Proloqdan epiloqadək düşmənçilik, kin və nifrət

post-img

Ermənilərin bir çox filmi mənəvi zəhər saçır və nəticədə, bumeranqa çevrilir

Azərbaycan və Türkiyə ilə sülhün yaşandığı indiki Ermənistanda yenə ideoloji olaraq türk düşmənçiliyi dövlət siyasətidir. Həm daxildə, həm də xaricdə xalqımıza qarşı kin və nifrət toxumu səpən milliyyətçi ünsürlər dinc durmur, bütün dünyada qarayaxma kampaniyası yürüdürlər. Yəni, bu dövlətin siyasəti dəyişməyib, açıq və gizli şəkildə davam etdirilir. İkinci Qarabağ müharibəsindən sonra hayların “film yaradıcılığı” yeni vüsət alıb.

Ermənilər təbliğat işində kinoya, vizual mediaya üstünlük verirlər. 2024-cü ildən etibarən nümayiş etdirilən “Qütb günəşi” filmi erməni ideologiyasının dəyişmədiyinə işarədir. Filmin rejissoru İnna Saakyan, ssenaristləri Peter Lyaxov, Kerstin Meyer-Beetz və İnna Saakyandır. Əsərin qəhrəmanı Mardiganyan 1901-ci ildə Osmanlı imperiyasının bir kəndində anadan olub. O, Oslodan Nyu-Yorka səyahət edib. Amerikada "Ruhların hərracı" filminin eskizini yaratmaq üçün istifadə ediləcək “Ravished Armenia” adlı kitab yazıb. Kitabı filmə çevirmək üçün erməni diasporu və hay ideoloqları dövrəyə girib. Amma iddia edildiyi kimi, köhnə film "nədənsə" yoxa çıxır. Bəlkə də ermənilər yeni filmi montaj etmək, türklərə qarşı daha ciddi ittihamlar irəli sürmək üçün bu yalanı uydurublar.

Tarix və beynəlxalq hüquq Türkiyənin tərəfində olsa da, onlar Qərbdə soyqırımı törədənlər kimi göstərilir. “Qütb günəşi” filmi barədə xəbərlər ABŞ-ın “The New York Times” və “Los Angeles Times” kimi çoxtirajlı media orqanlarında yayımlanıb, eləcə də “Vikipediya”da yerləşdirilib. Həmçinin film 2023-cü ildə “Oskar” mükafatına namizəd olaraq göstərilib.

"Ruhların hərracı"ndan "Qütb günəşi"nə çevrilən filmdə, guya, köhnə xatirələr canlandırılır. Türkiyəyə və türklərə qarşı nifrət və düşmənçilik hissləri oyadan yeni film köhnəsindən daha alçaldıcı və nifrətlə doludur. Əsərin motivini təşkil edən “Zülmkar erməni” kitabına vərəqlədim; türklərə qarşı iddialar nisbətən “ölçülüdür”. Kitabda çarmıxa çəkilmiş qızlardan bəhs olunur, amma nə Atatürkün adı çəkilir, nə də təcavüzdən bəhs edilir. Təcavüz ittihamı ilk dəfə 1997-ci ildə nəşr olunmuş və Mardiganyanın ölümündən əvvəl verdiyi müsahibəyə əsaslanan “Zülmkar erməni”nin yeni nəşrində ortaya çıxır. Daha sonra filmə daxil edilib. Yeni filmdə xristian erməni qızlarının başına gələnlərin, təcavüz də daxil olmaqla, çarmıxa çəkilməkdən daha dəhşətli olduğu iddia edilir və Atatürkə qarşı açıq şəkildə böhtanlar atılır.

İnna Saakyanın sənədli-animasiya filmi 2023-cü ildə Cenevrə Beynəlxalq Film Festivalında və İnsan Hüquqları Forumunda (FIFDH) baş mükafat alıb. Rejissor deyib ki, “Qütb günəşi” ekranda ağrısını yüngülləşdirməklə insanlığını qorumaq üçün mübarizə aparıb və bu, onun missiyasının davam etməsi və heç vaxt unudulmayacağı deməkdir”. Hollivud səssiz filmində özünü canlandıran gənc qız dünyaya erməni deportasiyaları haqqında məlumat vermək məqsədilə soyqırımının dəhşətlərini göstərməyə çalışıb. Yarısənədli film Zoryan İnstitutunun elmi dəstəyinə və “erməni soyqırımı ilə bağlı şifahi tarix arxivinə əsaslanaraq çəkilib. Film Ermənistan–Almaniya–Litvanın birgə layihəsidir.

***

“Erməni soyqırımı”nın dünyanın diqqətinə çatdırılmasının ən yaxşı yolu film yaradıcılığıdır”. Bu fikri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan söyləmişdi. Onun dönəmində “erməni davası” üçün uğurlu sayılan bir hadisə baş vermişdi. Türk əsilli alman rejissoru Fatih Akın "erməni soyqırımı"ndan bəhs edən “Kəsik” ("The Cut") filmini çəkərək “erməni dəyirmanına su tökmüşdü”.

Ermənilər artıq 20 ildən çoxdur ki, bədii və sənədli filmlərlə Türkiyəyə təzyiq edirlər. Onların bu mövzudakı “ən uğurlu” layihələrindən biri 2002-ci ildə çəkilən "Ararat" bədii filmi sayılır. Rejissoru Atom Yeqoyan Kanadada doğulmuş ermənidir. O, milli mənsubiyyətini təsdiqləyərək, erməniliyə yaxşı xidmət edən "Ararat" filmini çəkdi. Erməni diasporu bu filmin Oskar alması üçün çox çalışdı. Filmin bütün festivalları gəzdirərək çoxlu mükafatlar almasını təmin etdilər. Film hələ çəkilməmiş Fransa, Böyük Britaniya, Almaniya və İspaniya tərəfindən onu satın almışdılar. Maraqlıdır, bu ölkələrdə hardan bilirdilər ki, bu filmin içində nə olacaq? Tək bildikləri o idi ki, filmdə hədəf Türkiyədir. Və sonra bu ölkələrin diplomatik qurumları filmin həm də Türkiyədə göstərilməsinə var gücləri ilə çalışdılar. Nədən filmə belə önəm verilirdi? Axı bu mövzuda ortaya qoyulan ilk "əsər" deyildi. Buna qədər də erməni ideoloqlarının bir çox əsərləri və kitabları ortaya qoyulsa da, bu filmin xüsusiyyəti, Qərbin erməniləri məqsədlərinə çatmaq üçün açıq şəkildə dəstəkləməsi idi. Məmur rolunda olan avropalı da, 1915-ci ildə Şərqi Anadoluda həkim işləyən amerikalı da erməni ideoloji maşınının təkərcikləri idilər, ən azından, onların obrazında idilər.

Haylar filmlərə ağlasığmaz pullar xərcləyirlər. Erməni mənşəli italyan yazar Antonio Arslanın “Tarlaquşu yuvası” adlı kitabının ekranlaşdırılmasını erməni mediası uğurlu nümunələrdən biri kimi xarakterizə edir. Bu filmlərdə həyasızcasına bir “erməni soyqırımı” təbliğatı var. Mətbuat “Musa dağında qırx gün” kitabının filmə çevrilməsindən də bəhs edir.

Avstriya yəhudisi Frans Verfelin “Musa dağında qırx gün” romanı 1915-ci il deportasiyasından əvvəl Hataydakı Musa dağının ətəyində bir erməni kəndində baş verən hadisələrdir. Sadəcə, deportasiya üçün gəlmiş jandarmlara ermənilərin müqavimətindən bəhs edir, vəssalam. Bu əsəri oxuyan adamda burada elə bir ciddi insan faciəsinin, daha doğrusu, "soyqırımı"nın olması qənaəti yaranmır. Amma mətbuatda bu hadisə erməni qəhrəmanlığı olaraq təqdim edilirdi.

Vaxtilə Yeqoyanın filminin dünyanın bir çox ölkələrində nümayişinə ona görə yaşıl işıq yandırılmışdı ki, həmin filmdə ermənilərin əsas məqsədilə onların yürütdükləri antitürk siyasət üst-üstə düşəcək, ikisi bir-birini tamamlayacaqdı. Odur ki, ideya müəllifinin yalnız erməni diasporu olduğunu düşünmək doğru olmazdı.

Bəs, əsas "rollarda" kimlər çəkilib? Atom Yeqoyan Kanada ermənisidir. Baş rol oyunçusu isə məşhur şanson Şarl Aznavurdur. Digər oyunçular isə Ermənistandan olanlardır. Hadisələr Vanda, Ağrı dağının ətəklərində baş verir. Baş "qəhrəman" isə Qərbdir. Türkiyəni olmayan bir "cinayətə" məhkum etmək istəyən Qərb. Bu filmdə ermənilərin terroruna bəraət verilir, çünki onlar türk düşmənidirlər. Türkiyənin şərqində olan və ermənilər tərəfindən "Qərbi Ermənistan torpaqları" adlandırılan Ağrı dağı bölgəsinin geri alınmasını yeni nəsillərə bir vəzifə olaraq göstərməsi üçün Atom Yeqoyanın "Ararat" filmi lazım idi. Bəli, o təsadüfən çəkilməmişdi.

Baxın, bu filmin rolu nə oldu: 2002-ci ildən sonra Avropa ölkələrində "erməni soyqırımı"nı əməlli-başlı dövlət siyasətinin tərkib hissəsinə çevirdilər. Belə ölkələrdən olan Fransa gələcəkdə "erməni soyqırımı" olmayıb deyənləri cəzaya məhkum etmək kimi insan haqlarını pozan bir qanuna start verəcəkdi, İsveçrə isə bunu həyata keçirəcəkdi və bir konfransda "erməni soyqırımı" yalanlar üzərində qurulub", - deyən Vətən partiyasının lideri Doğu Perincək 90 gün həbsə məhkum olunacaqdı, sonra haqq yerini alacaqdı və Avropa Məhkəməsi bu qərarı ləğv edəcəkdi.

Özünün türk mənşəyinə baxmayaraq, o, nəinki Yeqoyanın filmini kölgədə qoyan, hətta əvvəllər bu mövzuda çəkilmiş bütün filmləri geridə buraxan "Kəsik" filminin effektinin səbəbinin fərqinə varmadı. Əsas müəllifin adıdır – türk Fatih Akın. O, ermənilərin məqsədini reallaşdırmağa yardım etdiyinin də fərqindədir. Bilir ki, Ermənistan dövləti buna həvəslə pul ayırır. Dövlət səviyyəsində qarşıya daha bir neçə "soyqırımı" filminin çəkilməsi məqsədi qoyulub. Bunlardan biri, çox güman ki, Akının filmi olacaq. Qondarma "erməni soyqırımı"nın 100-cü ilində, yəni 2015-ci ildə yeni bir filmlə dünyaya "səs salmaq" planlaşdırıldı. Bu məqsədlə "Oskar" mükafatını almış məşhur rejissor Stiven Spielberqə müraciət olundu.

***

Diaspor və Ermənistan dövlətinin vizuallıq sahəsində etdikləri layihələr kinofilmlərlə məhdudlaşmır. Bir başqa əhəmiyyətli layihə də "Bir daha, əsla!" adı altında təşkil edilmiş konsert seriallarıdır. Tanınmış musiqiçi Stiv Vanderlə birlikdə bir çox məşhur musiqiçinin də qatıldığı layihə ilə "soyqırımı"nın təbliği işini daha da irəli aparmaq nəzərdə tutulub.

Atom Yeqoyanla Fatih Akını bir-birinə bağlayan tellərin nələr olduğunu aydınlaşdırmağa çalışsaq, qəribə paralelliklə üzləşə bilərik. Biri erməni, digəri türk olan bu iki rejissor, təbii ki, pula işləyirlər. Film çəkilişinə isə çox pul lazımdır. "Ararat" filminə 15 milyon pul xərclənib, Fatihin filminə isə bundan daha çox pul ayrılıb. Təbii ki, bu pulu Ermənistan ayırmışdı..

Ancaq bir türk tərəfindən çəkilmiş "erməni soyqırımı"ndan bəhs edən "Kəsik" adlı əsərin verəcəyi effektlə "Ararat"ın effekti eyni olmayacaqdı. Çünki bu filmi bir türkə çəkdirmişdilər. Bundan əvvəl də ermənilər türkə nifrəti ifadə edən bir çox filmlər çəkmişdilər. Hələ SSRİ vaxtı başlayaraq antitürk siyasətini özünün əsas ideoloji silahına çevirmiş və xalqımıza qarşı nifrəti sənədli və bədii lentlərə köçürmüşlər. Türkiyə və Azərbaycan əleyhinə ermənilərin çəkdikləri və çəkdirdikləri filmlərdə irqçi yanaşma, millətimizi aşağılama, onu qəddar, zalım, vəhşi, barbar göstərməkdədir. Dediyimiz irqçi yanaşma aşağıda bəhs edəcəyimiz filmlərdə özünü açıq göstərməkdədir.

“Göldən gələn səslər” qondarma “erməni qoyqırımı” haqqında "gizli" adlandırılan sənədli filmdir. 2000-ci ildə tamamlanan film son dövrlərin ən populyar erməni filmlərindən biri olaraq göstərilməkdədir. Bunun "gizli" olduğu iddia edilir. Tanıtımda istifadə edilən başqa bir diqqətəlayiq iddia filmdə gizli qalan bir çox sənəd və hesabatın film sayəsində üzə çıxmasıdır. Əslində, burada gizli heç nə yoxdur. Ermənilərin hazırladığı bir çox saxta sənədlər irəli sürülərək türklərin vəhşi və qaniçən obrazının canlandırılmasından başqa bir şey yoxdur. Ortada "gizli" bir şey yoxdur. Gizli olan ermənilərin millətimizə olan nifrətidir və onu bədii formada tamaşaçının önünə sürmüşlər.

“Görəv Berlin” (Assignment Berlin): Prodüser və rejissor Detroyt (ABŞ) əsilli erməni Hrayr (Peter) Touxanyandır. Film Tələt Paşanın Berlindəki qətlini tamamilə erməni nöqteyi-nəzərindən göstərir. Filmdə Tələt Paşanın öldürülməsinə və bu hadisənin əsrin ilk terror hadisələrindən biri olmasına baxmayaraq, rejissor Tələt Paşanı və dostlarını Berlində əsas terrorçular kimi təqdim edir, paşanı qətlə yetirən qatili – Soğomun Teyliryanı erməni millətinin qəhrəmanı kimi tərifləyir. Film boyu Tələt Paşa “erməni soyqırımının memarı” kimi xatırlanır. Tanıtımlarda ən çox istifadə edilən ifadələrdən biri də "əsl tarixi hadisə" ifadəsidir. Hansı tarixi hadisə baş vermişdir? Bir erməni terrorçu türk olduğu üçün dəyərli bir dövlət adamını öldürüb. Bundan başqa, filmdə 1,5 milyon erməninin “vəhşicəsinə öldürüldüyü” ilə bağlı iddialar təzələnir…

“Mayrig” (Ana). 1991-ci ildə lentə alınan film "erməni soyqırımı" iddialarının ekranda əks olunduğu “vacib filmlərdən biri” olaraq görülür. Film 1921-ci ildə Fransaya mühacirət edən bir ailənin çətinliklərindən bəhs edir. Türklər filmdə "vəhşi adam" rolunu oynayırlar. “Mayrig” Türkiyə əleyhdarı hay fəaliyyətinin kinodakı “əhəmiyyətli” əsərlərdən biri sayılır .

“Həsrət” (The Yearning, Karot). 1990-cı ildə çəkilən 137 dəqiqəlik filmdir. "Türk vəhşiliyi" xüsusilə filmin ilk hissələrində “hərtərəfli” işlənib. Buna əlavə olaraq filmin təqdimatlarında "Qərb və Şərq olaraq ikiyə ayrılmış bir millətin faciəsi" ifadələrindən tez-tez istifadə edilir, Türkiyə torpaqlarının "Qərbi Ermənistan" olduğu israrla vurğulanır.

***

“Erməni soyqırımı, Osmanlı imperiyasında erməni əhalinin məhv edilməsi -1915-1923” (The Armenian Genocide, Annihilation of the Armenian Population of the Ottoman Empire 1915-1923). 1991-ci ildəı çəkilən 25 dəqiqəlik sənədli filmdir. Əsas ideya məktəb yaşlı uşaqların məlumatlandırılmasıdır. Film müəllimlər üçün “bələdçi”dir, erməni təbliğatının uşaqlar arasında da işini görməsi üçün seçilmiş üsuldur. Uşaqlar görüntülərə baxmağı daha üstün tuturlar. Ermənilər, xüsusilə ABŞ-dakı soyqırımı tarixi ilə bağlı məktəblərə köməkçi material kimi bu filmi tövsiyə edirlər.

“Musa dağında qırx gün”. Bu 120 dəqiqəlik ekran əsəri erməni iddialarını dilə gətirən “əhəmiyyətli” filmlərdən biri sayılır. Film avstriyalı yazıçı Franz Verfelin eyniadlı romanı əsasında çəkilib. 1015-ci ildə Musa dağında yaşanan olaylar təsvir edilir, türklərin “vəhşiliyi, böyük “faciələr” törətdikləri göstərilir

“Bir erməni yolçuluğu” (An Armenian Journey). Bu filmdə də Theodor Pogosyan adlı erməni qondarma "soyqırımı" şahidlərindən biri ilə Türkiyəyə "qırğın"ın edildiyi yerləri gəzməkdə, türklərə nifrət aşılamaqdadır.

“Erməni davası” (The Armenian Case). Bu film sənədlidir və 1975-ci ildə çəkilib. Sənədli filmdə 1915-ci il hadisələrindən sağ çıxdığı iddia edilən insanların dili ilə hadisələr tamamilə ermənilərin irəli sürdükləri saxta və haqsız iddialar əsasında çatdırılır. Birinci Dünya müharibəsi ilə başlayan "hekayədə" bol "barbar türk" obrazı var. Bundan başqa, hadisələrdən sonra ermənilərin bütün dünyaya necə yayıldığı və diasporda yeni bir həyat başladığı izah edilir. Hər addımda türklər suçlanır…

“Bir səssizlik divarı, ermənilərin danışılmayan taleyi” (A Wall of Silence, The Unspoken Fate of the Armenians). 1997-ci il istehsalı, rejissoru Dorothee Formadır. Sənədli film əsasən Taner Akçam və Vahakn Dadryan adlı iki insanın həyat hekayələri üzərində qurulub. Türk düşməni olan Taner Akçamın iftiraları bu filmdə də yer almaqdadır.

“Unudulmuş soyqırımı” (The Forgotten Genocide). Bu film də məlum erməni “bayatı”sıdır, “soyqırımına” məruz qalmış insanların vəhşi türklərə nifrətini ifadə etməkdədir. 28 dəqiqəlik sənədli filmdir, lakin populyarlığı bir çox bədii filmlərdən daha yüksək olmuşdur. Filmdə şahidlərin və arxiv sənədlərinin erməni iddialarına uyğunluğu təbliğ edilir.

“Bitlisdən Fresnoya: Fresnolu Karabyanlar, Kaliforniyada bir erməni ailənin 100 ili” (From Bitlis to Fresno: 100 Years of an Armenian Family in California, the Karabians of Fresno). 56 dəqiqəlik sənədli film. Məramı Anadolunun erməni vətəni olması iddiasını dəstəkləmək, eyni zamanda, ermənilərin amerikalı olduğunu sübut etməkdir.

“Hər kəs burada deyil: erməni soyqırımı” (Everyone’s Not Here: Families of the Armenian Genocide). Amerika Erməni Assambleyası (The Armenian Assembly of America) tərəfindən hazırlanan bu sənədli film daha çox təhsil müəssisələrində yayılır.

“Klikiya ...yenidən doğuş” (Cilicia… Rebirth). Sənədli filmdə göstərilir ki, indi türklərin erməniləri öldürüb onların əlindən aldığı torpaqlar Kilikiya Krallığına aiddir. Film ermənilərin Anadolunun cənub-şərqində və bugünkü Suriyanın bir hissəsində böyük mədəniyyət yaratdıqlarını iddia edir. Sənədli filmə görə, Birinci Dünya müharibəsində qətlə yetirilən ermənilərin sağ qalanları Suriyanın Hələb şəhərində yaşamaqdadırlar.

“Tarixi Ermənistan” (Historical Armenia). 53 dəqiqəlik sənədli filmdir. Filmdə ermənilərin "vətəninə" səyahət edildiyi iddia edilsə də, göstərilən şəhərlərin İstanbul, Ankara, Adana, Qaziantep, Van, Bitlis kimi şəhərlər olması diqqət çəkir. Filmin təqdimatında film qrupunun 1919-ci ildə Türkiyəyə (şirkət "Türkiyə və Ermənistana" deyir) göndərilən amerikan missiyasının marşrutu izlədiyi bildirilir. Nabələd adam elə düşünər ki, bütün Türkiyənin və Azərbaycanın torpaqları ermənilərə aiddir və amerikan missiyası da bunu isbatlamaq və onu alıb ermənilərə vermək üçün gəlibmiş. Halbuki həmin missiya ermənilərin bu torpaqlarda necə böyük vəhşiliklər törətdiyi qənaətinə gəlmişdi. Hayların belə bir film çəkməsi, əslində, onların bu missiyanın əsil məqsədinin nə olduğunu gizlətmək və bizləri qabaqlamaq məqsədi güdüb.

“Komitas”. Qərbi Almaniyada istehsal olunan 96 dəqiqəlik filmdir. Komitas rolu ilə ermənilər türklərin milyonlarla ermənini öldürdüyü iddiasını ortaya atmaqdadır. Bütün bunları sübut etmək üçün isə fərziyyələrə əsaslanırlar. Filmin qəhrəmanı erməni bəstəkar Komitas Kütahyada anadan olmuş musiqiçi və erməni rahibidir. 1915-ci ildə türklərin etdikləri qırğınları görəndə, guya, ağlını itirir. Əslində, Komitas 1915-ci ildə deyil, daha sonrakı illərdə dəli olub. 1915-ci ildən sonra çoxlu əsərlər yazıb. Sadəcə olaraq Komitasın dəli olmasını 1915-ci il olaylarına bağlamaq elə erməni “dəliliyidir”

“Avetik”. Filmdə alman irqçiliyindən 1989-cu il erməni zəlzələsinə və 1915-ci il hadisələrinə qədər bir çox hadisələrə istinadlar var. 1915-ci il hadisələri, nasist əsgərləri və Qarabağ münaqişəsinin təqdimatında Hitler faşizmi ilə “Türk barbarlığı” arasında paralellər aparılır. Əlbəttə ki, bu, absurddur. Ermənilər özləri faşistlərlə əlaqə quran millətdir. Nasistlərin “yeni nizam anlayışı” ilə ermənilərin Tseğakronizmi arasında bənzərlik var. Bu film də əməllərinin ortaya çıxmasından qorxan ermənilərin qabaqlayıcı tədbirləridir. Əslində, film haqqında rəylərdə “türklər tərəfindən soyqırımı”nın qeyd olunması bu səbəbə işarə edir. Filmdə təlqin edilən fikirlərlə bağlı “The Japan Times”da dərc olunan məqalə dürüst və yaxşı nümunə kimi ermənilərin film yaradıcılığının məqsədli olduğunu ortaya qoyur: “…Bunlara Avetikin mühacirətdəki həyatındakı düşüncələri daxildir; Alman irqçiliyi, ermənilərin 1915-ci ildə türklər tərəfindən “soyqırımı” (Holokost ölçüsündə dəhşətli bir hadisəmi?), 1989-cu ildə böyük dağıntılara səbəb olmuş zəlzələ” qətiyyən bir- birilə müqayisə ediləcək məsələlər deyil”.

“Dağlıq Qarabağ: Erməni tarixinin üçüncü və dördüncü cildi” (Nagorny Karabakh: The Third and Fourth Volume of the Armenian History). 1988-ci ilin istehsalı olan sənədli filmdə Azərbaycan dövləti tamaşaçıya hayların nöqteyi-nəzərindən çatdırılır və dövlətimizin erməni torpaqlarında qurulduğu iddia edilir. Dağlıq Qarabağla bağlı gedən proseslər təhrif olunur, erməni torpağı, Azərbaycan qanunsuz dövlət kimi təsvir olunur. İddialara görə, rejissor Askaryan 1988-ci ildə Qarabağda bunları gizli şəkildə lentə alıb və bəzi görüntüləri oğurlayıb. Sənədli filmdəki mitinq epizodlarının mövzuya heç bir aidiyyəti yoxdur. Azərbaycan türklərinə qarşı ittihamlar səslənir, Azərbaycanın xeyli hissəsini işğal etmiş ermənilər “qurban” kimi göstərilir. Filmdə təcavüz, işgəncə və qətl görüntüləri də var ki, bunların, guya, azərbaycanlılar tərəfindən törədildiyi bildirilir.

“Köhnə Roma yolunda” (On the Old Roman Road) filmi Askaryanın son layihələrindən biridir. Filmdə Rotterdamda (Niderland) yaşayan bir erməni yazıçısı Levonun yaşantıları anladılır. Yəni Levonun keçmişi ilə indiki həyatı arasındakı yola nəzər salınır. Onun keçmişində bir-birinə zidd o qədər fərqli şeylər xatırlanır ki… Bir Türk polisi, qırmızı saçlı bir qız, onun türklərin cəsədlərini soyan qohumu, təzyiq, göz yaşı, dəvə, it və s. Burada günahkar yenə Türkiyə və Azərbaycandır.

***

Erməni filmləri əsasən diaspor təşkilatlarının məhsulu olduğundan baxış da orada illərcə formalaşan düşmənçilik hisslərinin ifadəsidir. “Vətənimiz Ermənistan” filmində olduğu kimi. Filmlərin əksəriyyəti erməni dilində çəkilir, amma başqa dillərə tərcümə edilərkən (ingilis, rus, alman və ya fransız dillərinə) subtitrlərlə təqdim olunur. Ortada fərq də hiss olunur. Ermənicə versiyada daha çox nifrət aşılanır. “Əfsanə” (Legacy) 23 dəqiqəlik sənədli filmində türklərin ünvanına nə qədər kobud ifadə varsa, tapmaq mümkündür. Son zamanlar, xüsusən 2020-ci il müharibəsindən və Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəndən sonra ermənilərin kino taktikası da dəyişib. Buna qədər daha çox 1915-ci il olayları əsas mövzu idisə, indi İkinci Qarabağ savaşı və “əzabkeş” erməni obrazıdı. Ermənistanda və xaricdə belə filmlər hər il çəkilir. Bu da onu göstərir ki, ermənilərin xalqımıza qarşı kin və nifrət aşılama ideologiyası dəyişməz olaraq qalır.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri



Siyasət