Dərslik yeni nəslin bilik nizamnaməsidir

post-img

Tarixi doğru yazmaq, dürüst öyrətmək isə milli yaddaşı kamilləşdirir

Ulu öndər Heydər Əliyev daim xatırladırdı ki, xalq gərək öz kökünü, tarixini yaxşı bilsin. Azərbaycan xalqı şanlı tarix yaradıb, yurdunu qoruyub, kimliyini yaşadıb. Lakin bəzən bu tarix məktəb dərsliklərində lazimi səviyyədə əks olunmur. Qəhrəmanlar, dövlət xadimləri, tarixi hadisələr haqqında bilgilər köhnəlmiş, lüzumsuz elmi məlumatlar toplusunu xatırladır.

Bir çox hallarda eyni mövzu ayrı-ayrı dərsliklərdə fərqli verilir. Məsələn, əvvəllər Qafqaz Albaniyasının Aquen kilsə məclisinin 488-ci ildə keçirildiyi göstərilirdi. Lakin sonradan müxtəlif illərdə nəşr olunan tarix kitablarında hadisənin ili, hətta Alban hökmdarı III Vaçaqanın hakimiyyət dövrü də fərqli qeyd olunub. Bir yanlışlıq da sovet tarixşünaslığının təsirinin bəzi dərsliklərin strukturunda, dilində və hadisələrin izahında hələ də qalmasıdır. O dövrdə əsas məqsəd tarixi xalqın yox, imperiyanın marağına uyğun yazmaq olmuşdu. Azərbaycan torpaqlarının bölünməsi, müstəqillik hərəkatları və ya din-tarix münasibətləri kimi məsələlər ideoloji süzgəcdən keçirilərək təqdim olunub.

Dövlət müstəqilliyimiz tələb edirdi ki, dərsliklərdə hadisələr düzgün, dəqiq təqdim olunsun. Çünki tarix yanlış faktları deyil, düzgün məlumatları özündə yaşadır. Təəssüf ki, bəzi hallarda tarixə qiymətdə buraxılan səhvlər bütöv bir nəslin hadisələri yanlış anlamasına gətirib çıxarır. Bu, xüsusilə qədim dövrlərin tarixində, Qafqaz Albaniyası, Atropatena, erkən orta əsr dövlətləri ilə bağlı mövzularda daha çox rast gəlinir. Yeni nəsil tarixin dərinliyində milli kimliyini görə bilmir.

150 saylı orta məktəbin tarix müəllimi Elmir Nəsirov qeyd edir ki, bugünkü dərsliklərdə bir çox məlumatlar nəinki elmi baxımdan ziddiyyətlidir, həm də bir-birini təkzib edir. Fərqli siniflərdə eyni hadisənin iki müxtəlif izahına rast gəlirik:

– Məsələn, VI sinif dərsliyində Manna ilə Assuriya arasında imzalanan Sirdakka müqaviləsi barədə qeyd olunur ki, Manna Assuriyaya ərzaq yardımı göstərib, lakin X sinif dərsliyində həmin hadisə xərac göndərilməsi kimi təqdim olunur. Bundan əlavə, 2018-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuş, ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün “Azərbaycan tarixi” dərsliyində də uyğunsuzluqlar var.

Kitabın 182-ci səhifəsində Yeni Azərbaycan Partiyasının yaranması barədə yazılır:

“Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər 1992-ci ilin oktyabrın 16-da “Səs” qəzetində “Heydər bəyi biz çağırmalıyıq!” adlı müraciətlə çıxış etdi”. Qəzetdə bu müraciətin əsl adı “Azərbaycan Sizin sözünüzü gözləyir” olmuşdur. Yəni bir söz, ifadə fərqi, əslində, bir tarixi məqamı dəyişir.

Bundan əlavə, Ziya Bünyadovun tədqiqatlarında alban hökmdarı Cavanşirin hakimiyyət illəri ilə bağlı ziddiyyətli nüanslar yer alır. Bir vaxtlar dərsliklərdə Cavanşirin hakimiyyətinin 638-ci ildən başladığı göstərilirdi. Sonradan bu tarix 640, daha sonra 642-ci ilə dəyişdirildi. Eyni hal onun ölüm tarixi ilə bağlı da müşahidə olunur: əvvəl 670, sonra 680, sonra da 681-ci il qeyd olunur.

Elmi tədqiqatlar nəticəsində bəzi düzəlişlər qaçılmazdır, amma məsələ odur ki, bu dəyişikliklər izahsız təqdim olunur.

Şagirdin bir il əvvəl oxuduğu məlumat növbəti sinifdə dəyişir, lakin bu fərqin səbəbi, mənbəyi və elmi əsaslandırması izah edilmir. Nəticədə, uşaq tarixə şübhə ilə yanaşmağa başlayır.

X sinif “Azərbaycan tarixi” dərsliyinin müəlliflərindən biri olan Kamran Əsədov bildirir ki, Azərbaycanda tarix dərsliklərinin məzmununda uzun illərdən bəri mövcud ideoloji qalıqlar, faktoloji uyğunsuzluqlar və elmi təhlilin səthi təqdimatı ölkənin elm və təhsil sisteminin keyfiyyətinə birbaşa təsir göstərir:

– Bu, təkcə metodik və ya redaktə problemi deyil, milli ideoloji, elmi və tarixi yaddaşın formalaşmasına təsir edən strateji məsələdir. Dərsliklərdə hələ də sovet dövründən qalma ideoloji çalarların, tarix hadisələrinin birtərəfli izahlarının və yeni arxiv materiallarının məhdud istifadəsinin müşahidə olunması təhsilin müasir elmi reallıqlarla ayaqlaşmasında ciddi boşluq yaradır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd edilir ki, təhsil məzmunu “milli və ümumbəşəri dəyərlər əsasında qurulmalı, müstəqil düşüncə və vətəndaş məsuliyyəti formalaşdırmalıdır”. Bu prinsiplərin tam icrası üçün dərsliklərin ideoloji deyil, elmi-faktoloji əsaslı olması vacibdir.

Statistik göstəricilərə əsasən, hazırda orta və ali təhsil müəssisələrində istifadə edilən tarix dərsliklərinin təxminən 60 faizi 2010-cu illərdə tərtib edilmiş versiyalardır. Onların əksəriyyəti 15–20 il əvvəl yazılmış materiallara əsaslanır. Elm və Təhsil Nazirliyi son illərdə müəyyən yeniləmələr aparsa da, dərsliklərin elmi bazası köklü şəkildə dəyişməyib. Bunun nəticəsində bir çox hadisələr, xüsusilə XIX–XX əsrlərdə baş verən siyasi proseslər, milli azadlıq hərəkatları, Cənubi Qafqazda etnik münasibətlər, Səfəvilər dövrü və müstəqillik mərhələləri ya natamam, ya da sovet tarixşünaslığının təsiri ilə formalaşmış narrativlər əsasında təqdim olunur.

Sovet ideologiyasının qalıqları xüsusilə VII-XI sinif dərsliklərində hiss olunur. Məsələn, bəzi bölmələrdə “Sovet hakimiyyətinin bərqərar olması” anlayışı hələ də “xalqın iradəsinin ifadəsi” kimi təqdim olunur, halbuki elmi faktlar bunun silahlı müdaxilə və siyasi təzyiq nəticəsində baş verdiyini sübut edir. Bu cür ideoloji qalıqlar təkcə tarixi təhrif etmir, həm də gənc nəsildə yanlış siyasi və sosial düşüncə formalaşdırır.

Bu vəziyyətin yaranmasının bir səbəbi də universitetlərdə elmi-tədqiqat fəaliyyətinin zəif olmasıdır. Ali məktəblər dərsliklərin və tədris proqramlarının yenilənməsində təşəbbüskar olmalıdır, lakin bir çox hallarda bu, formal xarakter daşıyır. Tədris yükünün çoxluğu, tədqiqat mədəniyyətinin zəif təşviqi və akademik məsuliyyətin məhdudluğu nəticəsində yeni elmi faktlar dərsliklərə daxil edilmir. Buna baxmayaraq, Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə mühüm islahatlara başlayıb. Dərslik siyasəti yenilənir, ekspert rəyləri cəlb olunur, “Dərsliklərin qiymətləndirilməsi sistemi” tətbiq edilir və elmi institutların iştirakı artırılır. Bu addımlar dərsliklərin elmi dəqiqliyinin və məzmun keyfiyyətinin yüksəlməsi baxımından mühüm mərhələdir.

AMEA-nın Tarix İnstitutu tərəfindən son illərdə nəşr olunan “Azərbaycan tarixi – 7 cilddə”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və “Zəngəzur – tarixi həqiqətlər” kimi fundamental əsərlər dərsliklərin elmi məzmunu üçün əsas baza rolunu oynayır.

VIII sinif şagirdi Məsim Məsimov deyir ki, bir neçə ildir ki, Azərbaycan tarixi fənnini öyrənirəm. Bəzən eyni hadisə barədə fərqli məlumatlar oxuyuram. Axı tarix bir dəfə yaşanır:

– Dərsdə bəzən müəllimlər əvvəlki illərdə danışdıqları mövzulara qayıdır, deyirlər ki, “bu, yeni məlumatdır”, amma mən anlamıram necə olur ki, bir dövlətin eyni hadisəsi birdən-birə başqa cür olur? Bəs, hansı məlumatı yadda saxlayaq, imtahanda hansı cavabı yazmalıyıq? Düzgün, dəqiqləşdirilmiş və izah edilmiş tarix lazımdır ki, onu əzbərləməyək, anlayaq və yadda saxlayaq. Yuxarıda deyilənlər bir daha təsdiq edir ki, tarix dərsliklərinin yenilənməsi günün tələbi, milli düşüncənin yenilənməsidir. Bu prosesdə tarixçi alimlər, pedaqoqlar, dilçilər, metodistlər, hətta psixoloqlar da iştirak etməlidirlər. Unutmaq olmaz ki, şagirdə tarixi hadisəni düzgün öyrətmək o hadisənin mənəvi yükünü, milli kimlikdəki yerini anlatmaqdır.

Ləman TƏHMƏZ
XQ

Sosial həyat