Əbdülqəni Nurməmmədovun isə 47 il əvvəlki 90-cı dəqiqə qolu yada düşür
Bu gün, martın 18-də “Neftçi” Peşəkar Futbol Klubunun fəaliyyətə başlamasının 89-cu ili tamam olur. Klub üçün, onun köhnə və indiki bütün futbolçuları, pərəstişkarları üçün fərəhli bir gün yaşayırıq. Yaranmış imkandan istifadə edib, 1937-ci ildə həyata vəsiqə almış və artıq 90 yaşına, 90-cı baharına qədəm qoyacaq komandanın neçə-neçə oyununa şahidlik etmiş Tofiq Bəhramov adına Respublika Stadionunda izlədiyimiz və 90-cı dəqiqədə vurulan qolla yadda qalmış bir görüşü xatırlamaq yerinə düşər.
...13 avqust 1979-cu il. Güclülər dəstəsində 42-ci SSRİ çempionatının ikinci dövrə görüşündə “Neftçi” Alma-Atanın (indi Astana) “Kayrat” komandasını qəbul edir. Moskvalı hakim Valeri Baskakovun idarə etdiyi oyunda hər iki tərəfin bütün səylərinə və qarşılıqlı kəskin hücumlarına baxmayaraq, hesab açılmır. Elə görünür ki, rəqiblər meydandan qolsuz heç-heçə ilə ayrılıb, hərəyə 1 xalla kifayətlənəcəklər.
Ancaq belə olmadı. Həmin gündən artıq 47 il ötsə də, 90-cı dəqiqədə “Neftçi”nin son həmləsində bakılılara qələbə qazandıran qol hələ də yaddaşlardan silinməyib. Meydanın qonaqlara aid hissəsində yüksəkdən ötürülən top Əbdülqəni Nurməmmədova (təqdim etdiyimiz fotoda orta cərgədə soldan üçüncü) tərəf gəldi, yarımmüdafiəçimiz də onu saxlamadan təxminən 30-35 metr məsafədən güclü və sərrast zərbə ilə “Kayrat”ın qapısının aşağı sağ küncünə yönəltdi. Almaatalı qapıçı Kuralbek Ordabayev bu dəfə komandasını qoldan xilas edə bilmədi.
Son dəqiqədə, son hücumda gərgin mübarizənin taleyini “Neftçi”nin xeyrinə həll edən unudulmaz qol idi. Onun müəllifi, eləcə də komanda yoldaşları Elxan Rəsulov, Şakir Qəribov, Rəşid Özbəyov, Əsgər Abdullayev, Asəf Namazov, Səmədağa Şıxlarov, Asif Əliyev və həmin axşam meydana çıxan digər futbolçularımız əsl əzmkarlıq göstərib, baş məşqçiləri Əhməd Ələsgərovla birlikdə qazanılmış 2 mühüm xala ürəkdən sevindilər.
Maraqlıdır ki, Azərbaycan və Qazaxıstan paytaxtları klublarının bundan iki ay əvvəl, iyunun 18-də Alma-Ata Mərkəzi stadionunda keçirilmiş birinci dövrə görüşündə də hesabı 24-cü dəqiqədə Nurməmmədov açmışdır. Lakin qalan vaxt ərzində “Kayrat” bu qola üç dəqiq zərbə ilə cavab verib, qələbə qazanmışdır (3:1).
Qızıl medalların Moskvanın “Spartak” komandasına (50 xal) təqdim olunduğu həmin 42-ci çempionatda 18 kollektiv iştirak etmişdir. “Neftçi” ilə “Kayrat” finişə eyni miqdarda – 24 xalla çataraq çempionatı turnir cədvəlinin qonşu pillələrində, 13-14-cü yerlərdə başa vurmuşlar. Komandamız topların fərqinə görə 14-cü olmuşdur.
Statistikaya nəzər yetirdikdə məlum olur ki, Ə.Nurməmmədov 1979-cu il çempionatında bütün 34 oyunda meydana çıxmış və 5 qol vurmuşdur. Ümumiyyətlə isə, o, 1977–1983-cü illərdə SSRİ çempionatlarının güclülər dəstəsində “Neftçi”nin heyətində 146 oyunun iştirakçısı və 13 qolun müəllifi olmuşdur.
Bu xoş bahar günündə arzu edək ki, bir çox ildir qələbələrə sevinməkdən çox, məğlubiyyətlərlə barışmağa məcbur olan indiki “Neftçi” də, nəhayət, vəziyyəti düzəldib, tezliklə Azərbaycan milli çempionatları və kubok yarışlarında, avrokuboklar meydanında qalib və mükafatçılar sırasında olacaq, köhnə “Neftçi” kimi gələcəkdə pərəstişkarları tərəfindən səmimiyyətlə xatırlanacaq.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

