmək;

7.1.9. EHİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.10. EHİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;

7.1.11. sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdiyi təkliflər əsasında EHİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;

7.1.12. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

7.1.13. EHİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə təqdim etmək;

7.1.14. EHİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;

7.1.15. EHİS-dən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq olduğu halda);

7.1.16. aidiyyəti qurumların EHİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

7.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

7.2. Operatorun aşağıdakı hüquqları vardır:

7.2.1. EHİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. EHİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.2.3. EHİS ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;

7.2.4. EHİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

7.2.5. iştirakçılar və istifadəçilər EHİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, EHİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;

7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8. İştirakçıların vəzifələri və hüquqları

8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:

8.1.1. EHİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.2. EHİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə EHİS-ə daxil etmək (ötürmək);

8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

8.1.5. EHİS-dən, habelə EHİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

8.1.6. EHİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;

8.1.7. sahibin və operatorun EHİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

8.1.8. EHİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

8.1.9. sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarının və sistemlərinin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;

8.1.10. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə məlumat vermək;

8.1.11. öz təşəbbüsləri, habelə sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdiyi təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək;

8.1.12. dövlət informasiya ehtiyatlarını və sistemlərini, habelə elektron xidmətlərini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək, habelə elektron xidmətlərin göstərilməsini EHİS vasitəsilə, onun xidmət kanalları üzərindən həyata keçirmək.

8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:

8.2.1. EHİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

8.2.2. EHİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.

9. İstifadəçilərin hüquqları

9.1. İstifadəçilərin EHİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:

9.1.1. EHİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;

9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;

9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;

9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;

9.1.5. EHİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.1.6. EHİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Əsasnamə