Azərbaycan millisi Braziliyada oynayacaqmı?

post-img

Şübhəsiz, bu il Azərbaycan idmançılarının beynəlxalq yarışlar təqvimində ən əhəmiyyətli turnirlərdən biri qadınlardan ibarət milli futbol komandamızın da iştirak etdiyi 2027-ci il dünya çempionatının seçmə mərhələ görüşləridir. Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında göstərildiyi kimi, mundialın final mərhələsinin oyunları 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyanın 8 şəhərinin stadionlarında keçiriləcəkdir.

Əfsanəvi Pelenin vətənində Dünya çempionatının medalları uğrunda 32 komanda mübarizə aparacaq. Onlardan 11-i Avropa ölkələrinin təmsilçiləri olacaq. Qitəmizin komandaları seçmə mərhələ oyunlarına fevral ayından başlamışlar. Hər birinə 4 komandanın daxil olduğu qruplarda turnirlərə iyun ayında yekun vurulacaq.

Azərbaycan millisi C Liqasının 3-cü qrupunda çıxış edir. Artıq bildiyiniz kimi, komanda martın birinci ongünlüyündə iki oyun keçirmişdir. Siyasət Əsgərovun yetirmələri startda “doğma divarlar” arasında Şimali Makedoniya komandası üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanmış (hər iki qolun müəllifi kapitanımız Sevinc Cəfərzadə olmuşdur), sonra isə rəqib meydanında kiçik fərqlə Macarıstan futbolçularına uduzmuşlar – 0:1.

Qrupumuzda Azərbaycan, Macarıstan və Şimali Makedoniyanın daha bir rəqibi Andorradır. Hazırda turnir cədvəlinə 1-ci turda səfərdə bu komanda ilə heç-heçə oynamış Macarıstan kollektivi başçılıq edir. Liderin 4 xalı var. Cədvəlin ikinci-üçüncü pillələrində irəliləyən Azərbaycan və Şimali Makedoniya futbolçuları 3 xal toplamışlar. Onlarda vurulan və buraxılan topların fərqi də eynidir (+1). Lakin şəxsi görüşün nəticəsinə görə ikinci yerdə Azərbaycandır. Sonuncu pillədə olan Andorranın 1 xalı var. Komandamız növbəti görüşü aprelin 14-də səfərdə Andorraya qarşı keçirəcək.

Komandalar ikinci dövrə matçlarında da meydana çıxıb, bu turnir çərçivəsində bir daha üz-üzə gəldikdən sonra qrupun qalibi məlum olacaq. Yarış məsafəsinin ikinci yarısında bizim qızlar aprelin 18-də andorralı rəqiblərini qəbul edəcək, iyunun 5-də yenə meydan sahibi rolunda Macarıstan komandasını sınağa çəkəcək, bundan 4 gün sonra isə Şimali Makedoniyanın qonağı olacaqlar. Pley-off mərhələsinin 1-ci raund görüşləri oktyabrda, ikinci raund matçları isə noyabr-dekabr aylarında keçiriləcək.

Millimizin ilk iki turda nümayiş etdirdiyi kifayət qədər keyfiyyətli oyuna və göstərdiyi nəticəyə əsasən bu qənaətə gəlmək olar ki, komanda Braziliya mundialına vəsiqə uğrunda sona qədər mübarizə aparıb, məqsədinə çata bilər. Onun iki turdan sonra turnir cədvəlində ikinci mövqedə olması qarşıdakı oyunları nikbinliklə gözləməyə əsas verir. Bu mənada, bir aydan sonra növbəti, 3-cü turda Andorradan uğurlu nəticə ilə qayıtmaq mühüm əhəmiyyət kəsb edər.

Yuxarıda diqqətə çatdırdığımız kimi, ikinci dövrədə komanda üç oyundan ikisində öz azarkeşləri qarşısında çıxış edəcək və onların möhkəm dəstəyi ilə xal ehtiyatını pley-off mərhələsinin tələb etdiyi həddə çatdırıb, payız sınaqlarında yoluna davam etmək imkanı qazana bilər. Qeydlərimizi də elə bu istəklə yekunlaşdıraq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman