Portret (oçerk)

post-img

Qüdrət Piriyev – 75

Xeyli müddət idi ki, “Xalq qəzeti”ndə və “Respublika”da çətin proses yaşanırdı. Hər iki mətbu orqan birləşməli, kollektivlərin əməkdaşları yarıbayarı ixtisar olunmalı, yeni ştatların, şöbələrin əməkdaşları müəyyənləşdirilməli, digər təbliğati-təşkilati struktur işləri həyata keçirilməli idi. İstəsək də, istəməsək də, bu proseslər heç də asan başa gəlməyəcəkdi. Məlum idi ki, heç də hamını razı salmaq mümkün olmayacaqdı...

Günlərin birində mətbu nəşrimizdə 1988-ci ildən işləyən, həyatını, yaradıcılığını kollektivə bağlayan, 1-ci müavinliyədək yüksələn mötəbər qələm sahibi Qüdrət Əliövsət oğlu Piriyev ədəb-ərkanına uyğun qapımı döydü, icazə alıb üzbəüz əyləşdi. Dedi ki, vaxtdır, mən də proseslərdən xəbərdaram. 75 yaşım tamam olacaq... Onun çöhrəsində səmimiyyət görünürdü. Bir daha “getməyin vaxtı çatıb” sözlərini təkrar edərək qucaqlaşıb ayrıldı.

Sözün doğrusu, Qüdrət müəllimin gördüyü işin məsuliyyəti və həcmi o qədər böyük idi ki, onunla üzülüşmək redaksiyanın rəhbəri kimi, şəxsən mənim ürəyimcə deyildi. Onun bir qəzetçi kimi zəngin təcrübəsinə, səriştəsinə, ən çətin məqamlarda peşəkarlığına, ağsaqqal sözünə ehtiyacımız vardı. Onun getməsini heç istəmirdik.

Əslində, jurnalistin əsas peşə keyfiyyətlərindən biri özünəməxsus yazı üslubuna yiyələnməsidir. Bunun üçünsə o, ayrı-ayrı ustadların yaradıcılığını diqqətlə izləməli, onlardan bəhrələnməli, klassik jurnalistika məktəbinə dərindən bələd olmalıdır. Bu mənada Qüdrət Piriyevin bəxti gətirmişdi. O, Azərbaycan Dövlət Universitetində təhsil aldığı (1973–1978-ci illər) klassik və çağdaş jurnalistikanın nəzəri problemlərinə dərindən yiyələnməklə yanaşı, həmin dövrdə Azərbaycan və rus dillərində nəşr olunan qəzetləri hər gün mütaliə etmişdir. Ali məktəbi bitirdikdən sonra işlədiyi redaksiyalarda Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Cəmil Əlibəyov, Şamil Şahməmmədov, Əşrəf Hacıyev, Rəfail Nağıyev və Şakir Yaqubov kimi ustad qələm sahiblərindən çox şeyi əxz etmiş, sözə zərgər dəqiqliyi ilə yanaşmağı öyrənmişdir.

Qüdrət Piriyev elə ünvanlarda çalışıb ki, məsuliyyəti olmayan şəxs uzun müddət oralarda davam gətirə bilməzdi. Yəqin ki, vaxtilə onun özünün də incidiyi, narazı qaldığı kəslər olub. Hər halda, düz əyrini kəsib. Hər üç orqanda tutduğu müxbir, baş müxbir, şöbə müdiri, redaksiya müdiri və nəhayət, 1-ci müavin vəzifələrində məsuliyyət onun daimi yol yoldaşı olub. Mövzu seçimində həssaslığı gözləmək, silsilə oçerklər, reportajlar, səfər təəssüratları...

Qələmə aldığı mövzularda ədalətli olmaq, haqqı nahaqqın ayağına verməmək imanlı insan kimi tanınan Qüdrətin daim gözlədiyi prinsiplərdəndir. Qüdrət Piriyev müasir jurnalistikamızın ən ağrılı yeri olan redaktəni respublikamızda yüksək səviyyədə aparmağı bacaran nadir jurnalistlərdəndir. Ən qəliz materiallar belə onun redaktəsindən sonra yeni məzmun alır, oxunaqlı olur.

Medianın milliliyə, doğruluğa, halallığa bağlı cinahında fəaliyyət göstərib püxtələşdiyindən müstəqil Azərbaycanın yeni azad jurnalistikasına qoşulmaq Qüdrət müəllim üçün çox da çətin olmadı. Jurnalistikada ilk addımlarını atdığı vaxtlarda belə yazılarında sistemin tərifindən çox neqativ halların aşkarlanmasına səy göstərirdi. Şübhəsiz, sovet rejiminin qılıncının dalı da – qabağı da kəsdiyi ötən əsrin 70-80-ci illərində bunu açıq şəkildə etmək asan deyildi. Bunun üçün jurnalistdən mövzunu seçmək və onu oxucuya təqdim etmək istedadı və bacarığı tələb olunurdu. Qüdrət də bundan məharətlə istifadə edir, gənclərimizi sovet rejiminin hər cür tələblərinə qarşı ayıq-sayıq olmağa çağırırdı. Fikrimin təsdiqi kimi konkret fakta müraciət edək.

1978-ci ilin sonlarında Qüdrət “Azərbaycan gəncləri” qəzetində əmək müqaviləsi ilə işləyirdi. Ştatda olmadığına görə, təbii ki, maaş almır, qonorarla kifayətlənirdi. O vaxtlar SSRİ-nin bir neçə yerində Ümumittifaq komsomolçu-gənclər tikintiləri gedirdi. Onlardan da biri Smolensk vilayətinin Desnaqorsk şəhərində tikilən nəhəng atom-elektrik stansiyası idi. Ölkənin müxtəlif yerlərindən, o cümlədən respublikamızdan da orada komsomol göndərişi ilə çox sayda gənc işləyirdi.

Qüdrət Smolenskə getmək və oradan material hazırlamaq üçün redaktordan, çətinliklə olsa da, razılıq alır. Əslində, redaksiyanın məqsədi bəlli idi: Ümumittifaq zərbəçi komsomol tikintisindən, xüsusən həmyerlilərimizin oradakı fəaliyyətindən gənclər qəzeti üçün materiallar yazmaq. Qüdrət bir-birindən oxunaqlı silsilə materiallar (5 məqalə) hazırlayır. Müəllif bu materiallarda həmyerlilərimizin fəaliyyəti ilə yanaşı, bəzi vacib məqamlara da toxunur. O, azərbaycanlı gənclərin rus qızlar ilə kütləvi surətdə izdivaca şirnikləndirilməsinə və bunun xalqımız üçün gələcəkdə arzuolunmaz demoqrafik vəziyyət yaradacağına məqalədə eyham vurur.

Problem aktual və düşündürücü olduğuna görə yazılar ciddi rezonans doğurur. Bu məqalələrə xüsusi rəng qatan, onların təsirini qat-qat artıran başqa nüans da vardı. Qüdrət Smolenskdən qayıdarkən, yolüstü vilayətin Qjatsk (Qaqarin) şəhərində dayanır. Orada dünyanın ilk kosmonavtı Yuri Qaqarinin anası Anna Timofeyevnanın evinə gedib, kosmonavtın yaxınları – anası, bacısı və qardaşı ilə görüşür. O vaxtlar Azərbaycan oxucusu üçün unikal olan bir yazı meydana gəlir – “Kosmonavtlar anası”. “Smolensk görüşləri” rubrikası ilə verilən yazılar məhz həmin məqalə ilə açılır.

Burada onu da vurğulamaya bilmərəm ki, qəzetin həftəlik fəaliyyətinə yekun vuran “letuçka”da redaktor Şamil Fərzəliyev bildirir ki, bu silsilə materiallar barədə xeyli oxucu zəngi olub. Mənim üçün demək xoşdur ki, Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi şəxsən zəng eləyib təbrik etdi. Bunu da əlavə etdi ki, onun təbrikini müəllifə də çatdırım.

Redaktor “Belə bir ezamiyyətə nəyə görə biz – təcrübəli işçilər yox, ali məktəbi dünən bitirmiş cavan oğlan getməlidir?” deyənlərə üzünü tutub kəskin şəkildə əlavə edir: “Hər birinizin 10-15 illik stajı var. İndiyədək saysız-hesabsız yazılarınız olub. Hansı biri haqqında Azərbaycan KP MK-dan yox, hətta komsomol MK-sından katib demirəm, adi sıravi bir işçi zəng eləyibsə, deyin. Vakansiya olmadığına görə, Qüdrət ştatdankənar müxbirdir. Mövzunu özü təklif eləyib və qonorarı hesabına gedib-gəlib. Tapşırıq verirəm: “Hər yazısına ikiqat artıq qonorar yazılsın! Həm də Yuri Qaqarinin anası ilə görüşmək, heç planda yox idi. Yaxşı ki, görüşüb...”

Zahirən sakit, təmkinli görünən bu insanın daxilində tükənməz enerji var. Səksəninci illərin ortalarında Qüdrət Piriyevin adı Azərbaycanın say-seçmə yazarları arasında çəkilirdi. Təsadüfi deyil ki, respublikanın baş qəzeti “Kommunist” 1988-ci ilin aprel ayında onu işə dəvət edir. Bu qəzetdə dərc edilən yazılarında onun qaldırdığı problemlər aktuallığına və mahiyyətinə görə ciddi reaksiya doğururdu.

Qüdrətin Azərbaycanda milli azadlıq hərəkatı ilə bağlı həmkarı Elman Qədirovla birgə 1988-ci ilin payızında meydan hadisələrindən hazırladığı gündəlik reportajları, Xəzər ətrafına – Azərbaycanın, Rusiyanın, Qazaxıstanın və Türkmənistanın sahil şəhərlərinə səfərdən ərsəyə gələn “Xəzər ekoloji böhranın məngənəsində” rubrikası altında dərc etdirdiyi sanballı elmi-publisistik məqalələri, Milli Məclisin iclaslarından müntəzəm şəkildə verdiyi obyektiv və cəsarətli yazıları... geniş oxucu marağına səbəb olurdu.

Məsaim Abdullayev xatirələrində yazır ki, 1989-cu ildə Bakı Ali Partiya Məktəbindəki kurslarda mühazirə zamanı “Kommunist” qəzetinin redaktoru, görkəmli yazıçı Cəmil Əlibəyov redaksiya kollektivi barədə danışanda tələbə yoldaşım Qüdrət Piriyevin xidmətlərini vurğulayarkən qəlbim fəxarət hissi ilə doldu. Cəmil müəllim dedi ki, rəhbərlik etdiyi qəzetdə Qüdrət Piriyev kimi parlaq istedad sahibinin işləməsindən qürur duyur.

Qüdrət Piriyevin səfər təəssüratları, reportajları maraqlı alınır. Onun şirin təhkiyəsi, maraqlı epizodları seçib qabartması, oxucunu dramatik situasiyalarla üzləşdirmək məharəti bu silsilədən olan yazıları cəlbedici edir. Onun 26 il bundan əvvəl Həcc ziyarətindən sonra “Tanrı dərgahına açılan qapı”, 3 il bundan əvvəl Türkiyə səfəri ilə bağlı qələmə aldığı “Qəlbim Egeydə qaldı” rubrikaları altında verdiyi silsilə məqalələri, İran, İraq... səfərlərindən qələmə aldığı yazılar bu gün də aktuallığı ilə seçilir.

Oçerk janrı Q.Piriyevin yaradıcılığında daha qabarıq nəzərə çarpır. Oçerk yaza bilənlərin hər biri həm oxucu auditoriyasında, həm də jurnalist camiəsində həmişə hörmətlə qarşılanıb.

Bu yerdə Qüdrətin tələbə yoldaşı Məsaim Abdullayevin “Oçerkist” sərlövhəli məqaləsindən bəzi fikirləri yada salmağa ehtiyac duyulur: “Jurnalistikanın “şah janrı” sayılan, bəzi tənqidçilərin “sənədli hekayə” adlandırdıqları oçerk janrında kamil nümunələr ortaya qoymaq hər kəsə nəsib olmur... Qüdrət Piriyevin bu qabiliyyətini zərrə qədər də şişirtmirəm... Tam məsuliyyətlə demək olar ki, o, bu sahədə “as”lardan biridir. Heç vaxt bir-birinə bənzəməyən bu publisistika nümunələri təhkiyəsinin ifadəliliyi, obrazların psixoloji dərinliyi, dilinin oxunaqlılığı və digər üstün cəhətləri ilə fərqlənib”.

Bir halda ki, söhbət Qüdrətin tələbə yoldaşlarından düşdü, onlardan daha iki nümunəni diqqətə çatdıraq. Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Qüdrət Piriyevin 60 yaşında “Jurnalistika onun ürək döyüntüləridir” sərlövhəli məqaləsində yazmışdır: “Hacı Qüdrət bütün varlığı ilə jurnalistikaya bağlı qələm sahibidir, həyatını könüldən sevib-seçdiyi bu peşədən ayrı təsəvvür etmir. Jurnalistika onun həyat tərzi, düşüncəsi, ürək döyüntüləridir... Qüdrətin zahiri sakitliyinin arxasında bir üsyankar ruh dayanır. Bu üsyan, hər şeydən əvvəl, diletantlığa, peşə prinsiplərinin pozulmasına, kiminsə haqqının tapdalanmasına, ədalətsizliyə qarşıdır. Onun fikrincə, jurnalistika mənəviyyatdan başlayır və peşə ləyaqəti olmadan bu sahədə uzun yol getmək mümkün deyildir. Təbii ki, çoxları belə düşünür, amma heç də hamı Qüdrət Piriyev kimi bu kredoya sadiq qala bilmir. Məhz bu keyfiyyətlərinə görə dostları, iş yoldaşları da Hacı Qüdrəti sözü ilə əməli bir olan adam kimi tanıyırlar. Əslində, jurnalistikada belə adamlar gündüz çıraqla axtarılasıdır”.

Aqil Dadaşov və Bəyalı Rzayev isə diqqəti tələbə yoldaşlarının xarakterinin başqa tərəflərinə yönəldirlər: “Dostları həmişə Qüdrəti Haqqın tərəfini saxlayan, insana sevgi, böyüyə hörmət, kiçiyə şəfqət hissi bəsləyən iman sahibi kimi tanımışlar. Bu iman, fikrimizcə, ona elə doğulduğu gündən Ulu Tanrı tərəfindən bağışlanıb. Allaha can-dildən bağlılıq Qüdrətə yol açdı ki, Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olsun. Allah bəyəndiyi bəndələri gözü-könlü tox yaradır, dünya malına hərislikdən qoruyur, – deyirlər. İstəmir ki, sevimli bəndələri nəfsinin, tamahının qurbanına çevrilsinlər...” (“Allah adamı”, “525-ci qəzet”, 2 noyabr 2010-cu il).

Hələ AZƏRTAC-da işləyərkən onu işini sevən, çox məsuliyyətli jurnalist kimi tanıyırdım. Qüdrət müəllimin “Azərbaycan gəncləri”ndə, “Bakı-Baku”da topladığı zəngin təcrübə ona “Xalq qəzeti”ndə peşəkar jurnalistikanın bütün dəyərlərini öyrətmişdi. Bilirdim ki, niyə bu qədər tələbkar, sərt təbiətli olduğuna əmin olmaq üçün gərək keçdiyi yola bələd olasan. Onda suala açıq-aydın cavab almaq olar. Qüdrət müəllim yoldaşlıqda səhvləri asanlıqla bağışlayan, amma iş prosesində keçəcəyi olmayan şəxslərdəndir. Gərək nəzərdən qaçırmayasan ki, hələ xətir istəmək kobud səhvlərin bağışlanması demək deyil. Bəlkə, buna görədir ki, indiyədək xarakterindəki sərtliyi heç də hamı asanlıqla həzm edə bilməyib. Bəziləri də indiyədək incikliyi əsassız olaraq yadında saxlayır.

Mətbuat Şurasında 20 ilə yaxın bir yerdə işlədiyimiz Rəhim Hüseynzadə Qüdrət müəllimin xarakterindəki bu cizgiləri görən kimi Salyan rayonunda çıxan “Qələbə” qəzetinin keçmiş baş redaktoru, Əməkdar jurnalist Mahmud Ağalarovu xatırladı: “Ömrünün sonunadək rayon qəzetinin baş redaktoru olmuşdu. Axşam qonaqlıqda oturardıq, səhəri nöqtəyə, vergülə görə bizi o ki var danlayar, cəzalandırardı”.

Qüdrət Piriyevin xidmətləri dövlət tərəfindən də lazımınca qiymətləndirilib. 2005-ci ildə Azərbaycan mətbuatının 130 illik yubileyi qeyd olunanda özünün də xəbəri olmadan “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Bu il isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

* * *

İxtisardan bir müddət əvvəl Qüdrət müəllimlə aramızda bir söhbət olmuşdu. Demişdim ki, eşitmişəm 75-dən sonra pensiyaya getməyə hazırlaşırsınız. Mənə söz verin ki, getməyəcəksiniz. Nə qədər ki, mən burada baş redaktoram siz də öz işinizdə qalıb işləyəcəksiniz... Söz verdi.

... Bu yaxınlarda redaksiyaya gəlmişdi. Hal-əhvaldan sonra öz gileyimi dilə gətirdim: Heç 75-i də gözləmədiniz.

– Belə alındı, – dedi. – Elə bilirsiniz 38 il işlədiyim bir kollektivdən ayrılmaq mənim üçün asan idi? Məcbur oldum. Mən getməsəydim, 30 nəfəri ixtisar etmək sizin üçün asan olmayacaqdı. Onu nəzərə aldım...

Elə bilirəm ki, bu qeydlərim 75 yaşlı həmkarımın portretini yaratmaq üçün kifayət edər. Kollektivimiz Qüdrət müəllimin yubileyini səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır.

Əflatun AMAŞOV,
baş redaktor,
Əməkdar jurnalist

Sosial həyat