Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş “Seyid Əzim Şirvaninin Azərbaycan maarifçiliyində rolu” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Prezident sərəncamında böyük maarifçi şairin öz xalqı qarşısında xidmətlərinə verilən yüksək dəyəri xatırladaraq bildirib ki, Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Şair sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında olmuşdur.
Seyid Əzim Şirvaninin yaradıcılığı Azərbaycanın ədəbi-mədəni inkişafında xüsusi mərhələ təşkil edir, onun maarifçilik ideyaları bu gün də aktuallığını qoruyub saxlayır. Bu gün biz elm və tərəqqi aşiqi olan bu insan təkcə klassik poeziyada yeniləşmə cərəyanının təşəbbüskarı deyil, həm də cəmiyyətin intellektual yüksəlişinə çalışan maarifçi ziyalı kimi tanıyır və sevirik.
Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov “S.Ə.Şirvani və dövrün ictimai-siyasi prosesləri”, aparıcı elmi işçilərdən dosent Zəfər Kərimov “S.Ə.Şirvaninin həyat və fəaliyyəti haqqında” və dosent Ramil Niftəliyev “S.Ə.Şirvaninin yaradıcılığı və müridizm” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər böyük maarifçinin ədəbi-bədii irsinin ideya istiqamətləri, şeirlərindəki fəlsəfi-ictimai məzmun, eləcə də onun pedaqoji fəaliyyəti barədə ətraflı məlumat veriblər, bu zəngin irsin tarixi önəmini vurğulayıblar.
Çıxış edənlər Seyid Əzim Şirvaninin Azərbaycan maarifçilik ənənələrinin formalaşmasına verdiyi töhfələrdən söz açıblar, onun dövrün köhnəlmiş düşüncə tərzinə tənqidi yanaşmasının milli oyanışda önəmini qeyd ediblər.
Müzakirələrdə maarifçi klassikin elmi-pedaqoji baxışlarının müasir təhsil fəlsəfəsi ilə səsləşən tərəflərinə, maarifçi poeziyanın gənc nəsillərin dünyagörüşünə göstərdiyi məfkurəvi təsirə də diqqət yetirilib.
Dəyirmi masada Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının daha dərindən araşdırılması, onun maarifçilik irsinin yeni nəsillərə daha geniş tanıdılması ilə bağlı təkliflər səslənib.
T.RÜSTƏMLİ
XQ

