Yaşıl çay için, qoz yeyin
ABŞ-ın Harvard, İsrailin Ben-Qurion və Almaniyanın Leypsiq universitetlərinin apardığı birgə araşdırma sağlamlıq üçün önəmli bir yeniliklə nəticələnib. Sən demə, yaşıl çay, qoz və manqay bitkisi insan beyninin qocalmasını ləngidir.
18 ay davam edən tədqiqata 300-ə yaxın yaşlı insan cəlb edilib. Onları müxtəlif pəhriz qruplarına bölüblər. Sonda “Aralıq dənizi pəhrizi”nə əməl edənlərdə beyinin daha gənc qalması aşkar edilib. MRT müayinələri də bu adamların başlarının içi yaşlarına nisbətən cavan qaldığını göstərib. O da məlum olub ki, bu qrupda beyin qocalmasına təsir edən qalyektin-9 zülalı xeyli azalıb.
Alimlər qeyd ediblər ki, yaşıl çay antioksidantlarla, qoz faydalı yağlar və polifenollarla zəngindir. Dünyanın ən kiçik yarpaqlı tərəvəzi olan manqay isə özündə B12 vitaminini və dəmirin asan mənimsənilən formalarını cəmləşdirib. Bu maddələr iltihab təhlükəsini azaldır, yaddaşı və qavramanı gücləndirir. Yaşıl çay və qoz manqaysız da beyin üçün olduqca faydalıdır.
Vüsalə BAYRAMOVA
XQ

