Kiçik Mərdəkan qəsri bərpa edilir

post-img

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə bərpa işlərinə başlanılıb. Məqsəd abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bərpa işləri ilə yerində tanış olub, görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Bərpa zamanı qəsrin təbii təsirlərdən zədələnmiş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur. Hörgülərarası birləşmələr xüsusi məhlulla möhkəmləndirilir, müdaxilələr nəticəsində üzərinə yazılar həkk edilmiş hissələr təmizlənir. İlkin səth bərpa edilir, aşınma və nəm təsirlərinə qarşı qoruyucu qat yaradılır. Bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhərinin Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalar silsiləsində önəmli abidədir.

Mehparə ƏLİYEVA
XQ

Mədəniyyət