Sosial şəbəkə istifadəçisi, tibb elmləri doktoru Yazgül Abdıyevanın bu günlərdə özünün “Facebook” səhifəsində Yunanıstanın məşhur Saloniki (türklər Selanik adlandırırlar) şəhərinin tarixi və müasir həyatı ilə bağlı qeydlərini təqdim edib. Paylaşımı oxucuların nəzərinə çatdırırıq.
– Yunanıstanın ikinci böyük şəhəri Selanikin əsası eradan əvvəl 315-ci ildə məşhur Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. Hökmdarın əmri ilə Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsi birləşdirilərək ərazidə yeni şəhər salınıb. Kassandr bu gözəl yeni məkana sevimli həyat yoldaşı, Makedoniyalı İskəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Məlumdur ki, Selanik 1430-cu ildə sultan II Murad tərəfindən fəth edilib. XV əsrdə şəhərə Anadoludan gətirilən çox sayda türk ailələri məskunlaşdırılıb. 1492-ci ildə İspaniyadan qovulan Sefard yəhudilərini qəbul edən Osmanlı sultanı bir hissəsinin Selanikdə yerləşməsinə izn verib.
Şəhər 500 ilə yaxın müddətdə Osmanlının himayəsi altında xristian, yəhudi və müsəlman icmalarının birlikdə yaşadığı əhəmiyyətli bir mədəni və iqtisadi mərkəz halına gəlib.
Bizim üçün ən əhəmiyyətlisi odur ki, Selanik şəhəri böyük lider Mustafa Kamal Atatürkün doğulduğu və uşaqlıq illərini keçirdiyi yerdir. Bu şəhərdə yerləşən Atatürk ev-muzeyi bu dahi siyasətçinin həyatına, şəxsiyyətinə və türk xalqının müasir tarixindəki roluna işıq tutan önəmli mədəniyyət məkanıdır.
Qeyd etmək lazımdır ki, muzey Atatürkün anadan olduğu XIX əsrin sonlarına aid olan evdə yerləşir və orada dahi sərkərdə və siyasətçinin uşaqlıq illəri, təhsili və gənclik dövrünə aid çox sayda eksponat nümayiş olunur. Həmçinin, Atatürkün Türkiyənin müstəqilliyi və inkişafı uğrunda apardığı mücadiləni əks etdirən sənədlər və şəxsi əşyalar da sərgilənir.
Təəssüf ki, ziyarətimiz zamanı sözügedən ev-muzeyi burada aparılan bərpa işləri ilə bağlı qapalı idi və içəri daxil olmaq mümkün olmadı. Bu tarixi məkan, uzun müddətdir ən çox görmək istədiyim yerlərdən biridir və gələcəkdə şəhəri yenidən ziyarət etmək niyyətindəyəm.
Belə bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, Mustafa Kamal Atatürk, yalnız Türkiyə üçün deyil, ümumilikdə XX əsr dünya tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. O, qardaş Türkiyəni müasir, demokratik dövlətə çevirmiş dahidir. Bu, birmənalı belədir! Şəxsən mən bundan sonsuz qürur duyuram! Atatürkün ideya və idealları bu gün də milyonlarla insan üçün ilham mənbəyidir.
Yazgül xanım paylaşımında sonra bunları qeyd edib:
– Məlumdur ki, Selanik Birinci Dünya müharibəsindən sonra Yunanıstanın nəzarətinə keçdi. 1924-cü ildə Yunanıstanla Türkiyə arasında aparılan əhali mübadiləsi nəticəsində şəhərdə qalan türklər Türkiyəyə köç etmək məcburiyyətində qaldılar və Anadoludan gələn yunan mühacirlər isə onların yerini tutdular. Təəssüf ki, qısa müddət ərzində şəhərin əhali tərkibi yunanların xeyrinə dəyişdi.
Böyük Mustafa Kamal Atatürk nitqlərinin birində “Kaş ki, Selaniki də milli sərhədlərimiz içərisinə ala biləydik”, – deyərək şəhərin türklər üçün xüsusi əhəmiyyətini vurğulamışdır.
Sonda qeyd edək ki, Selanik 1997-ci ildə Avropanın mədəniyyət paytaxtı seçilmişdir.
Təqdim etdi:
Zərifə HÜSEYNOVA