Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin iştirakı və nitqi dövlətimizin başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Dövlət başçısı çıxışında ulu öndər Heydər Əliyevin dövlətçilik zəkası, uzaqgörən siyasəti və milli düşüncəyə əsaslanan yanaşması nəticəsində ölkədə elmin inkişafı üçün möhkəm ideoloji, maddi və institusional baza formalaşdığını vurğuladı.
Ümummilli liderin elmə və alimlərə tarixi qayğı və diqqətinin bu gün də davam etdiyini, yaşadığını, yeni formalarla zənginləşdiyini diqqətə çatdıran Prezident qeyd etdi ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.
Dövlət başçısının çıxışındakı məqamlar həmin dövrü gözlərim önündə canlandırdı, o unudulmaz hadisələrin şahidi kimi xatirələrimi bölüşmək istədim. Öncə onu deyim ki, Azərbaycan tarixində bir epoxa olan, xalqın tarixi müqəddəratında həlledici rol oynayan, adı tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi qayğı göstərirdi.
Yaradan ona elə bir fitri istedad vermişdi ki, o, hər sahəni mükəmməl bilirdi. Əvvəlcə bu sahələrdən birinə – folklora münasibətindən söz açmaq istəyirəm. Ulu öndərin folklor haqqında heyrətamiz bələdliklə mülahizələr yürütməsi, məsələnin kökünə nüfuz etməsi, onun fitri istedadından və milli-mənəvi dəyərlərimizə tükənməz məhəbbətindən qaynaqlanırdı.
Əminliklə deyə bilərik ki, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və tükənməz enerji mənbəyi “Kitabi-Dədə Qorqud” o dahi şəxsiyyətin sayəsində layiqli yerini tutdu. Yaşlı nəsil unutmayıb ki, keçən əsrin 40–50-ci illərində “Kitabi-Dədə Qorqud” yasaq edilmişdi. Həmid Araslı və Məmmədhüseyn Təhmasib akademik V.Bartoldun ruscaya çevirdiyi “Kniqa moeqo Deda Korkuda” kitabını 1950-ci ildə Bakıda Elmlər Akademiyası nəşriyyatında çap etdirdiklərinə, Əbüləzəl Dəmirçizadə uşaqlar üçün “Dədə Qorqud” mövzuları əsasında “Qaraca Çoban” pyesi yazdığına, Səməd Vurğun şair fəhmi ilə bu ölməz abidənin işıqlı gələcəyini görərək onu “Gələcəyin toy-bayramı” şeirində tərənnüm etdiyinə görə, başları çox bəlalar çəkdi. Əvvəlcə partiya yığıncağında kəskin tənqid olundular, 1951-ci ilin may ayında isə Yazıçılar İttifaqının iclasında “səhvlərini” etiraf etsələr də, az qala onları pantürkist damğası ilə həbs edəcəkdilər.
Ulu öndər “Kitabi-Dədə Qorqud”a yazdığı “Ön söz”də göstərir ki, o dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmazdı ki, orada “Dədə Qorqud” tənqid olunmasın. Eposa qadağa damğası vurulmuşdu.
Eposun elmi-ədəbi fikir dövriyyəsinə daxil olmasında Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Tədqiqatçıların qeyd etdiyi kimi, Ulu öndərimiz hakimiyyətə yenidən qayıtdıqdan sonra milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşqun “Kitabi-Dədə Qorqud” dövrü başladı. Xalq şairi Zəlimxan Yaqub deyirdi ki, “Manas”ın 1000 illik yubileyində Ulu öndərimiz də iştirak edirdi.
Təntənəli yığıncaqdan sonra bizə ayrılmış çadırlara yenicə gəlmişdik ki, dedilər, Heydər Əliyev hamımızı öz çadırına çağırır. Getdik. Onun ilk sözü bu oldu: “Kitabi-Dədə Qorqud”un başlanğıc cümləsi necədir? Şübhəmiz yox idi ki, Ulu öndər onu bizdən də yaxşı bilirdi. Bununla belə, dedik: “Rəsul Əleyhissəlamın zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər qopdu”. Sonra məlum oldu ki, öndərimiz o söhbəti təsadüfi salmamışdı.
Bakıya qayıdandan sonra Heydər Əliyev “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi barədə 20 aprel 1997-ci il tarixli fərman imzaladı. Dövlət səviyyəsində tədbirlər planı tutuldu. Alimlərin 3 illik fəaliyyətinin nəticəsində ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası meydana gəldi.
Dövlət başçısı bu möhtəşəm eposu “Ön söz”də yüksək dəyərləndirərək yazırdı: “Dünya qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. “Kitabi-Dədə Qorqud”un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir...”
Onu da deyim ki, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin ümumdünya miqyasında keçirilməsi barədə UNESCO-nun qərarı vardı. 2000-ci ildə keçirilən yubiley tədbirində Heydər Əliyev geniş məruzə ilə çıxış etdi. “Kitabi-Dədə Qorqud”un Azərbaycan xalqına məxsus olmasının təsdiqi Ulu öndərimizin ən böyük xidmətlərindən biri idi.
Unudulmaz şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri də Novruz bayramının dövlət səviyyəsində bayram edilməsinə rəvac verməsi idi. 1979-cu ildə İçərişəhərin Qoşa Qala Qapısı meydanında möhtəşəm Novruz bayramı şənlikləri keçirildi. Ulu öndərimiz dövlət rəsmiləri və cənab İlham Əliyevlə meydandan keçib gedirdi. Onlar da dayanıb səsləndirilən aşıq mahnısını axıra qədər dinlədilər.
Ümummilli lider Heydər Əliyev milli muğamı da, klassik musiqini də, aşıq musiqisini də çox sevirdi. Aşıq sənətini yüksək qiymətləndirirdi. Təsadüfi deyildir ki, “Aşıqlar Birliyi” və “Aşıq Pəri məclisi” onun xeyir-duası ilə yaranıb. Aşıq Ələsgərin, Aşıq Alının, Aşıq Şəmşirin yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalamışdı. Aşıq Ələsgərin 150 illiyinin Moskvada “Qurultaylar sarayı”nda keçirilməsi əlamətdar hadisə idi. Aşığın poeziyası Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə edilərək kitab halında çap olundu və rus oxucularına təqdim edildi.
Böyük rəhbər görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsini zəruri sayırdı. Xüsusi vurğulayırdı ki, yubileylərin keçirilməsi bir tərəfdən onların xalq qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən xalqın zənginliyini nümayiş etdirməkdir. Ümumxalq məhəbbəti qazanan, hamının intizarla gözlədiyi “Ozan” və “Bulaq” verilişləri də Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə yaranmışdı. “Ozan” televiziya verilişinin Dövlət mükafatına təqdim edilməsi çox mətləblərdən xəbər verirdi.
Ulu öndərin folklorumuza olan dərin məhəbbətinin nəticəsi əvvəlcə “Folklor elm mərkəzi”nin (1994), sonralar isə analoqu olmayan “Folklor İnstitutu”nun yaradılması (2003) oldu. Folklor İnstitutunda “Dədə Qorqud” şöbəsi yarandı və “Dədə Qorqud” jurnalı nəşrə başladı. İndi institutda “Aşıq yaradıcılığı”, “Mərasim folkloru”, “Türk xalqları”, “Folklor və yazılı ədəbiyyat”, “Cənubi Azərbaycan folkloru” və başqa şöbələr fəaliyyət göstərir və öndərimizin həmişə diqqət mərkəzində olan milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yolunda müstəsna işlər görülür.
Ötən il dahi Füzulinin 530 illiyi ilə əlaqədar möhtərəm Prezidentimizin verdiyi sərəncam ulu öndərimiz Heydər Əliyevin kursunun əbədiliyinin göstəricisidir. İkinci xatirəm bununla bağlıdir. 1994-cü ildə Füzulinin 500 illik yubileyi ərəfəsində qərb dövlətləri İraq Respublikası nefti milliləşdirdiyinə görə başqa ərəb ölkələrinə görk olsun deyə onu cəzalandırmaq qərarına gəlmişdi. Ölkə elə blokadaya alınmışdı ki, İraq başqa ölkələrə hava-su kimi lazım olan neftini də sata bilmirdi. Ölkə ağır maliyyə çətinlikləri ilə üzləşmişdi. Bu səbəbdən bəzi ölkələrdə, eləcə də Azərbaycanda səfirliyini bağlamaq qərarına gəlmişdi...
Filarmoniyada yazıçıların qurultayının keçirildiyi vaxt mərasimin başlamasına az qalmış təəssüflə ürəyimdən keçirdim: “Bu qurultayımız Heydər Əliyevsiz keçirəcəyimiz yeganə qurultay olacaq”. Elə bu vaxt kimsə arxadan qışqırdı: “Heydər Əliyev gəlir!” Hamı ayağa qalxıb sürəkli alqışlarla həmişə yazıçıların dayağı olmuş bu görkəmli şəxsiyyəti layiq olduğu səviyyədə qarşıladı. Nəhayət Heydər Əliyev əlini qaldıraraq sakitləşməyi xahiş etdi. Yazıçılar Birliyinin sədri Anar Ulu öndəri Rəyasət Heyətinə dəvət etdi. Heydər Əliyev: “Anar, mən oradan zala çox baxmışam. Bu dəfə zaldan Rəyasət Heyətinə baxmaq istəyirəm” – deyib zalda əyləşdi.
Şair Məmməd Aslan başda olmaqla bir qrup dayanmadan qışqırdı: “Heydər Əliyev Rəyasət Heyətinə dəvət olunsun!” Anar müəllim dedi ki, Məmməd, sakit olun! Qərar Heydər Əliyevindir.
Qurultayın gedişində millət atası son aylar Füzulinin mavzoleyinin sökülməsi və qəbrin düzəldilməsi barədə mətbuatda yer alan söz-söhbətə də toxunuldu. Bəziləri tələb edirdi ki, Füzulinin nəşi Azərbaycana gətirilsin. Onlar dövləti fəaliyyətsizlikdə günahlandırırdı. Heydər Əliyev dedi ki, əvvəla, bu, çox çətin məsələdir. Məlumdur ki, Füzuli İraqda anadan olub, orada yaşayıb-yaradıb, orada da dünyasını dəyişib. O, İraq şairi kimi tanınır. Bu işə dövlətin qarışması münasib deyil. Siz yazıçılar, ziyalılar, alimlər müraciət edə bilərsiniz...
Müraciət forması üzərində qızğın mübahisələr başladı. Hər ağızdan bir avaz çıxırdı. Mübahisəyə Heydər Əliyev qarışmalı oldu: “Bu işi Teymur Əliyev (şair Teymur Elçin) yaxşı bilir. O buradadırmı?” Teymur Əliyev ədəb-ərkanla ayağa qalxıb: “Bəli, Heydər Əliyeviç, burdayam!”–dedi. Teymur müəllim elə bir müraciət forması irəli sürdü ki, kimsə etiraz etmədi. Qurultay bitəndə Heydər Əliyevi uzun sürən sürəkli alqışlarla yola saldıq. Mənə görə bu, ən yaxşı qədirşünaslıq əlaməti idi.
Vaxt keçdi. Çox hadisələr baş verdi. İraq səfirliyinin bağlanmasına görə də məsləhət görüldü ki, İraq Prezidentinə ziyalılar müraciət etsin. Səfirlik və ziyalılarımızla əlaqə uzun müddət İraqda işləmiş bir adam kimi mənə həvalə olundu. Müraciətimiz İraq Prezidentinin çox xoşuna gəlmişdi. İraq səfirliyi Azərbaycanda fəaliyyətini davam etdirdi.
Ulu öndər dəyirmanda un, tabaqda çörək, xəzinədə pul çox az olan bir vaxtda, 1994-cü ilin sentyabrında 128 nəfərdən ibarət nümayəndə heyətinin Füzulinin 500 illik yubileyində iştirak etmək üçün avtobuslarla İraqa getməyinə göstəriş verdi. İraq tərəfi blokada şəraitində olsa da, nümayəndə heyətini məmnuniyyətlə qəbul etdi. Bizə hər cür şərait yaradıldı. Noyabrın 2-də isə Ankaraya Füzulinin yubileyinə Heydər Əliyevin təyyarəsində getdik.
Hər dəfə ümummilli lider Heydər Əliyev haqqında düşünəndə iftixar hissi keçirirəm ki, mən də bu nadir tarixi şəxsiyyətin soydaşıyam. Ulu öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə onun titanik fəaliyyətini izləmək, adı və əməlləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu dahi insanın xalqımız qarşısında, dövlətçiliyimizin dirçəldilməsi və möhkəmləndirilməsində misilsiz xidmətlərinin şahidi olmaq kimi xoşbəxtliyi mən də yaşamışam.
Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin də böyük əhəmiyyəti var idi. Sərəncam bizə imkan verdi ki, ağır vaxtlarda ölkəmizin taleyinə cavabdehlik missiyasını şərəflə, sədaqətlə yerinə yetirən müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyat yolu ölkəmizin çağdaş siyasi tarixi ilə ortaqlaşmış Heydər Əliyevin gördüyü möhtəşəm işlərin miqyasına bir daha nəzər salaq.
İlboyu davam edən yubiley ab-havasında ziyalılar, qələm sahibləri, elm adamları, Ulu öndərin sədaqətli silahdaşları, rəhbərliyi altında işləmiş ağsaqqallar, bir daha bu dahi şəxsiyyət haqqında qədirşünaslıq əlaməti olaraq söz demək, məqalələr, kitablar, monoqrafiyalar yazmaq imkanı əldə etdilər. Bir daha aydın oldu: Heydər Əliyev elə bir sahilsiz ümman, elə bir möhtəşəm abidədir ki, onun miqyası, çəkisi, önəmi zaman keçdikcə daha yaxından görünəcək, daha dərindən dərk ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasında Ulu öndərin 100 illiyinə həsr olunmuş Elm günündə söylənənlər zamanın Heydər Əliyev dühasına qiymətinin yeni bir səhifəsi kimi yaddaşlarda qaldı. Çıxış edən akademiklərdən İsa Həbibbəyli, geoloq alim Akif Əlizadə, heykəltaraş Eldar Ömərov, Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman Ulu öndərin gördüyü misilsiz işlərdən, Prezident İlham Əliyevin Ümummilli liderin kursunu sədaqətlə davam etdirməsinin uğurlu nəticələrindən məhəbbətlə danışdılar.
Toy-bayrama çevrilən Elm günündə bir çox alimlərimizin, xüsusən də akademiklərin “Heydər Əliyev – 100” medalı və başqa nominasiyalar üzrə təltif olunması mərasimə ikiqat təntənə gətirdi. Mən isə əsərlərinə ən çox istinad edilən alim kimi “İstinadda rekord” diplomu ilə təltif olundum. “Heydər Əliyev İli”ndə mükafat almağıma sevinirəm.
Bir xatirəmi də danışım. Az adam bilir ki, Ulu öndər mənim də taleyimdə müstəsna rol oynayıb. Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində IV kurs tələbəsi olarkən xaricdə tərcüməçi işləmək üçün sənəd hazırlamışdım. İkinci Dünya müharibəsi vaxtı atam neytral dövlət olan İsveçrəyə gedib çıxmışdı. O, əsir düşməmişdi, bununla belə, sovet quruluşunun belə hallara qarşı amansızlığını göz önünə gətirəndə şansımın az olduğunu düşünürdüm.
On iki il Ulu öndərin rəhbərliyi altında işləmiş general və gözəl yazıçı Yasif Nəsirli şahid idi ki, Heydər Əliyev mənim həmin sənədlərimi diqqətlə oxuyub imzaladı və dedi: “Gəncdir, qoy getsin, inkişaf etsin”.
Ümummilli liderin şəxsiyyətinə və gördüyü möhtəşəm işlərə dərin hörmət və sonsuz məhəbbətimi əvvəllər də, “Heydər Əliyev İli”ndə də etdiyim məruzələr, yazdığım çoxsaylı məqalələr və Ulu öndər epoxasına, İlham Əliyevin liderliyinə həsr etdiyim, akademik İsa Həbibbəylinin “Xilaskardan xilaskara” adlı ön sözü ilə çap olunan “Xilaskarlar” kitabımda göstərməyə çalışmışam. Mətbuatda yüksək qiymətləndirilən, Milli Kitabxanada təqdimatı keçirilən “Xilaskarlar” kitabım 2022-ci ildə Tehranda “Naqus” nəşriyyatında da çap edildi.
“Heydər Əliyev İli”ndə Ulu öndər haqqında Tovuz rayon ziyalıları və fəalları qarşısında, AMEA-nın Ədəbiyyat İnstitutunda, BDU-nun Ümummilli liderə həsr olunan yığıncağında, BDU-nun informasiya və sənət menecmenti fakültəsində, Azərbaycan Universitetində, Məhkəmə Ekspertiza Mərkəzində, Milli Kitabxanada, Yazıçılar Birliyində və başqa mötəbər müəssisələrdə məruzələrlə çıxış etmişəm. AMEA-da akademiyanın müxbir üzvü, professor Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatında da məruzə etmişəm.
“Heydər Əliyev İli”ndə Yazıçılar Birliyinin hazırladığı, Azərbaycanda və Türkiyədə çap olunan “Ədəbi ömrün yüz ili” və “Azərbaycan reallığında Heydər Əliyev epoxası” kitablarında məqalələrim çap olunub. Bundan əlavə, professor Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabı haqqında mətbuatda “İbrətamiz və bənzərsiz əsər” adlı məqaləm, “Heydər Əliyev və İlham Əliyev Nostradamusun görücülüyündə” adlı yazım işıq üzü görüb. Ümummilli lider haqqında yazılarımı indi də davam etdirirəm. “Ulu öndər və unudulmaz xatirələr” məqaləm çap olunub.
Ulu öndərlə bağlı xatirələrim çoxdur. Əsasən də doğma kəndim Düzqırıxlıda (Tovuz rayonu) keçən əsrin 70-ci illərində Ulu öndərin 3 dəfə (1975, 1977, 1980) respublika üzümçülərinin zona müşavirəsini keçirərkən baş verən maraqlı hadisələr barədə “Xilaskarlar” kitabımda ətraflı söhbət açmışam. Onu da deyim ki, Ulu öndər yeni bir üzüm sortunu bizim kənddə Xəlfəqulu oğlu Abbasın sahəsində əkmişdi.
Ümummilli lider Abbas kişinin bol məhsullu üzüm sahəsində olarkən demişdi: “Ağsaqqal, biz Bakıdan gəlmişik, nəyə ehtiyacın var, arzun nədir?” Abbas kişi demişdi: “Qadan alım, heç nəyə ehtiyacım yoxdur. Arzum isə odur ki, gedək qonağım ol, beş-altı toğlum var, birini kəsim. Siz gedəndən sonra qürrələnim ki, böyük bir adam qonağım olub”. Heydər Əliyev ürəkdən gülərək söyləmişdi: “Bizim böyük olduğumuzu haradan bildin?”. Cavab belə olmuşdu: “Qadan alım, bunu bilməyə nə var ki? Yaşım 70-dən yuxarıdır, ömrümdə bir kişinin başına bu qədər adam yığışdığını görməmişəm”. Ulu öndər yenə ürəkdən gülmüş və demişdi: “İndi tələsirik. Çalışaram, gələn dəfə qonağın olum”.
Kitabda əksini tapmayan ibrətamiz bir məsələdən də danışmaq istərdim. Ulu öndər yüksək vəzifədən kənarlaşandan sonra onun portretlərini hər yandan kənarlaşdırırdılar. Kiçik qardaşım Ələsgər müəllim Ulu öndərin portretlərini iki kənd orta məktəbindən, sovxoz və kənd soveti idarələrindən, xəstəxanadan, sənət məktəbindən, Heydər Əliyevin Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirdiyi klubdan yığaraq evinə gətirmişdi. Portretləri bir otağa yığmışdı. Özü də o otaqda yatırdı. Maraqlıdır ki, Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə gələndə həmin portretlər əvvəlki yerini bəzədi. Onu da deyim ki, nəslimizdə Ulu öndərə məhəbbət sahilsiz ümmana bənzəyir. Ələsgər müəllimin qızı, mərhum deputat Qənirə Paşayeva belə bir mühitdə böyümüşdü.
Mənim də başıma heç vaxt unutmayacağım bir hadisə gəlib. BDU-nun tarix fakültəsində dərs deyirdim. Ağır vaxtlar idi. Ölkə çalxalanırdı. Milli-mənəvi dəyərlər tapdanırdı. Bir gün 2 gənc tələbəm – Müşfiq və Elnur sual verdilər: “Müəllim, ölkədəki vəziyyətdən nicat yolunu nədə görürsünüz?”. Mən fikirləşmədən dedim: “Ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər”. O vaxt Ulu öndər hələ Naxçıvanda idi. Bu qənaətimə görə məni təqib etdilər. Ünvanıma nalayiq sözlər yağdırdılar, düz bir ay dərsimi pozdular...
Möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi alimlərimizin ilhamla, coşqunluqla yazıb-yaratmağına stimul oldu. Yubileyin səngiməyən dalğası Ulu öndərin anadan olmasının 102-ci ildönümü günlərinədək sonsuz sevgi-sayğılarla davam etdi.
Ümummilli lider Heydər Əliyevi xalqımıza bəxş etmiş tarixi günün bu il də coşqu və qədirbilənliklə qeyd edilməsi xalqımızın öz əbədi liderinə sevgi və ehtiramının növbəti ifadəsidir. Onun elm adamlarına, dilimizə göstərdiyi müstəsna diqqət və qayğı hər bir ziyalının yoluna işıq tutub və bu işıq hələ uzun illər xalqımızın, o cümlədən elm adamlarımızın yolunu aydınladacaq.
Qəzənfər PAŞAYEV,
Əməkdar elm xadimi, professor

