Noyabrın 17-də Tbilisidə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Xırdalan Musiqi Məktəbinin birgə təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, konsertin təşkilində məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini və musiqisini təbliğ etmək, eyni zamanda, Azərbaycan-Gürcüstan mədəni əlaqələrini daha da möhkəmləndirməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə çıxışında qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu tədbir də onlardan biridir.
O deyib ki, bu il, xüsusən də noyabr ayında Gürcüstanda şanlı Zəfərimizin beşillik yubileyi, Bayraq Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Milli Dirçəliş Gününə həsr olunmuş bu konsert proqramı da soydaşlarımıza daha bir sevinc yaşadıb.
R.Hacızadə 2020-ci ildə parlaq Qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın rolunu xüsusi qeyd edib.
“Vətən sevgisi sərhəd tanımır və soydaşlarımız bunu öz əməlləri ilə sübut etdilər”, – deyə diplomat vurğulayıb.
R.Hacızadə belə bir tədbirin Gürcüstan paytaxtında keçirilməsinin iki dost və qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini xüsusi qeyd edib.
Sonra məktəbin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Onların ifa etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslərimiz tamaşaçılara xoş ovqat bəxş edib.

