Türk dünyasının ortaq düşüncəli söz ustadları

post-img

180 il bundan əvvəl qazax poeziyasının dan ulduzu parladı – İbrahim Kunanbayev dünyaya gəldi. Şair, mütəfəkkir, maarifçi, yazılı qazax ədəbiyyatının banisi Abay! Anasının əzizləmə mənasında verdiyi bu addan ilk dəfə “Yay” şeirində istifadə etdi. Beləliklə, qazax xalqının yaddaşına daim Abay kimi (“nəzakətli”, “mehriban” deməkdir) həkk olundu.

200-ə qədər şeir, 3 poema və “Qara söz” adlanan 45 müstəqil nəsr nümunəsindən ibarət olan kitabı qazax ədəbiyyatına gətirilən yenilikləri əks etdirir. Dərin ictimai-siyasi və fəlsəfi məzmun, yeni janrlar, yeni deyim tərzləri Abay yaradıcılığı ilə klassik qazax ədəbiyyatını zənginləşdirdi.

XVIII əsrdən etibarən qazax ədəbiyyatında akın poeziyası yaranmağa başlamışdır. Akınlar şeir deyən, eyni zamanda şeir yazan sənətkarlardırlar. Bu poeziya XIX əsrdə qazax yazılı ədəbiyyatının yaranmasına böyük təsir göstərmişdir. Aşıq yaradıcılığı da Azərbaycan yazılı ədəbiyyatının zənginləşməsində, xəlqiləşməsində öz sözünü deyib. Bu baxımdan, Abayın akın ruhlu şeirləri ilə Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığı arasında müqayisələr aparanda bir çox oxşarlıqların şahidi oluruq.

Qədim zamanlardan bəri mütəfəkkirlər, sənətkarlar söz haqqında müxtəlif fikirlər söyləmişlər. Bu nöqteyi-nəzərdən eyni əsrdə yaşamış, oxşar sənət missiyası daşımış Abay və Aşıq Ələsgər də öz yaradıcılığında sözə yüksək münasibət bildirmişlər. Həm Abay, həm də Aşıq Ələsgər sözün qiymətini bilmiş, mənalı sözün qəlbləri açdığını vurğulamışlar. Abay mənalı sözlərin “qəlbi isitdiyini”, “könülə rəhbər olduğunu” ifadə etmişdir. Aşıq Ələsgər də sözün mərifətdən xəbər verdiyini, doğru sözün xalqa çatdırılmasının vacibliyini göstərmişdir.

Abay:

Dilə asan gələr, qəlbə də ilıq,
Mənalı sözləri söyləsən əgər.
Aşıq Ələsgər:
Mənim sözüm doğru yoldan çıxanı,
İnşallah, qaytarar, düz insan eylər.

Abayın “Əlifbey” və Aşıq Ələsgərin “Əlif, lam...” şeirləri məzmununa, maraqlı ifadə tərzinə görə diqqəti cəlb edir. Hər iki sənətkar ərəb əlifbasının hərflərini sadalayaraq onlara uyğun sözlərlə dərin fikirlərini ifadə etmişlər.

Abay:

“Əlif” kimi ay üzünə heyrət etdim,
“Bey”–bəlayi dərdinə nisbət etdim.
“Te”, dilimdən töküldü türlü şeirlər,
“Se”, mədhü-səna ilə xitabət etdim.

Aşıq Ələsgər:

İbtidaki “əlif”—Allah,
“Bey” birliyə dəlalətdi,
“Tey”—təkdi, vahidi-yekta,
Arif bu elmə bələddi.

Gözəlliyə, gözələ münasibətdə də bu iki sənətkarın yaradıcılığında oxşar deyim tərzi diqqəti cəlb edir. Abay gözəli füsunkar, ecazkar formada təqdim edir. Bu gözəl bəzək-düzəksiz, boyasızdır. Gümüş kimi geniş alnı, qulac hörükləri onu gözəlliyin zirvəsinə qaldırır:

Gümüş kimi parlaq, genişdir alnı,
İri, qara gözlərində nur yanar.
İncə kaman kimi çəkilmiş qaşı,
Yenicə doğulan hilaldır bu yar.

Aşıq Ələsgərin də gözəli “ay qabaqlı, ayna alınlı, gül yanaqlı”dır:

Ay nazənin, ay qabağın altından
Nə göyçək çəkilib qara qaşların?

Yaxud:

Nazik barmaqlıdı, şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tellidi.

Göründüyü kimi, sənətkarların nəzərində geniş alın, ay kimi parlaq alın gözəllik simvolu olaraq dəyərləndirilir. Mərdliyə rəğbəti, namərdliyə nifrəti, dürüst insana verilən yüksək dəyəri hər iki sənətkarın yaradıcılığında görürük. Abay mərd dostunun olmamasını özünə dərd hesab edir,namərdləri bir ər, igid kimi qəbul etmir. Aşıq Ələsgər də namərdlərin dünyada heç bir iz qoymayacağını, yaxşı ad qazanmayacağını söyləyir.

Beləliklə, istər qazax yazılı ədəbiyyatının banilərindən olan Abayın, istərsə də Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığına hakim olan bir ruh var – böyük türk xalqının ruhu! Bu da şeirlərə təbiilik, səmimilik qataraq könülləri oxşayır, onların dəyərini qat-qat artırır.

Cavahir MƏMMƏDOVA,
Bakı şəhəri Novruzov qardaşları adına 36 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Mədəniyyət