Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə Qubada keçirilən “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi başa çatıb.
“Böyük Qayıdış” İctimai Birliyindən verilən məlumata görə, bu günlərdə Quba Olimpiya İdman Kompleksində 80 nəfər gəncin iştirakı ilə 5 gün davam edən düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması və şəxsi inkişafyönümlü mövzularda təlimlər, yaradıcı master-klaslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi keçirilib. Düşərgə müddətində gənclərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlər, musiqili-əyləncəli proqramlar və idman oyunları təşkil olunub.
Düşərgənin sonuncu günündə bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir musiqili-bədii hissə ilə davam edib. Tanınmış gənc sənətçilərin ifalarında iştirakçılar əyləncəli anlar keçiriblər.
Artıq dördüncü ildir ki, şəhid və qazi övladları üçün ənənəvi olaraq təşkil olunan düşərgənin növbəti illərdə də davamlı olaraq keçirilməsi planlaşdırılır.
Nurəngiz ADİLQIZI
XQ