Balıqçıların sevimli mövsümü başladı

post-img

Azərbaycan ərazisində bu gündən balıq ovuna rəsmi icazə verilib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatıb.

Salyan rayon sakini, həvəskar balıqçı Aqil Şükürlü bildirir ki, bu, balıqçıları olduqca sevindirir. O, bu gün səhər ləvazimatlarını götürərək balıq ovuna yollanıb: “Həvəskar balıqçıyam. Gözümü açandan atam balıqçılıqla məşğuldur. Dörd ay əvvəl balıq ovuna qadağa qoyulmuşdu. Artıq bu qadağa aradan qaldırılıb. Bu, sevindiricidir. Əsas Kür çayında, Şirvan və Mil-Muğan kanallarında balıq ovlayıram”.

Aqil Şükürlü deyir ki, balıq ovunda diqqətli olmaq lazımdır: “4-5 kiloqrama qədər balıq tutmaq olar. Ondan artıq isə yox. Balıqçılara sözüm odur ki, balığı vaxtında tutaq, kürü verən vaxtı ovlamayaq”.

Ekspert Allahverdi Piriyevin sözlərinə görə, ova qadağanın qoyulması balığın artırılması üçün çox vacibdir. Sentyabrın 1-dən qadağanın götürülməsi isə balığın kürüləməsinin bitməsi anlamına gəlir: “Təbiətə, ekologiyaya ciddi nəzarət olunması balıqların inkişafına, onların kürü töküb-çoxalmasına imkan verir. Bu da çayların, göllərin resursları üçün böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, balıq ovlayanlar da israfçılığa yol verməməlidirlər. Balıqları müvafiq qaydalara uyğun ovlamalıdırlar”.

Qeyd edək, balıq və digər su bioresursları ilə bağlı ov qaydalarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində məsuliyyət nəzərdə tutulub.

















Sosial həyat